UEFA Çempionlar Liqası: “Yuventus” “Portu”nu, “Lester Siti” isə “Sevilya”nı qəbul edir

 UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində “Yuventus” komandası “Portu”, “Lester Siti” klubu isə “Sevilya” ilə cavab oyunu keçirəcək.

Etikxeber.az xəbər verir ki, Turində keçiriləcək oyunda “Yuventus” ilk görüşdəki 2:0 hesablı üstünlüyünü qoruyaraq, onuncu dəfə dörddəbir finalda oynamağa çalışacaq. “Portu” isə yeddinci dəfə dörddəbir final mərhələsinə yüksəlmək üçün ciddi sınaq qarşısındadır. Bu oyun həm də Avropanın, eləcə də dünyanın ən yaxşı qapıçılarından sayılan Canluici Buffon ilə İker Kasilyasın dueli kimi də maraqla gözlənilir.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri oyunla bağlı danışarkən deyib: “Portu gözəl oyun nümayiş etdirəcək. Onlar bu cür matçlarda necə oynamaq lazım olduğunu yaxşı bilirlər və bunu “Roma” ilə pley-offda göstərdilər. Biz elə oynayacağıq ki, sanki ilk görüş 0:0 hesabı ilə başa çatıb və qalib gəlməyə çalışacağıq”.

Günün digər qarşılaşması isə İngiltərədə oynanılacaq. “Lester Siti” komandası səfərdə 1:2 hesabı ilə məğlub olduğu “Sevilya”nı məğlub edərək dörddəbir finala yüksəlməyə çalışacaq. Baş məşqçi Klaudio Ranieri ilə ötən mövsüm tarixi uğura nail olaraq Premyer Liqada çempionluq sevinci yaşayan “Lester Siti” UEFA Çempionlar Liqasında da gözəl oyun nümayiş etdirməkdədir. Lakin “Sevilya” səfərindəki məğlubiyyətdən sonra klub rəhbərliyi K.Ranieri ilə yollarını ayırdı. Sonrakı iki görüşdə qələbə qazanan lesterlilər Premyer Liqada qalmaq üçün mühüm imkan əldə etdilər.

Son səkkiz oyunda məğlub olmayan “Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli “Lester Siti”nin ciddi rəqib olduğunu vurğulayaraq deyib: “Biz meydanda çox güclü “Lester Siti” görəcəyimizi bilirik. Onların “Liverpul” və “Hull Siti” ilə qarşılaşmalarda necə üstün oyun nümayiş etdirdiklərini gördük. “Lester Siti” ötən mövsüm Premyer Liqanın qalibi olan komandadır”.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə martın 15-də keçiriləcək “Atletiko Madrid”-“Bayer Leverkuzen” və “Monaco”-“Mançester Siti” görüşləri ilə yekun vurulacaq. “Bavariya”, “Real Madrid”, “Barselona” və “Borussiya Dortmund” dörddəbir finala vəsiqəni artıq təmin ediblər.

Dörddəbir final mərhələsinin püşkü martın 17-də İsveçrənin Nyon şəhərində atılacaq.

Etikxeber.az

Read Previous

Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib- DƏMX

Read Next

Qarabağ əzəli Azərbaycan torpağıdır – PREZİDENTDƏN ERMƏNİLƏRƏ XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir