UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələlərinin statistikası

Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk görüşləri fevralın 14-15-də keçiriləcək. Bu mərhələdə cavab qarşılaşmaları isə bir həftə sonra – fevralın 21-də və 22-də oynanılacaq.

Etikxeber.az xəbər verir ki, UEFA qitənin ən nüfuzlu klub turnirinin səkkizdəbir final mərhələləri ilə bağlı maraqlı statistika açıqlayıb.

UEFA Çempionlar Liqasının tarixində səkkizdəbir final mərhələlərində ən çox oyun keçirən futbolçu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçu indiyədək 24 qarşılaşmada meydana çıxıb. Onu 23 oyunla Zlatan İbrahimoviç, hər birinin aktivində 22 matç olan İker Kasilyas və Lionel Messi izləyirlər.

Dünyanın ən güclü iki futbolçusu hesab edilən Kriştiano Ronaldo ilə Lionel Messi arasındakı rəqabət bu statistikada da özünü göstərib. Belə ki, səkkizdəbir final mərhələlərində ən çox qol vuran futbolçu Lionel Messidir. Aktivində 20 qol olan argentinalı bu göstərici üzrə portuqaliyalı rəqibini üç top qabaqlayır.

Bu mərhələdə ən çox oyun keçirən klublar isə “Arsenal” və “Real Madrid”dir – 13 görüş. “Çelsi”, “Barselona” və “Bavariya” 12 dəfə səkkizdəbir final mərhələlərində çıxış ediblər. Ən çox qələbə qazanan komanda “Barselona” (17), ən çox məğlub olan klub isə “Arsenal”dır (11).

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələlərində ən çox qol vuran komandalar “Bavariya” (55) və “Barselona”dır (54). Bu göstərici üzrə üçüncü sırada duran “Real Madrid”in aktivində 40 qol var. Ən çox qol buraxan komandalar isə “Arsenal” (32), “Real Madrid” və “Bavariya”dır (hər ikisi 30).

Çempionlar Liqası tarixində səkkizdəbir final mərhələlərində böyük hesablı dörd qələbənin üçü “Bavariya”nın payına düşür. Münxenlilər iki dəfə 7:0 (2012-ci ildə “Bazel”, 2015-ci ildə “Şaxtyor”), bir dəfə isə 7:1 (2009-cu ildə “Sportinq”) hesabı ilə qalib gəliblər. “Barselona” isə beş il əvvəl “Bayer Leverkuzen”i 7:1 hesabı ilə məğlub edib.

Etikxeber.az

Read Previous

Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə keçiriləcək

Read Next

“Sloga Pojeqa”-“Lokomotiv” həndbol oyununu Azərbaycan hakimləri idarə edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir