“Ümid bizim ümidimiz idi…Hələ də elə bilirəm ki, Bakıdadır, qayıdıb gələcək…”-QANLI SENTYABR ŞƏHİDLƏRİNDƏN, ÇOX KASIB BİR AİLƏNİN ÖVLADI OLAN GORANBOYLU ÜMİD İMAMQULİYEVİN ANASI ŞƏHLA İMAMQULİYEVA – FOTOLAR

Ümid Vüqar oğlu İmamquliyev…

28 avqust, 2003-cü il doğumlu…

Ümid Goranboy rayonunun Qaradağlı kəndində, çox kasıb və çox sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri olub…

Böyük qardaşları hələ körpəykən dünyasını dəyişib…

Ailədə 3 üşaq-2 qardaş, 1 bacı qalıblar…

İki yaş ondan böyük olan qardaşının da səhhətində ciddi problemlər var…

Ümid orta məktəbi bitirdikdən bir müddət sonra, 2021-ci ilin oktyabr ayında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

Və arzusuna çatıb, “052”-də qulluq etməyə başlayıb, Xüsusi Təyinatlı olub…

Axırıncı dəfə də ailəsi ilə ötən ilin sentyabr ayının 4-də danışıb və valideynlərinə Bakıda olduğunu deyib…

Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb…

Və 9 gün sonra, Əsgərliyinin bir ilinin tamamına yaxın, sentyabr ayının 13-də qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Sentyabrın 13-də Kəlbəcər istiqamətində Şəhidlik məqamına yüksələn Ümidin nəşi 15 sentyabr tarixində Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra, ötən ilin noyabr ayının 5-də Ali Baş Komandanın müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

***

Bu gün səhər saatlarında-Qaradağlıda Şəhidimizin ailəsinə, böyüyüb boya-başa çatdığı ocaqda, evdə oldum…

Əslində isə Şəhidimizin ocağına ev də demək mümkün deyil, ev adına bir daxma…

Cəmi 1 otaqdan ibarət-olduqca şəraitsiz, darısqal bir daxma…

Sözlə təsəvvür edilməsi belə mümkün deyil…

Və Ümid də, ondan böyük qardaşı və ondan kiçik olan bacısı da məhz bu daxmada, minbir əzab-əziyyətlərlə, zəhmətlərlə, bir qarnı ac, biq qarnı tox böyüyüb boya-başa çatıblar…

Ümid özü isə 5-ci sinifdə oxuyarkən ailəsinə kömək etmək məqsədi ilə işləməyə başlayıb…

11-12 yaşlarından əziyyətlərə, zəhmətlərə qatışıb, ailəsinə qazanc gətirib…

Alnının təri, əllərinin qabarı ilə…

Həm də uşaq yaşlarından idmanla, güləşlə məşğul olub, yarışlarda qələbələr qazanıb…

Anası Şəhla xanımın dediklərindən:

“Ümid balaca olsa da, bizim ümidimiz, dayağımız idi…Hələ kiçik yaşlarından işləməyə, evə qazanc gətirməyə başlamışdı…Çox ağıllı, çox zəhmətkeş, çox düşüncəli bir uşaq idi…15 il mənimlə bir çarpayıda yatmışdı, az qala mənimlə nəfəs alırdı…Şəhidliyindən əvvəl axırıncı dəfə onunla sentyabrın 4-də danışmışdıq…Həmin vaxt Kəlbəcərdə olsa da, bizə Bakıda olduğunu demişdi…Çox sirr saxlayan bir uşaq idi…Onsuz yaşamaq mənə, ailəmizə çox çətindir, çox (Gözləri dolur)…Hələ də elə bilirəm ki, Bakıdadır, qayıdıb gələcək…”.

Atası Vüqar kişi də Ümidin yoxluğu ilə barışa bilmədiklərini deyir…

Qeyd edir ki, Ümidin Şəhidliyindən sonra həyata olan ümidləri çox azalıb…

Sözlərin, kəlmələrin yenə bitdiyi, aciz qaldığı yer…

Təsəlli üçün axı, nə deyəsən, nə danışasan?!

Allah səbr və dözümlərini versin!

Böyük Yaradan balalarının məkanını cənnətlik, məqamını Ucalardan Uca etsin!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atanlardan biri cərimələndi-DİGƏRİ HƏBS OLUNDU…

Read Next

Qar yağacaq, yollar-BUZ BAĞLAYACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir