“Ümidvaram ki, növbəti səfəriniz 20 ildən tez olacaq” – ƏLİYEVDƏN NETANYAHUYA

“Sizi ölkəmizdə qəbul etməyə çox şadıq. Siz demək olar ki, 20 il bundan əvvəl Azərbaycanda səfərdə olmusunuz və indi Sizin ikinci səfərinizdir. Qısa səfər olmasına baxmayaraq, çox məhsuldardır. Sözsüz ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirəcək”.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev İsrailin baş naziri Beynamin Netanyahu ilə görüşündən və iki ölkə arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında dilə gətirib.

Prezident deyib ki, biz bir çox sahələrdə əməkdaşlıq edirik.

Onun sözlərinə görə, bu gün imzalanmış sənədlər əməkdaşlığımız üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir:

“Mən onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyətini vurğulamaq istərdim. Əminəm ki, bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir. Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik.

Bu gün biz ikitərəfli əlaqələrimiz, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələləri müzakirə etdik. Müzakirələr çox açıq, dostluq şəraitində keçdi. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək.

Bizim kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivlərimiz var. Biz bunu cənab Baş nazirlə müzakirə etdik. İsrail çox müasir texnologiyalara malikdir, biz onların bəzilərindən istifadə edirik, bəziləri ola bilsin ki, Azərbaycana bir müddət sonra gətiriləcək. Bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər var”.

İ. Əliyev bildirib ki, turizm potensial inkişaf üçün əsas sahələrdən biridir:

“Əminəm ki, İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var.

Biz, həmçinin müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq.

Biz xalqlarımız arasındakı əlaqələr barədə danışdıq. Bu, bizim ikitərəfli əməkdaşlığımızın mühüm hissəsidir. Çünki Azərbaycandakı yəhudilər və İsraildə əsasən Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir”.

Prezidentin bildirdiyinə görə, əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər:

“Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir. Məlumat üçün bildirmək istərdim ki, Azərbaycanda beşi Bakıda olmaqla 7 sinaqoq, yəhudi məktəbləri var. Siz onlardan birinə, 2010-cu ildə açılmış “Xabad Or-Avner” Yəhudi Təhsil Mərkəzinə baş çəkəcəksiniz. Mən həmin günü xatırlayıram, çünki mərasimdə iştirak edirdim. Mərhum Prezident Şimon Peres bizə videomüraciət ünvanlamışdı. Mən şadam ki, cənab Baş nazir bu Təhsil Mərkəzinə baş çəkmək və yəhudi icmasının nümayəndələri ilə görüşmək üçün sıx qrafikində vaxt tapıb.

Yəhudilərlə azərbaycanlılar arasında əlaqələr hər zaman, tariximizin bütün dövrlərində çox yaxşı olub və yəhudilər əsrlərdir ki, Azərbaycanda yaşayırlar. Bu, onların evidir, onlar burada özlərini evlərindəki kimi hiss edirlər və ölkəmizi gücləndirmək üçün çox işlər görürlər. Bu, çar Rusiyası dövründə – Azərbaycan Rusiya imperiyasının tərkib hissəsi olanda da, Sovet İttifaqı dövründə də belə olub, indi də – 25 illik müstəqillik dövründə də belədir. Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir.

Mən hər zaman deyirəm ki, öz dininə və ənənələrinə hörmət, qonşunun dininə və ənənələrinə olan hörmətdən başlayır. Yeri gəlmişkən, demək istərdim ki, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan dünyada multikulturalizmin beynəlxalq mərkəzlərindən biri kimi tanınır. Şadam ki, hazırda İsraildə yaşayan bizim keçmiş vətəndaşlarımız Azərbaycan ilə yaxın əlaqələrini qoruyub saxlayırlar. Onlar bizə kömək edir, bizi təbliğ edir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var. Lakin yalnız İsraildə bizim diaspor yəhudi əsilli insanlardan ibarətdir. Bu da yəhudilərlə azərbaycanlılar arasında olan birliyi nümayiş etdirir.

Bizim münasibətlərimiz çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir. Mən onlardan bəzilərini qeyd etdim. Əminəm ki, cənab Baş nazirin səfəri bizə yeni əməkdaşlıq sahələrini müəyyən etməyə imkan verəcək. Biz çox yaxın dostluq münasibətləri qurmuşuq və Baş nazirin səfəri bunun yaxşı göstəricisidir.

Cənab Baş nazir, Sizi Azərbaycanda bir daha salamlamaq və Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulamaq istərdim. Ümidvaram ki, növbəti səfəriniz 20 ildən tez baş tutacaq”.

Etikxeber.az

Read Previous

“Tokio-2020”-də karate yarışları ölkənin “Nippon Budokan” arenasında təşkil ediləcək

Read Next

Hər il dünyada Panamanın ərazisi qədər meşə məhv edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir