“Unutmayaq ki, təklif müəllifi ABŞ kimi super dövlətin diplomatıdır, ona görə də…”-SABİQ DEPUTAT İNDİKİ MİLLƏT VƏKİLLƏRİNƏ MÜRACİƏT ETDİ

Ermənistanın 12 iyulda Tovuzla sərhəddə törətdiyi təxribat heç də təmas xəttində tez-tez rast gəldiyimiz növbəti hərbi insident deyildi.

Uzun müddətdən sonra danışıqlar prosesinin yenidən canlanması ilə bir vaxtda düşmənin silaha əl atması çoxlarını təəccübləndirsə də, motivlər kifayət qədər aydın idi.

Hərbi avantüraya baş vurmaqla Paşinyan hökuməti bir tərəfdən aclıq və səfalət içində yaşayan xalqının qəzəb və etirazlardan yayınmağa çalışırdısa, digər tərəfdən Moskva başda olmaqla,Kollektiv Təhlükəsizlik MüqaviləsiTəşkilatını münaqişəyə cəlb etməklə Azərbaycana güc nümayiş etdirmək istəyirdi. Amma ermənilərin arzuları ürəklərində qaldı.

Üç günlük hərbi qarşıdurmada Ordumuz ermənilərin çoxlu sayda canlı qüvvəsini məhv etdi, düşmənə sağalmaz yaralar vurdu. Məğlubiyyət Ermənistanı, onun maliyyə qaynağı olan xaricdəki diasporunu kifayət qədər sarsıtdı. KTMT -nin vecsiz bir açıqlama ilə kifayətlənməsi, Türkiyə və Pakistan kimi nəhəng güclərin Azərbaycana birmənalı dəstək nümayiş etdirməsi,Türkiyə -Azərbaycan silahlı qüvvələrinin birgə genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi bütün dünya ermənilərini təlaşlandırıb. Hey vurnuxurlar, çıxış yolu arayırlar.

Çünki başa düşürlər ki, növbəti təxribata artıq yer yoxdur. Əks təqdirdə,Azərbaycan Əsgərinin geniş miqyaslı hücumu ilə hər şey bitəcək! Hazırda ermənilər dünya mətbuatında, televiziyalarda, sosial şəbəkələrdə dövlətimizə, xalqımıza qarşı qara piar kampaniyası aparır, həyasızlıq edirlər. Erməni lobbisi də işğalçı dövlətin mənafeyini müdafiə etmək üçün dəridən – qabıqdan çıxır. Bildiyiniz kimi, bugünlərdə ATƏT -in Minsk qrupunun ABŞ -dan həmsədr olmuş Riçard Hoqland “Amerikanın səsi”-nə verdiyi müsahibədə Dağlıq Qarabağın BMT- nin protektoratına verilməsini təklif edib.

Sözsüz ki, Ermənistanın maraqlarına uyğun bu təşəbbüsü yuxarıda qeyd etdiyim kontekstdə dəyərləndirmək lazımdır. Əgər Hoqland sıradan bir diplomat, siyasətçi olsaydı, məsələnin dərindən bilmədiyini ehtimal etmək olardı. Ancaq onun təcrübəli xarici siyasət yetkilisi, Qarabağ münaqişəsinin anatomiyasını dərindən öyrənmiş diplomat olduğunu nəzərə alsaq, görərik ki, bu ideya, əslində, Azərbaycan tərəfindən küncə sıxışdırılmış Ermənistan üçün bir ipucudur. Ermənistanın diplomatları danışıqları uzatmaq, pozmaq, nəticədə status-KVO-nu saxlamaq üçün çeşidli bəhanələrə üz tutur,yenilərini axtarırlar. Budur, birini də Hoqland onlara hədiyyə etdi.

Əlbəttə ki,bu təklifin hüquqi baxımdan heç bir tənqidə immuniteti yoxdur. Tarixdən məlum olduğu kimi,protektoratlıq müstəmləkə altında yaşayan xalqların milli – azadlıq hərəkatlarının geniş vüsət aldığı XX əsrin ll yarısında istifadə olunan beynəlxalq hüquqi mexanizm idi. Müstəqillik davasına qalxmış xalqların yaşadıqları ərazilər müstəmləkəçi dövlətdən alınaraq BMT-nin protektoratına verilirdi. Bu,o məqsədilə edilirdi ki, həmin xalqlar öz idarəçilik institutlarını,dövlət strukturlarını qura bilmək imkanı əldə etsinlər.

Müstəqilliklərini elan edənə qədər onların təhlükəsizliyi ilə bağlı məsələləri BMT həll edirdi. Yeri gəlmişkən,çağdaş tariximizdə Kosovo da Serbiyadan müstəqilliyini həmin mexanizm əsasında əldə edə bilmişdir. Göründüyü kimi, amerikalı keçmiş səfirin ideyası bizə yaxşı heç nə vəd etmir. Təhlükəli bir variantdır.

Əgər ermənilər Dağlıq Qarabağı BMT – nin mandatına verilməsinə nail olsalar, şübhəsiz bir neçə ildən sonra müstəqillik statusu əldə etməyə çalışacaqlar. Bunu qulaqardına vurmaq olmaz.

Unutmayaq ki, təklif müəllifi BMT TŞ-nin üzvü olan ABŞ kimi super dövlətin diplomatıdır.

İnanıram ki, Xarici İşlər Nazirliyi buna adekvat münasibət bildirəcəkdir. Bu, çox vacibdir.

Hazırda növbədənkənar sessiyaya toplaşan Milli Məclisin, deputatların da sözügedən məsələ ilə bağlı mövqe nümayiş etdirməsi ümumi işin xeyrinə olardı.

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az


Read Previous

Livanın paytaxtında güclü partlayış-ÖLƏNLƏRİN SAYI 113-Ə ÇATDI, BEYRUT FƏLAKƏT BÖLGƏSİ ELAN EDİLDİ – YENİLƏNİB – (3)

Read Next

“Bir sıra hallarda sosial müdafiəyə ehtiyacı olan şəxsləri işsiz kimi qeydiyyata almaq və sözügedən proqramlara cəlb etmək mümkün olmur ki…”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir