“Uşaq pulu məsələsi Qarabağ məsələsi qədər strateji məsələdir və həllini tapmalıdır”-TAHİR KƏRİMLİ – YENİLƏNİB

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli parlamentin iclasında yenidən uşaq pulu məsələsinə toxunub.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, bu gün uşaq pulu məsələsi Qarabağ məsələsi qədər strateji məsələdir.

Onun sözlərinə görə, çəmi 10-15 faizi əhatə edən və artıq çoxlarında qıcıq yaradan ünvanlı sosial yardımı ləğv edib, bu vəsaiti uşaq pulunun verilməsinə ayırmaq lazımdır.

“Varlılar istəmirlərsə, ərizə yazsınlar ki, bizə lazım deyil, imtina edirik. Amma çıxıb sorğu aparın, görəcəksiniz ki, az qala əhalinin 100 fazi uşaq pulunun bərpasının, verilməsinin tərəfdarıdır. Vallah, bunu deməklə, özümüzü də kiməsə göstərmirik, yaşımızın da o vaxtı deyil. Amma bu məsələ mütləq həll olunmalıdır…”-deyə, o, əlavə edib.

12:40

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, sosial təminatla bağlı məsələlər müxtəlif kadrların və müxtəlif idarələrin öhdəsində qalanda bir çox əyriliklər meydana çıxır:

“Bunu inkar etmək olmaz. Bəzi yerlərdə bu haqsızlıqlar və əyriliklər hələ də davam edir. Uşaq pulu verilsə, uşağı olan ailələrin minimum xərclərlə təmin olunduğunu biləcəyik. İndi bəzi ölkələrdə əkiz övladı olana ev verirlər, üçəm uşağı olana başqa şey. Azərbaycanda da bunlar var idi, amma indi unudulub. Gənc ailələrə yardım mənasında uşaq pulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaq pulu verilməsi məsələsini bərpası ilə bağlı addım atmalıdır”.

Spiker Sahibə Qafarova öz növbəsində qeyd edib ki, uşaq pulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin burada çox çıxışı olub:

“Bunu yaxşı olar ki, nəzərə alasınız”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib ki, uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib:

“Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Sovet vaxtından qalan uşaq pulunun məbləği o qədər az idi ki, verilməsə, ondan yaxşı idi. Bu gün uşaq pulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədə uyğundur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər. Təklif edirəm ki, deputatlardan ibarət işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq bunun, büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, ölkədə bundan əvvəl uşaq pulu ümumi hamıya verilib:

“Amma həmin uşaq pulunun məbləği çox aşağı olduğu üçün bu, ünvanlı dövlət sosial yardımı haqqında qanunun qəbulu ilə əlaqədar uşaq pulları aztəminatlı ailələrə verilir. 84 minə yaxın ailə ünvanlı dövlət sosial yardımı alır. Bu isə təxminən 320 mindən çox insan deməkdir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur…”-AQİL ABBASDAN SƏRT SÖZLƏR

Read Next

“İrəvanı hərbi-siyasi meydanda elə təkləmək lazımdır ki, Metsamor və Gümrü bazası artıq onu qorumasın!”-ZAHİD ORUCUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir