“Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub…” – DİN – YENİLƏNİB

Bu ilin 9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub.

Etikxeber.az məlumat verir ki, bunu Daxili işlər nazirinin müavini Oruc Zalov “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin müdafiəsi, müxtəlif qanunsuz əməllərə məruz qalmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanların və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə təkcə bu ilin 9 ayı ərzində 1200-dək reyd və yoxlama keçirilib. Hüquqi maarifləndirmə mövzusunda müxtəlif səpkidə 1000-dən artıq görüş, yığıncaq baş tutub: “Görülmüş işlər nəticəsində 9 ay ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə ötən illə müqayisədə 38 fakt az olub”.

Nazir müavini deyib ki, uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, qeyri-insani rəftara məruz qalmasını, qanunsuz fəaliyyət göstərən icmalara cəlb olunmasının qarşısının alınması daha da genişləndirilib: “Erkən nikahların kifayət qədər aktual olmasından aidiyyəti dövlət qurumları ictimaiyyətin və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmaqla Daxili İşlər Nazirliyi (DİN)  tərəfindən xüsusi göstərişlər hazırlanıb yerli orqanlara göndərilib və icrası daim nəzarətdədir. İnsan hüquq və azadlıqlarının pozulması ilə müşahidə olunan erkən nikahların qarşısının alınması məqsədilə əhali arasında, həmçinin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə hüquqi maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir. Zorakılığa qarşı potensial qüvvələr hesab olunan, küçələrdə müxtəlif əmək növləri ilə məşğul olan, eləcə də avaralıq və dilənçilik edən uşaqlar, onları buna vadar edənlər reydlər zamanı aşkar olunur”.

***

“Bu ilin I yarımilində törədilən azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə olan cinayətlər, habelə azyaşlıların fahişəliyə, əxlaqsız əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb”.

Bunu isə Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat – axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev ” deyib.

O, bildirib ki, mütəmadi şəkildə uşaqlara qarşı törədilən cinayətlərin təhlili aparılır: “Onlardan Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə 12 cinayət işi, 152-ci maddəsi ilə 40 cinayət işi, 153-cü maddəsi ilə 5 cinayət işi olub. Bu ilin birinci yarımilində ümumilikdə 38 cinayət işi üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib. Həmin işlər üzrə bəraət hökmü olmayıb. Cinayət işləri üzrə 19 şəxs barəsində həbs qətimkan tədbiri seçilib”.

Rəis müavininin sözlərinə görə, bunlar DİN  və prokurorluq orqanlarının apardığı istintaqla müəyyənləşən statistikadır.

Etikxeber.az

Read Previous

YAP-ın 27 illiyi təntənəli şəkildə – QEYD OLUNUR – YENİLƏNİB – (2)

Read Next

“Qurucu olmaq üçün buradayıq, qırıcı olmaq üçün deyil” – JALƏ ƏLİYEVADAN ERMƏNİ DEPUTATA SƏRT CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir