“Üzümü ziyalılarımıza, yazıçılarımıza, şairlərimizə, rejissorlarımıza, aktyorlarımıza, telekanallarımıza tutub deyirəm ki, Şəhidlərimizi unutmasınlar, onlar barəsində əsərlər yazsınlar, gözəl filmlər, seriallar çəksinlər…Bu gün bunlara ehtiyacımız var…”-QUBALI, QIMILLI ŞƏHİD NURAN MİRZƏYEVİN ATASI AKİF MİRZƏYEV – FOTOLAR

Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən biri də Qımıl kəndindən olan Nuran Akif oğlu Mirzəyevdir…

Nuran da İkinci Qarabağ Savaşında İgidlik, Qəhrəmanlıq göstərən, canı, qanı ilə Dastan yazan Vətən sevdalılarından biridir…

Bu gün günorta saatlarında Qubalı Şəhid analarından Tünzalə Abduləlimova və Qazi Orxan Babayevlə Nuranın da ailəsini, valideynlərini, ocağını ziyarət etdik…

Ailəsinə, valideynlərinə-anası Təranə xanıma və atası Akif Mirzəyevə Allahdan səbr və dözün arzuladıq, “Şəhidimizin məkanı cənnətlik, məqamı Ucalardan Uca olsun!”-dedik…

Müqəddəs ruhu önündə ehtiramla baş əydiyimizi dilə gətirdik…

Ailəsi, valideynləri ilə bir xeyli söhbətləşdik, dərdləşdik…

Nuranın bir aya yaxın çəkən şərəfli döyüş yoluna birlikdə nəzər saldıq…

***

Nuran 1999-cu ilin 27 iyul tarixində Qımıl kəndində, sadə bir ailədə-Mirzəyevlər ailəsində dünyaya gəlib…

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub…

Bacıları ailəli, övlad sahibidirlər…

Nuran orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, yenidən evinə, ailəsinə dönüb…

İkinci Vətən Müharibəsi başlayandan bir gün sonra, sentyabrın 28-də isə səfərbərliyə cəlb olunub və Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib…

Cəbrayılda gedən döyüşlər zamanı döyüş yoldaşlarını yüzfaizli ölümdən, minaya düşməkdən xilas edib…

Özü isə oktyabr ayının 19-da Qubadlıda gedən qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Qeyd edim ki, axırıncı dəfə ailəsi ilə Şəhidliyindən bir gün öncə, oktyabrın 18-də danışıb və hər şeyin yaxşı olduğunu deyib…

Şəhidliyi xəbəri isə ailəsinə bir gün sonra, oktyabrın 20-də verilib və nəşi ayın 21-də Qımıl kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Nuran həm də Qımılın yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub…

Şəhidliyindən sonra 4 medalla təltif olunub…

Nuran həm də subay olub…

Atası Akif kişinin dediklərindən:

“Mən üzümü ziyalılarımıza, yazıçılarımıza, şairlərimizə, rejissorlarımıza, aktyorlarımıza tutub deyirəm ki, Şəhidlərimizi unutmasınlar, onlar barəsində əsərlər yazsınlar, gözəl filmlər, seriallar çəksinlər…Bu gün bunlara ehtiyacımız var…Telekanallarımızda nə qədər şou verilişləri, nə qədər ailə söz-sohbətləri olar?! Kimə lazımdır bunlar?! Ona görə yaxşı olardı ki, telekanallarımızda Şəhidlərimizin hər birinə aid süjetlər, verilişlər getsin, yaxşı, təsirli filmlər, seriallar çəkilsin, insanlara çatdırılsın. İnsanlarımız, gənclərimiz görsünlər ki, bu Vətən yolunda necə canını qurban edən oğullar olub…”

Elə bilirəm ki, əlavə şərhə, izahata ehtuyac yoxdur.

Şəhid atası tam haqlıdır və dedikləri nəzərə alınmalıdır!

Allah Şəhidimizin ruhunu şad etsin, Yaralı, Dərdli, həm də Qürurlu valideynlərinə bir daha və bir daha səbr, dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Alpanın İkinci Vətən Müharibəsi Şəhidi-ORXAN BALAYEVİN AİLƏSİNİ, OCAĞINI İKİNCİ ZİYARƏTİM… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir