“Uzun və şərəfli döyüş yolum keçən övladım həm də ali ordenlərimizdən birini Haqq edir…”-MİNGƏÇEVİRLİ ŞƏHİD ETİBAR MAHMUDOVUN ANASI ƏSMAYƏ MAHMUDOVA DÖVLƏT BAŞÇISINA MÜRACİƏT ÜNVANLADI

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Etibar Aleksandr oğlu Mahmudovun anası Əsmayə Mahmudova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Prezident Aministrasiyasının rəhbəri Samir Nuriyevə, Prezidentin köməkçisi, general-polkovnik Məhhərəm Əliyevə və Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Əsmayə Qara qızı Mahmudova Mingəçevir şəhərində yaşayıram. Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Etibar Aleksandr oğlu Mahmudovun anasıyam. Etibar mənim 4 övladımdan biri idi. Övladımın Şəhidliyi xəbərini Şuşamız azad olunan gün, müharibənin başa çatmasına cəmi iki gün qalmış aldım. Bir tərəfdən Şuşanın azad olunması, bir tərəfdən övladımın Şəhidliyi xəbəri…Həmin gün nələr yaşadım…onu bir Allahım bilir…Heç kim təsəvvür edə bilməz. Qeyd edim ki, həyatım daim əzablarla, əziyyətlərlə, müsibətlərlə keçib. Bir gözüm gülüb, bir gözüm ağlayıb. Zülm-zillətlərlə 4 övlad böyütmüşəm.

Oğlumun Şəhidliyindən illər öncə tək və nişanlı qızımı ağır xəstəlikdən itirdim, bala dərdi yaşadım. Qızımın dərdini, acısını yaşaya-yaşaya üstünə digər övladımın-Etibarımın dərdi, Şəhidliyi də gəldi. Dərd üstünə dərd, kədər üstünə kədər, müsibət üstünə müsibət gəldi. Başıma gələnlər, yaşadığım müsibətlər səhhətimdə ağır izlər buraxdı, illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Hər gün neçə-neçə dərman qəbul edir, dava-dərman hesabına ayaqda qalıram.

Yaşadıqlarım, başıma gələnlər də heç kimin başına gəlməsin. Mən yaşadım, kimsə yaşamasın!”

Müraciətdə sonra deyilir:

“Müzəffər Ali Baş Komandanımız!

Müraciət etməkdə məqsədim övladımın ordenlə təltif olunması məsələsi ilə bağlıdır. Övladım Şəhidliyindən sonra bir neçə medalla təltif olunub və buna görə də Sizə minnətdarlığımı bildiriəm. Amma bununla belə, hesab edirəm ki, uzun və şərəfli döyüş yolum keçən övladım həm də ali ordenlərimizdən birini Haqq edir. Orden də balamın Haqqıdır.

Ona görə Yaralı və Dərdli, başı müsibətlər çəkmiş bir Ana kimi Sizdən övladımın ali ordenlərimizdən biri ilə təltif olunmasını xahiş və rica edirəm. Elə bilirəm ki, bununla həm balamın ruhu şad edilmiş olar, həm də Yaralı, Dərdli qəlbimə az da olsa, su səpilmiş olar. İnanır və əminəm ki, belə də olacaq, müraciətim nəzərə alınacaq, öz müsbət həllini tapacaq və Etibarım ali ordenlərimizdən biri ilə təltif olunacaq.

Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm! Allah Sizi və Azərbaycanımızı qorusun!”

Etikxeber.az

Read Previous

XİN-dən Ceyhun Bayramovun Rusiya səfərinin nəticələrinə dair-AÇIQLAMA

Read Next

Otel meneceri adı ilə taksi sürücülərinə qarşı dələduzluq etdi VƏ SAXLANILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir