“Vətən Müharibəsi Qəhrəmanı” adı-2 ORDEN VƏ 15 MEDAL TƏSİS EDİLİR, “ZƏFƏR” ORDENİ ÖLKƏNİN İKİNCİ ƏSAS ORDENİ OLACAQ – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan  “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”  qanun layihəsində əksini tapan Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə qeyd olunub.

Əsasnaməyə görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inandlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur.

“Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir: “Vətən Müharibəsi Qəhrəmanı” medalı; “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı. “Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Eyni zamanda, Azərbaycanda yeni medallar və ordenlər təsis ediləcək.

Bunlar isə “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, “Vətən Müharibəsində qələbə münasibətilə” “Zəfər” və “Qarabağ” ordenləri  təsis olunacaq. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunacaq.

11:19

***

İclasda qanun layihələri ilə bağlı müzakirələrə başlanılıb.

Qanun layihəsi barədə Birinci vitse-spiker Əli Hüseynli məlumat verib.

O, qeyd edib ki, qanun layihəsi ölkə Prezidentinin təşəbbüsü və imzası ilə MM-ə göndərilib.

Sənəddə ümumilikdə 2 orden və 15 medalın təsis olunması nəzərdə tutulur.

Həmçinin bildirib ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı alanlar bütün imtiyazlardan istifadə edə biləcəklər.

12:00

***

Bir daha məlumat üçün qeyd edək ki, yeni qanun layihəsinə əsasən, “Zəfər” və “Qarabağ” ordenləri təsis ediləcək.

“Zəfər” ordeninin statusuna əsasən, “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

“Zəfər” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı diametri 42 mm olan lövhədən ibarətdir.

“Qarabağ” ordeni ilə isə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərmiş, hərbi əməliyyatlar zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirmiş, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa və mühafizə edilməsində xüsusi xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.

“Qarabağ” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, “Zəfər” ordenindən sonra taxılır.

“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üçtəbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

12:08

***

Millət vəkilləri geniş müzakirələr açmağa ehtiyac duymayıblar.

Həm “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, həm də “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Heç kim bizim qabağımızda dura bilməz…Erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz…”-PREZİDENT – FOTO

Read Next

“Quçşubaba” “Baharlı”, “Tsakuri” “Hünərli” adlandırılacaq-QANUN LAYİHƏLƏRİ BİR OXUNUŞDA QƏBUL OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir