Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və orden Haqqı hələ də tanımayan Vüsal Teymurov-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

İkinci Vətən Müharibəsi Şəhidləri-Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və beş medallı Vüsal Teymurovun doğum günüdür.

Vüqar Ağayevin 51, Vüsal Teymurovun isə 33 bu gün yaş tamam olur və bu, həm də hər iki Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin mart ayının 4-də Qubadlının Xanlıq kəndində, hərbçi ailəsində anadan olub.

Ailədən 4 uşaq, 3 qardaş, 1 bacı olublar.

Orta məktəbi bitirdikdən sonra atası kimi həyatını Ordu, hərb ilə bağlayıb, ali təhsilli peşəkar hərbçi olub.

Birinci Qarabağ Savaşında iştirak edən Vüqar Ağayev Mayor  hərbi rütbəsinə qədər yüksəlib.

Xidmətlərinə görə ölkə Prezidenti və Müdafiə Nazirliyi tərəfindən dəfələrlə təltif olunub, medallara layiq görülüb.

Vüqar Ağayev təqaüddə, istefada olsa da, İkinci Vətən Müharibəsinin ilk günlərindən son günlərinə, Şəhidliyinə qədər ən ağır döyüşlərdə iştirak edib və noyabr ayının 1-də doğulub boya-başa çatdığı Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, noyabrın 2-də İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı və iki medalla-“Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Eyni zamanda, Şəhidə həsr olunmuş “Torpaqdan torpağa”  “Vətənin Vüqarı” sənədli filmləri çəkilib.

Vüqar Ağayev həm də ailəli, iki övlad atası olub, Pərvin və Yeganə adlı övladları Vətənə əmanət qalıb.

***

Əslən Lənkəranlı olan Vüsal Teymurov isə 1991-ci il martın 4-də Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 övlad, iki qardaş və bir bacı olublar.

Qardaşıbacısı ailəlidir.

1997-ci ildə Badamdar qəsəbəsindəki Şəhid Tofiq Məmmədov adına 239 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub və 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, yüksək balla Azərbaycan Kooperasiya Universitetinin “Gümrük işinin təşkili” fakültəsinə daxil olub.

2012-ci ildə isə Azərbaycan Kooperasiya Universitetini bitirərək, elə həmin ilin iyul ayından da Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub, N saylı hərbi hissənin 4 MAT, 10 MAB, II – taqım I manqa komandiri vəzifəsində xidmət edib.

2013-cü ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb və müxtəlif sahələrdə çalışıb.

Və İkinci Qarabağ Savaşı başlayandan bir neçə gün sonra, oktyabrın 5-də müharibəyə, döyüşə yollanıb.

Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə iştirak edən Vüsal Teymurov müharibənin başa çatmasına, Qələbəyə iki gün qalmış və Şuşanın azad edildiyi gün, noyabrın 8-də Şuşada ağır döyüşlərdən birində Şəhid olub.

Nəşi 3 gün sonra, noyabrın 11-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra beş medalla təltif olunub.

Ancaq ailəsi, valideynləri Vüsalın eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

29 yaşında Şəhid olan Vüsal həm də subay idi.

Hər iki Şəhidin məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

30 yaşlı Əfsanəvi Xüsusi Təyinatlı, 12 medallı, Goranboylu, Qazi Tural Əliyev-YUBİLEY DOĞUM GÜNÜNƏ DOSTLARI-HƏRBÇİ VƏ DÖYÜŞÇÜ YOLDAŞLARI GƏLİB… – FOTOLAR – YENİLƏNİB

Read Next

Sıxlıq və tıxac olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir