“Vətən naminə borcumu yerinə yetirməyə çalışmışam…Qismətimdə də Şəhidlik yox, Qazilik varmış…”- “3-CÜ DƏRƏCƏLİ VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENLİ-QAZİ SALEH FƏTULLAYEV – FOTOLAR

Bu gün daha bir Qazimizlə, daha bir İgidimizlə, daha bir Dastan yazan Qəhrəmanımızla, Qəhrəman Goranboyumun, Dəliməmmədlimin daha bir İkinci Vətən Müharibəsi iştirakçısı ilə bir araya gəldim, görüşdüm…

1985-ci il təvəllüdlü, 36 yaşlı hərbçi-kiçik gizir Saleh Zahid oğlu Fətullayev…

Sözün əsl, gerçək mənasında Qəhrəman, İgid, Vətən sevdalısı…

Saleh orta məktəbi bitirdikdən sonra Beyləqan istiqamətində hərbi xiddmətdə olub…

Hərbi xidmətdən sonra bir müddət usta işləyib, 2015-ci ildən isə həyatını, taleyini ordu ilə, hərblə bağlayıb…

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub…

İkinci Vətən Müharibəsinin ilk günündən də cəbhənin ən qaynar bölgələrində olub…

Kəlbəcər istiqamətində bir neçə əhəmiyyətli, strateji postun alınmasında iştirak edib…

İki dəfə ağır döyüşlər zamanı ağır şəkildə yaralanıb…

Birinci dəfə sentyabrın 29-da, Murovdağ istiqamətində sağ böyründən yaralanıb, Kürdəmir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, orada cərrahi əməliyyatdan keçirilib, bədənindəki qəlpələr çıxarılıb…

4 gün sonra, səhhətindəki problemlərə, yaralı olmasına baxmayaraq, yenidən döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar, igidliklər göstərib və oktyabrın 10-da yenidən, bu dəfə Suqovuşan istiqamətində ağır döyüşlər zamanı ağır şəkildə yaralanıb…

Bu dəfə sağ ayağından…

Düz bir ay 20 gün Bakıda, xəstəxanada yatıb, ikinci dəfə əməliyyat olunub…

Həm də döyüşlər zamanı kəllə-beyin travması, kontuziya alıb…

Səhhətindəki problemlər hələ də davam etdməkdədir…

Yaxın zamanlarda yenidən, 3-cü dəfə əməliyyat olunacaq…

İgidimiz çox təvazpkardır, özü, keçdiyi igidliklərlə dolu döyüş yolu barədə danışmağı çox da xoşlamır…

Hətta bir neçə dəfə çəkilişlərdən də imtina edib…

“Vətən naminə borcumu yerinə yetirməyə çalışmışam…Qismətimdə də Şəhidlik yox, Qazilik varmış…İstəyirəm ki, məndən, bizlərdən daha çox Şəhidlərdən danışılsın, yazılsın, onlar barədə söhbət açılsın…Əsas Şəhidlərimizdir…İnanın ki, döyüşlər zamanı bir Şəhidin və ya bir Qazinin, yaralımızın üzündə, gözündə yaş görmədim…Hamısı qəhrəman, igid, ölümün gözünə dik baxan oğullar idi…Allah Şəhidlərimizə rəhmət etsin, Qazilərimizə də şəfa versin”-deyir Qazimiz, İgidimiz…

Eyni zamanda deyir ki, istənilən an, yenidən Vətənin müdafiəsinə hazırdır.

Qazimiz həm də ailəli, üç gözəl övlad iki qız, bir oğul atasıdır…

Hər üçü də orta məktəbdə oxuyur…

Qazimiz həm də yaxın qohumumuzdur, xalam oğlunun kürəkənidir…

Çox mehriban, çox istiqanlıdır, hər kəsin də hörmətini qazanıb…

Qazimizin İgidliyi, Qəhrəmanlığı dövlətimiz, Ali Baş Komandan tərəfindən də qiymətləndirilib-“3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub…

Tam Haqq edir, Haqq etdiyini də alıb.

Qazimizə Allahdan şəfa, üçüncü əməliyyatının da uğurlu keçməsini, tezliklə tam sağlamlığına qovuşmasını, gözəl ailəsinə Yar və Yardımçı olmasını diləyirəm, diləyirik.

Fəxrimizdir, qürurumuzdur!

Allah qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

23.03.2021, Dəliməmmədli şəhəri

22:37

Etikxeber.az

Read Previous

Zərdab rayonunu Körpükənd kəndinə birləşdirən və təmiri davam etdirilən küçəyə-ŞƏHİD TURAN MURADOVUN ADI VERİLİB – FOTOLAR

Read Next

“Facebook” Maduronu-“DONDURDU”…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir