“Vətəndaş banka necə güvənsin?”-PARLAMENTİN KOMİTƏ SƏDRİ – YENİLƏNİB

Mərkəzi Bankın İdarə Heyətinə yeni səlahiyyətlər verilir.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Mərkəzi Bankın İdarə Heyəti maliyyə bazarlarını tənzimləyən qanunlara müvafiq olaraq bu sahədə lisenziyaların verilməsi və ləğv edilməsi, maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda Mərkəzi Bankın nəzarət etdiyi subyektlərdə müvəqqəti inzibatçının təyin olunması və fəaliyyətinə xitam verilməsi, habelə rezolyusiya tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək.

Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə banklar, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya şirkətləri və qiymətli kağızlar bazarında digər lisenziyalaşdırılan şəxslər, investisiya fondları, investisiya fondunun idarəçiləri, klirinq (prosessinq) fəaliyyətini həyata keçirən şəxslər, kredit büroları və maliyyə bazarlarını tənzimləyən qanunlarla Mərkəzi Bankın nəzarət etdiyi subyektlər kimi müəyyən edilən digər şəxslərin (nəzarət subyektlərinin) fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcək.

Eyni zamanda İdarə Heyəti hüquqi şəxslərin yaradılması və (və ya) onlarda iştirak və sosial layihələrin (tədbirlərin) maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edəcək, məşvərətçi daxili komitələr yaradacaq və onların əsasnamələrini təsdiq edəcək, fond birjasından kənarda qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə ticarətin təşkil olunduğu digər ticarət sistemini müəyyən edəcək.

***

Banklarda faizlərin yuxarı olması hamını düşündürür. Sahibkarlara kreditlər 14 faizdən başlayaraq verilir, kənd təsərrüfatı ilə bağlı kreditlər isə 6% olsa da, bu da çoxdur.

Bunu isə müzakirələr zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O, “14% kredit alan sahibkar nə ilə məşğul olmalıdır ki, həm kredit qaytarsın, həm qazanc əldə etsin, həm də işçi saxlasın? Azərbaycanda 10 minə yaxın valyutadəyişmə məntəqəsi bağlandı. Sadə mexanizm ləğv olundu, hazırda isə qara bazar fəaliyyət göstərir. Yenidən 90-cı illərə qayıtmışıq. Turist gəlir Azərbaycana, o, harada valyutanı dəyişsin? Əhmədlidə valyuta dəyişmək istəyən şəxs gərək gəlsin şəhərə, orada valyutasını dəyişsin. Bundan başqa, valyutadəyişmə məntəqələrinin açılması üçün 50 min manat girov tələbi qoyulub. Düşünürəm ki, dayanacaq formasında (Bakı şəhərində quraşdırılan yeni dayanacaqlar) valyutadəyişmə məntəqəsi açılsın, vətəndaşlar da orada çalışsın. Bundan başqa, banklar 100 min manatdan artıq məbləği sığortalamır. Belə olan halda vətəndaş banka necə güvənsin? Bu məsələlərlə bank sektoru ciddi məşğul olmalıdır”-deyə, əlavə edib.

Sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

Tələbələrin 70 faizi dövlət imtahanı verməkdən azad olacaqlar-RƏSMİ

Read Next

“Oğlum atasının üzünü görə bilmədi və yoldaşımın arzusuna uyğun olaraq, oğlumuza Məhəmmədxəlil adını qoyduq…”-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN MƏHƏMMƏD OSMANOVUN XANIMI TÜRKAN OSMANOVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir