“Vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməməli, pula göz dikməməli…”-VİTSE-SPİKER

RÜŞVƏTXORLUĞA QARŞI KƏSKİN MÜBARİZƏ İSLAHATLARIN DAVAMI KİMİ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında müxtəlif sahələrdə islahatlar həyata keçirilir.

Bu islahatlar xalqın rifahının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və ölkəmizin inkişafına hesablanmışdır. İslahatlar yalnız sosial-iqtisadi sahələri əhatə etmir, eyni zamanda struktur dəyişikliklərini də qaçılmaz edir. Nəticə etibarı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar aparıldı və həmin islahatların məntiqi davamı olaraq Milli Məclisdə analoji islahatlara başlandı.

Cənab Prezident islahatlarla yanaşı korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin anonsunu verdi və ilkin olaraq bütün vəzifəli şəxslərin bu əməllərdən çəkinməsini tələb etdi. Belə deyə bilərik ki, ilk növbədə humanist qərar qəbul edildi və xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması tapşırıldı. Lakin bəzi məmurlar, xüsusilə yerli icra hakimiyyətinin başçıları bu tənqidlərdən nəticə çıxarmayaraq, rəhbərlik etdikləri rayonların paytaxtdan uzaq olduğunu düşünərək yerli əhalini incitməkdən çəkinmədilər.

Ölkə başçısı daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar. Amma bəzi sabiq icra hakimiyyəti başçıları bu tövsiyədən nəticə çıxarmadılar və təbii ki, belə olan halda dövlət başçısı tərəfindən qətiyyətli mövqe nümayiş etdirildi. İlkin olaraq Ağstafa RİH-in və Yevlax RİH-in sabiq başçılarına qarşı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən çox uğurlu əməliyyatlar həyata  keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və  barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçildi.

Növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu üç rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu. Onların törətdikləri digər cinayətlərə baxanda, həvalə edilmiş vəzifəyə qarşı kobud münasibətləri aşkar görünür. Belə ki, hazırda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə aztəminatlı ailələrə yardımlar ayrılıb və yerlərdə həmin yardımların ehtiyacı olan vətəndaşlarımıza çatdırılması həyata keçirilir.

Lakin yerlərdəki icra hakimiyyətlərində işləyən bəzi məmurların törətdikləri digər cinayətlər azmış kimi, əlavə olaraq göndərilən bu cür yardımlara da göz dikmələri həqiqətən çox utancverici haldır. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına qoşularaq “gözəgörünməz düşmənə” – koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda təəssüf ki, acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər.

Sabiq yerli icra hakimiyyəti başçıları yalnız sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək haqqı kartlarını mənimsəməklə kifayətlənməmiş, yerlərdə kiçik bir “rüşvət” şəbəkəsi quraraq, rayonda olan təhsil, səhiyyə və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkmiş və nəticədə cəzalanmışlar. Təbii ki, bu cəhdlər səmərəsizdir və heç bir nəticəsi olmayacaqdır.

Bu bir həqiqətdir ki, vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməz, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı təbəqə üçün ictimai iş yerlərinin yaradılması məqsədilə ayrılmış pula göz dikməz, pandemiya dövründəki bu çətin vəziyyətdə kasıb təbəqəyə çatacaq ərzağı öz qohumlarına göndərməz, habelə aztəminatlı ailələrin adına maddi yardımlar yazaraq onu özü mənimsəməz! Əlbəttə,  bu cür neqativ əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir və qanun qarşısında mühakimə olunur, ictimaiyyətə də ətraflı məlumat verilir.

Diqqətəlayiq haldır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə hazırda həm institusional yolla, həm də inzibati yolla aparılır, bütün məsələlər ətraflı araşdırılır və sonda vahid qərar qəbul edilir. Onu da qeyd etmək istəyirəm ki, yerli icra hakimiyyətlərindəki bu sayaq neqativ tendensiyaların azalması çox xoşagələn haldır, yoxsa bəzi sabiq məmurlar özlərini yerlərdə böyük vəzifə sahibi sanaraq hətta vətəndaşlara məxsus olan torpaq sahələrini mənimsəməkdən belə çəkinmirdilər.

Bu cür özbaşınalıqlar əsaslı olaraq yerli əhalinin narazılığına səbəb olur, nəticədə vətəndaşlar yuxarı instansiyalara müraciət edirlər. Təbii ki, həmin müraciətlər diqqətlə araşdırılır və obyektiv qərarlar qəbul edilir.

Bu günlərdə Prezident Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.

Dövlətimizin  başçısının bu çıxışını əsas tutaraq, bütün vəzifəli şəxsləri cənab Prezidentin apardığı islahatlara dəstək verməyə, üzərlərinə qoyulmuş vəzifələri dərk etməyə, öz işlərində qanunu və qanunçuluğu əsas tutmağa, neqativ tendensiyalara imkan verməməyə, rüşvət və korrupsiyadan uzaq durmağa dəvət edirəm.

Adil ƏLİYEV,

Milli Məclis Sədrinin müavini

Etikxeber.az

Read Previous

Daha bir deputat çağırış etdi: “MƏSULİYYƏTLİ OLAQ, VERİLƏN QƏRARLARA, GİGİYENİK NORMALARA HAMILIQLA ƏMƏL EDƏK”

Read Next

“Monitorinqlər göstərir ki, vətəndaşlarımızın bir qismi hətta sosial məsafənin gözlənilməsi tələbinə belə əməl etmir…”-VÜQAR BAYRAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir