“Vətən Müharibəsi Qəhrəmanı” barədə qanun layihəsi ikinci oxunuşdan keçdi- YENİ İKİ ORDEN VƏ 15 MEDAL TƏSİS OLUNUR – YENİLƏNİB

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az məlumat verir ki, qanun layihəsində qeyd edilib ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

“Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “

Vətən Müharibəsi Qəhrəmanı” medanının təsviri qanunla müəyyən olunur. “Vətən Müharibəsi Qəhrəmanı” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

– “Vətən Müharibəsi Qəhrəmanı” medalı;

– “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

“Vətən Müharibəsi Qəhrəmanı” eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.

***

İclasda həmçinin, “Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.

Həmin qanun layihəsinə əsasən, 2 yeni 0rden və 15 yeni medalın təsis olunması nəzərdə tutulur.

“Zəfər” ordeni ölkənin ikinci əsas ordeni sayılacaq.

Millət vəkili Siyavuş Novruzov orden və medalların təsis edilməsinin vacibliyini bildirib.

Qeyd edib ki, bir zamanlar ölkədə orden və medalların ləğvinə cəhdlər olunub, orden və medalları olan insanlar mənəvi təzyiqlərə məruz qalıb.

Onun iddiasına görə, yalnız mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu mənfi tendensiyaya son qoyulub.

Odur ki, indi yeni orden və medalların təsisinin nəzərdə tutulması çox önəmli və əhəmiyyətdir.

Deputat Ziyafət Əsgərov öz növbəsində qanun layihələrini üçüncü oxunuşda da qəbul edilməsi təklifini irəli sürüb.

O, yubiley medalları ilə bağlı qanun layihələrinin səsverməsinə dəyişiklik edilməsinin zəruriliyini bildirib.

Deputat qeyd edib ki, bu gün qanun layihələrinin üçüncü oxunuşda qəbulu mümkündür: “Bizim praktikamızda belə hallar var”.

Spiker Sahibə Qafarova isə təklifə münasibət bildirərək deyib ki, bu barədə MM-in Aparat rəhbəri Səfa Mirzəyev, I vitse-spiker ƏliHüseynli və hüquqşünaslar müzakirə aparsalar, daha doğru olar:

“Ancaq mən bildiyim qədərilə bu, mümkün deyil. Qanun layihələrini 3 oxunuşda qəbul edilməlidir. Bunu gələcəkdə hansısa formatda müzakirə edərik”.

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi də ikinci oxunuşda qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Deputatlardan xahiş edirəm ki…”-Spiker – MM-in növbəti iclası-BAŞLADI – YENİLƏNİB

Read Next

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi-QAYDASI DƏYİŞİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir