“Vətən Müharibəsi zamanı bəzi sənət, incəsənət adamları susdu və prosesləri kənardan seyr etdilər”-NOVRUZ ASLAN – (MÜSAHİBƏ)

Novruz ASLAN: “İfratçılıq heç vaxt, heç zaman, heç kim tərəfindən müsbət qarşılanmamalıdır”

Etikxeber.az-ın suallarını millət vəkili, bəstəkar Novruz Aslan cavablandırır:

-Novruz müəllim, son zamanlar xüsusilə sosial şəbəkələrdə mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri ilə bağlı müzakirələr açılıb və bu müzakirələrdə də tarixi Qələbə və Zəfərimizə, İkinci Vətən Müharibəsinə həsr olunmuş daha səs-küylü, daha qalıcı, daha gözəl əsərlərin yaranmamasından narazılıq edilir. O cümlədən, sənət, mədəniyyət, ədəbiyyat adamlarına qarşı sərt iradlar, ittihamlar səsləndirilir. Bir sənət, incəsənət xadimi olaraq, Siz bu barədə nə deyərdiniz? Eirazçılar, narazılar haqlıdırlarmı, yoxsa?…

– Birmənalı olaraq qeyd eMmək istəyirəm ki, həm Birici Qarabağ Müharibəsində, həm də İkinci Vətən Müharibəsində incəsənət sahəsində çox böyük əsərlər yarandı. Biz özümüz 44 gün ərzində şahidi olduq ki, bir çox sənətkarlar, sənətçilər-istər müğənnilər olsun, istər digər incəsənət xadimləri olsun-aktiv surətdə müharibə prosesinə qoşuldular. Mən elə təkcə musiqi sahəsini qeyd edə bilərəm ki, burada çoxlu əsərləri yarandı. Elə mənim özümün müəllifi olduğum “Qələbənamə” kompozisiyası yarandı. Başqa bəstəkarlarımız da digər gözəl əsərlər yaratdılar. Müğənnilərimizin bir çoxu bu prosesdə çox aktiv iştirak elədilər. Bəli, razıyam-bəzi insanlar oldu ki, onlar susdular və bu prosesləri, sadəcə, kənardan müşahidə etdilər. Mən özüm də həmişə bunun əleyhinə olmuşam, buna tənqidi yanaşmışam.

Amma açıq deyim ki, 44 gün ərzində istər radiolarımızda, istər televiziyalarımızda, istər digər sahələrdə sərasər milli-mənəvi dəyərləri özündə ehtiva edən, xüsusi olaraq, patriotik mahnıların, əsərlərin səslənməsinin şahidi olmuşuq. Mən özüm həmin vaxt bir neçə televiziya kanalında çıxış etmiş və bildirmişəm ki, bu dərəcədə patriotizm, vətənpərvərlik nümunəsini gözləmirdim. Yəni, birmənalı olaraq, bütün cəmiyyət, bütün dövlət strukturları hamısı Qələbəyə köklənmişdi və bu Qələbə də hər bir fərdin xüsusi əməyi nəticəsində baş verdi. Təbii ki, başda Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev olmaqla, bizim rəşadətli, müzəffər Ordumuz, Şəhidlərimiz, Qazilərimiz birlikdə tarixi Qələbənin təminatını bizə qismət etdi.

-Siz Azərbaycanda sevgi-məhəbbət mövzusunda yazılan gözəl əsərlərin, mahnıların müəllifi, bəstəçisi kimi tanınırsınız, mahnılarınızı, əsərlərinizi bir çox tanınmış sənətçilər sevə-sevə ifa edib və insanlara da sevdiriblər. Bunu hərbi-vətənpərvərlik mövzusunda yazılan, yazdığınız əsərlərinizə də şamil etmək olarmı? Yəni, bu yöndə altından ürəklə, şəstlə imza atılacaq, imza qoyacağınız əsəriniz varmı?

– 2000-ci illərin axırında, hələ Qarabağ işğal altında olanda-Nurlan Əzizbəylinin ifasında “Cəngi sədası” adında böyük bir musiqi əsəri yazmışdım. Ondan sonra Milli Qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş və gözəl sənətkarımız, Xalq artisti Nisə Qasımovanın ifasında bir əsərimiz var. Ümumiyyətlə, son zamanlar mənim yaradıcılığıma baxsanız, görərsiniz ki, sevgi-məhəbbət mövzusu tam arxa planda qalıb. Son 10-15 ildə yazdığım əsərlər sosial məsələlərə yönələn, yaşlılara kömək edək, uşaqlara yardım edək, vətənpərvərlik mövzusundadır. Təbii ki, məhəbbət mövzusu əbədi olan bir mövzudur. Ona da biz tez-tez müraciət edirik. Nəyə görə? Çünki şeir müəllifləri mənə müraciət edirlər və hazır şeir verəndə, ona musiqi yazır, əsər yaradırıq. Amma son zamanlar ümumən götürəndə ancaq və ancaq sosial sahədə və vətənpərvərlik mövzusunda olan əsərlərin üzərində çalışıram.

Hesab edirəm ki, insanların sosial maraqlarını əks etdirən əsərlərin yaranması bu gün çox aktualdır. Həm də bizim əsərlərimiz tərbiyəvi əhəmiyyət kəsb etməlidir. Məsələn, bu yöndə keçmiş həmkarım Hadi Rəcəblinin sözlərinə yazılan musiqimiz, mahnımız var. Bununla istədik gənclərimiz görsünlər ki, yaşlıların yanında olmaq, yaşlılara kömək etmək lazımdır. Və yaxud Gülnur Aslanın “Qoruyaq uşaqları” mahnısı, Heydər Əliyev Fonduna həsr olunan musiqi, o cümlədən “Mehriban insan” mahnısı. Onlar da hamısı sosial cəhətdən insanlara yardımçı və köməkçi olmaq çağırışlarını özündə əks etdirir və ehtiva edir. Hesab edirəm ki, bunlar çox vacibdir. 

-Novruz müəllim, bir məsələyə də münasibətinizi bilmək maraqlı olardı. Son bir il-il yarımda baş tacımız olan Şəhidlərimizə aid məclislərdə, mərasimlərdə nədənsə bəstəkarlarımızın həm Şəhidlərə həsr olunmuş, həm də bütövlükdə hərbi-vətənpərvərlik mövzusunda yazdıqları musiqi əsərlərindən daha çox dini mahnılara, dini musiqilərə, İlahilərə üstünlük verilir. Yəni, bu məclislərdə bir qədər də açıq şəkildə desəm, daha çox ağlaşma əhval-ruhiyyəli musiqilər üstünlük təşkil edir. Sizcə, bunun sonradan fəsadları olmaz ki?

– Təbii, mən də belə hesab edirəm ki, ifratçılıq heç vaxt, heç zaman, heç kim tərəfindən müsbət qarşılanmamalıdır. Hər bir şeyin ifratı gətirib mənfi nəticələrə çıxara bilər. Dini mövzuda mahnılar, musiqi əsərləri də səslənməlidir, amma bunlar ifrat səviyyəsində olmamalıdır. Eyni zamanda, çox əfsuslar olsun ki, sosial şəbəkələrdə olan, paylaşım edən, yəni, bu yöndə fəaliyyət göstərən qurumlar və yaxud insanların yeni yaranan əsərlərdən xəbərləri yoxdur. Hətta bir neçə dəfə görmüşəm ki, bizim radio dalğalarında xüsusilə, əlamətdar, tarixi günlərdə gözəl əsərlər qıraqda qalıb, onları səsləndirən yoxdur. Bilmirəm səbəb nədir. Ya onların fonotekasında həmin əsərlər yoxdur, ya da onların musiqi bazasında o əsərlər mövcud deyil. Amma onlardan da istifadə etmək lazımdır. Hesab edirəm ki, adıçəkilən məclislərdə, digər görüşlərdə, tədbirlərdə artıq o məlumat bazası, musiqi bazası olmalıdır. Yəni, kompüterdə hansı mahnını istəyirsən, onları qoymaq, istifadə etmək, səsləndirmək olar. Bəlkə də kimsə özünə əziyyət vermək istəmir. Bəlkə də onlar hesab edirlər ki, bunları axtarmaq, tapmaq bir az çətindir.

Məsələn, elə mənim şəxsən “Şəhidlər” adında böyük bir musiqi kompozisiyam var. İsmayıllı rayonundan təmsil olunduğuma görə biz böyük bir videoçarx yaratdıq və onu təqdim etdik. Hələ bundan öncə nə qədər əsərlərimiz var ki, vətənpərvərlik mövzusuna həsr olunub. Mən hələ digər bəstəkarları demirəm. Mən Faiq Sücəddinovu demirəm, Eldar Mansurovu demirəm. Onların da çox gözəl əsərləri var ki, onların hamısının şahidi olduq bu 44 gün ərzində. Ona görə hesab edirəm ki, burada bir az diqqətli və şüurlu surətdə mənfi çalarlı yanaşmaqdan uzaq olmalıyıq. Sizinlə razıyam, ola bilər ki, burada hansısa proqramlı bir münasibət var. Ola bilər ki, hansısa bir yanaşma maraqlar üzərində qurulub. Bəlkə də elə bilərəkdən bir çox musiqi əsərlərini qıraqda qoyaraq, məhz digər əsərlərin səslənməsinə daha çox üstün verirlər. Bu da öz əksini tapa bilər. Mən buna da yox demirəm, buna da etiraz etmirəm. Amma hər halda Vətən mövzusu birincidir və hesab edirəm ki, Vətən, vətəndaşlıq mövqeyi mütləq olaraq hər bir insanın ürəyində, qəlbində birinci yeri tutmalıdır.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

36 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir