“Vətən müharibəsində şanlı qələbənin əldə edilməsində Azərbaycan gənclərinin şücaət və qəhrəmanlığının böyük rolu olub”-DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ

Azərbaycanda gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların intellektual potensialından səmərəli istifadə etmək,  sosial-iqtisadi məsələlərinin  həllinə və s.  dəstək verməkdən ibarətdir. Gənclər siyasətinin  əsas vəzifələrini gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsiplərinə söykənməklə, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması və s. təşkil edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində  gənclərin vətənpərvərlik ruhunda  tərbiyə olunması məsələsi xüsusi yer tutur. Azərbaycan gənclərinin inkişafı ilə bağlı Dövlət proqramlarının uğurla həyata keçirilməsi gənclərin  ictimai-siyasi, iqtisadi və mədəni həyatda  fəal iştirakı,  gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Qeyd edək ki, gənclərin inkişafına dövlət səviyyəsində diqqət və qayğının nəticəsi özünü Vətən müharibəsində bir daha  göstərdi. Azərbaycan gənclərinin  müharibə başlayarkən  könüllü və kütləvi şəkildə  hərbi çağırış məntəqələrinə müraciət edərək,  döyüşlərdə iştirak etmək istəkləri  yüksək vətənpərvərlik əhval-ruhiyyəsinin ifadəsi  idi. Vətən müharibəsində şanlı qələbənin əldə edilməsində Azərbaycan gənclərinin şücaət və qəhrəmanlığının böyük rolu olmuşdur.             

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimiz əsasən gənclərdən ibarətdir. Onlar  Vətənimizi, xalqımızı, onun qürurunu, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Xalqımıza Zəfər sevincini yaşadan Azərbaycan Silahlı Qüvvələrinin zabit-əsgər heyətinə, müharibədə sağlamlığını itirən cəsur qazilərimizə, şəhidlərimizə və onların yadigarlarına ömür boyu  minnətdar və borcluyuq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğı hər birimiz üçün örnək olmalıdır. Xüsusilə,  27 sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilən yürüşü xatırlatmaq istərdim.  Dərin məna daşıyan  bu aksiya ölkə rəhbərliyi səviyyəsində Azərbaycan xalqının öz şəhidlərinin əziz xatirəsinə verdiyi yüksək dəyərin nümunəsi idi.

Şəhidlərimizin əziz xatirəsi Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – Heydər məscidi, Təzəpir məscidi, “Jen Mironosits” pravoslav kafedral kilsəsi, Bakının Avropa Aşkenazi Yəhudi Sinaqoqu, Ağdam Cümə məscidi, Kəlbəcərdəki Xudavəng məbədi, Laçındakı Ağoğlan məbədi, Şuşadakı Yuxarı Gövhər Ağa  məscidi və digər məscidlərdə, kilsələrdə, sinaqoqlarda da dərin ehtiramla yad edilmişdir. Dini ibadət yerlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub,  həmçinin ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması üçün dualar edilib.  Qeyd edim ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu şəhid ailələri ilə bağlı bir çox layihələr  həyata keçirir.  Fondun xətti ilə şəhidlərin doğum günlərində və  bayramlarda onların ailələrinin   ziyarət edilməsi, “Şəhid yadigarları”, “Biz Zəfərin övladıyıq”  kimi tədbirlərin  həyata keçirilməsi mütəmadi xarakter daşıyır.

Qarabağda erməni vandallar tərəfindən dağıdılan dini abidələr haqqında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  çəkilmiş  videoçarx və sənədli filmlər televiziya kanallarında, sosial mediada  nümayiş  etdirilir. Komitənin təşəbbüsü ilə Vətən müharibəsi haqqında  kitablar nəşr edilir, o cümlədən xarici mətbuatda müsahibə və məqalələr dərc olunur. Dövlət Komitəsi milli-mənəvi dəyərlərin  təbliği, xüsusilə gənclərin vətənpərvərlik və həmrəylik ruhunda tərbiyə olunması məqsədilə KİV, eləcə də sosial media vasitəsilə maarifləndirmə işi aparır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 1277 yeni yoluxma-DAHA 15 ÖLÜM…

Read Next

BİZ ONLARIN DA GƏLƏCƏYİNİN TƏMİNATÇISIYIQ…-Sabiq deputat yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir