Vətən sevdalıları-Fatehlər və ya BİR QƏDƏR GEÇİKMİŞ YAZI…-KAMİL HƏMZƏOĞLU YAZDI

Bu yazı əslində bir müddət öncə yazılmalı idi…

Ortaya başqa məsələlər düşdüyü, başım başqa-şəxsi işlərə qarışdığı üçün bir qədər gecikməli oldu…

Ancaq söz vermişdim ki, yazacağam və yazmalıydım da…

Deməli, gün bu gün imiş…

Haqlarında bəhs edəcəyim İgidlərimiz, Qəhrəmanlarımız barəsində də bir necə dəfə (qısaca olaraq) yazmışdım-həm şəxsi sosial şəbəkə hesabımda, həm də Etikxeber.az-da…

Ancaq onlar, Qəhrəmanlarımız haqqında daha geniş şəkildə bəhs edilməsinə, yazılmasına ehtiyac var idi, ehtiyac duydum…

Hər biri sözün əsl mənasında bir İgid, bir Qəhrəman, bir Cəsur, bir Fateh…

Bəli, məhz Fateh…

Çünki onların keçdiyi döyüş yolu ilə tanış olduqca, yəni, Vətən torpaqlarının, Qarabağımızın azadlığı, düşmən işğalından azad olunması üçün hər an, göz qırpmadan ölümə, Şəhidliyə hazır olduqlarını və 44 günlük İkinci Qarabağ Savaşında da bunu sübut etdiklərini duyduqca, gördükcə-sadəcə, FATEH kəlməsini işlətməkdən, yazmaqdan başqa söz qalmır, söz tapmıram…

Bəli, onlar-hər biri, beşi də Fatehdirlər…

Füzulinin, Hadrutun, Xocavəndin, Qubadlının, Daşlatının, Şuşanın, Ağdamın…düşmən tapdağından azad olunması uğrunda ən ağır döyüşlərdə iştirak ediblər, can qoyublar, fədakarlıqlar göstəriblər, dəfələrlə ölümlərdən dönüblər, düşmənə dağ çəkiblər…

Heç birini də heç kim məcbur etməyib, özləri öz istəkləri, öz müraciətləri ilə orduya (səfərbərliyə) yazılıb, Vətən torpaqlarını qorumağa, işğal altında, murdar düşmən tapdağında inləyən torpaqlarımızı düşməndən azad etməyə yollanıblar…

Qəbələli balası Vüsal Müzəffərov, əslən Dağıstanlı, Xasavyurdlu, Ləzgi balası Həsən Hüseynov, əslən Laçınlı Rüstəm Mirzəli, əslən Qazaxlı Ülvi Yoçuyev və əslən Astaralı Teyfur Təsəliyev…

Rüstəm Ülvi eyni məhəllədə-Bayılda yaşayırlar, dostdurlar, bir sinifdə oxuyublar…

Həsən, Teyfur, Vüsal da Bakıda yaşayırlar, başqa-başqa ərazilərdə…

Hər biri də İkinci Vətən Müharibəsindən öncə müxtəlif sahələrdə, peşələrdə çalışıblar…

Rüstəm 7 ilə yaxın hərbi polisdə işləyib, Həsən məşqçi-idmancıdır, Teyfur kiçik sahibkardır, Vüsal həm özəl təhlükəsizlik xidmətində işləyib, həm də bir müddət məşhur otellərdə aşpazlıqla məşğul olub…Ülvi də müharibəyəcən başqa sahədə çalışıb…

İlk öncə müharibəyə Vüsalla Həsən yollanıb…

Döyüş yolları və tanışlıqları Füzilidən başlayıb…

Sonra da Teyfur, Ülvi və Rüstəm…

Ülvinin döyüş yolu Talış, Barambat və nəhayət, Ağdamdan keçib, o istiqamətlərdə döyüşüb, vuruşub…

Vüsalla Həsənin isə Rüstəm və Teyfurla döyüş yolları Daşlatı, Şuşa, Qubadlı istiqamətlərində kəsişib…

Döyüş yoldaşlıqları da sonradan can dostluğuna, özlərinin dediyi kimi, qardaşlığa çevrilib…

Rüstəm Qazilər və Şəhidlər ailəsindədir həm də…

Atası Tahir kişi həm birinci Qarabağ Savaşının, həm də İkinci Vətən Müharibəsinin iştirakçılarındandır…

Əmisi, adını fəxr və qürurla daşıdığı Rüstəm Mirzəyev 1993-cü ildə Kəlbəcər istiqamətində döyüşlərdə Şəhid olub…

Atasının dayısı oğlu ilə xalası oğlu da 1992-ci ildə, doğulub boya-başa çatdıqları Laçın rayonunda Şəhid olublar…

Rüstəmin bir əmisi də Birinci Qarabağ Savaşının iştirakçısı və ikinci qrup müharibə əlilidir…

Əsl Qəhrəmanlar, İgidlər ailəsi…

Laçının tanınan, sayılıb-seçilən ailəsi, Laçında böyük əməkləri, xidmətləri olan nəsil…

Bəli, belə yerdə deyiblər ki, ot kökü üstə bitər...

Rüstəm deyir ki, Şuşa-İsa bulağı istiqamətində bir qohumu ilə rastlaşır və məlum olur ki, həmin qohumu bir neçə İgidimiz-Şəhidimizi axtarır…

Və sonra məlum olur, bilir ki, həmin İgidlərdən, Şəhidlərdən biri də onların qohumu, daha doğrusu, Rüstəmin anasının xalası oğludur…

Vüsal isə döyüş yollarından, xüsusilə, Daşlatı və Şuşa əməliyyatlarından elə şövqlə bəhs edir ki, bir anlıq özünü hansısa qəhrəmanlıq filmində hiss edirsən…

“Daşaltıda demək olar ki, mülki ermənilər adı altında Birinci Qarabağ Savaşında cinayətlərdə birbaşa əli, iştirakı olmuş ermənilər, erməni hərbçi ailələri yaşayırdı. Doxsan faizi hərbçilər idi…Bəlkə də Bakıda 100 ailədən birində bir hərbçiyə rast gələsən ya yox…Amma daşaltıdakıların hamısı hərbçilər, özü də əlləri xalqımızın qanına bulaşmış erməni cinayətkarları idi…Bununla belə, Azərbaycan Ordusunun, Qəhrəman Oğlullarımızın, Qardaşlarımızın, Şəhid və Qazilərimizin sayəsində Daşaltını azad etdik, 1992-ci ilin yanvarında Daşaltı faciəsində həlak olmuş, itkin düşmüş Şəhidlərimizin qısasını artıqlaması ilə aldıq…”-deyir Vüsal.

Vüsal onu da deyir ki, Daşlatıdan sonra Şuşa istiqamətində irəliləyiblər, vuruşublar, düz bir həftə Şuşada, Şuşa qalasında olublar, qalıblar…

Sonra da digər istiqamətlərdə olublar, Vətənin keşiyini çəkiblər…

Dekabrın sonları, yanvarın ilk günlərində isə hamısı tərxis olunub, xidmət etdikləri bölgələrdən evlərinə, ailələrinə dönüblər…

Rüstəm, Vüsal Teyfur “Füzulinin azad olunmasına görə”“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar Ali Baş Komandan tərəfindən…

Ancaq təəssüflər olsun ki, kimlərinsə səhvi üzündən Həsən Ülvi Haqq etdikləri, Haqları olan medal(lar)la təltif olunmayıblar…

İnanmaq istərdik ki, növbəti mərhələdə onların da Haqqı tanınacaq, onlar da Haqq etdikləri medal(lar)la təltif olunacaqlar…

Rüstım Ülvi həm də eyni ildəndirlər-1993-cü ildən…

Ülvi evli, iki gözəl övlad atası, Rüstəm isə hələlik subaydır…

Vüsalla Həsən də eyni ildəndirlər-1994-cü ildən…

Həsən iki gözəl övlad atası, Vüsal isə nişanlıdır…

Yaşca hamısından böyük olan 1988-ci il təvəllüdlü Teyfur da ailəlidir…

Rüstəmlə Teyfur yenidən necə deyərlər, talelələrini, həyatlarını hərblə bağlamaq istəyirlər…

Teyfur deyir ki, hərb sənətinə uşaqlıqdan həvəsi varmış…

Hərbçi olmaq onun uşaqlıq arzusu imiş, amma evin tək oğlu olduğu üçün ailəsi buna razı olmayıb…

Amma müharibədən sonra özünü hərbdən başqa heç bir yerdə görmür…

Rüstəm də hərbçi kimi, fəaliyyət göstərmək, qulluq etmək niyyətindədir…

Vüsal isə hələ də işsizdir, iş axtarır və…

Bəli, onlara qulaq asdıqca, dinlədikcə, bir daha belə Oğullarla, belə İgidlərlə fəxr edir, qürur duyursan, fəxr etdim, qürur duydum…

Fəxr edir, qürur duyursan, fəxr etdim, qürür duydum ki, Azərbaycanımızın, Vətənimizin, Xalqımızın belə Qəhrəmanları, İgidləri, Vətən sevdalıları var…

Zəfərimizə, Qələbəmizə görə, onlara minnətdarıq, borcluyuq digər Vətən İgidləri, Qəhrəmanları kimi…

Allah qorusun və üstlərində Yar olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Post-pandemiya dövründə kənd təsərrüfatına dövlət dəstəyi gücləndirilməlidir-EKSPERTİN BAXIŞI

Read Next

“Alim Vətən Müharibəsində iştirak edərkən Tərtər istiqamətində gedən döyüşlərdə Şəhidlik mərtəbəsinə yüksəlib…”-MM-İN KOMİTƏ SƏDRİ ŞƏHİD ALİM İBRAHİMOVDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir