“Vətən uğrunda” medalı ilə təltif olunan Şəhid qardaşlar-MUSA VƏ TURAL, ELGÜN VƏ ALTAY, NAZİR VƏ TACİR…

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün üç Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərin görə, həmin sərəncamlardan biri “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamdır

Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş hərbi qulluqçular “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar.

Silahlı Qüvvələrimizin 288 hərbi qulluqçusu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Onlardan 56-sı ölümündən sonra bu ordenlə təltif olunub. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanların 2-si general-leytenant, 2-si general-mayor, 12-si isə polkovnikdir.

Bundan başqa, 105 hərbçi 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Onlardan 15-i ölümündən sonra bu ordenlə təltif olunub. Bu ordenə layiq görülənlərin 6-sı polkovnikdir.

Həmçinin 3 general-leytenant 1-ci dərəcəli, 9 hərbçi 2-ci dərəcəli, 331 hərbi qulluqçu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərlə təltif olunub. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan hərbi qulluqçuların 44-ü ölümündən sonra bu mükafata layiq görülüb.

Prezident həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bu şərəfli mükafata Azərbaycan Silahlı Qüvvələrinin 3601 hərbi qulluqçusu layiq görülüb.

Qeyd edək ki, “Vətən uğrunda” medalı ilə təltif olunanlar arasında İkinci Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş, Şəhidlik məqamına ucalımış bir neçə ailədən olan Şəhid qardaşlar da var.

Onlar Mingəçevirdən olan və könüllü şəkildə müharibəyə gedən Musa Tural Həsənovlar, Ağdam rayonunun Çullu kəndindən olan, eyni gündə doğulan və eyni gündə Şəhid düşən Tacir Nazir Allahverdiyevlər, eyni zamanda, Lerik rayonundan olan məşhur çoban Xanışın nəvələri Elgün və Altay Mövlanovlardır.

Şəhid Musa Həsənovun 25 yaşı vardı, iki övlad-iki qız atası idi.

Qardaşı Turalın isə 26 yaşı vardı, o da iki övlad-iki oğul atası idi.

Musa noyabrın 5-də dəfn olunub, Turalın isə 69 gündən sonra Şəhidliyi təsdiqlənib.

Belə ki, sentyabrın 30-dan sonra Turalla bir daha əlaqə saxlamaq, ondan xəbər almaq mümkün olmayıb.

Yalınız 69 gündən sonra, dekabrın 8-də Turalın Şəhid olduğu təsdiqlənib və bu barədə Şəhidin ailəsinə xəbər verilib.

Şəhidimiz dekabrın 9-da Mingəçevir şəhər Şəhidlər xiyabanında, qardaşının yanında torpağa tapşırılıb.

Mövlanov qardaşlarından isə Səhid adını ilk Elgün alıb.

O, sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə Şəhid olub.

Elgün həm də İkinci Vətən Müharibəsində Lerikin ilk Şəhidi olub.

Müddətdən artıq hərbi xidmət edən, 20 yaşlı Altay qardaşının Şəhid olduğunu eşitsə də, döyüş yoldaşlarını tək qoymamaq üçün Elgünün dəfnində iştirak etməyib.

Ona dəfn üçün məzuniyyət versələr də, o, bu təklifdən imtina edib.

Qardaşının ölümündən bir ay sonra, Altay özü də Şəhidlik zirvəsinə ucalıb.

O, Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olub.

2000-ci ildə dünyaya gələn əkiz qardaşlar-Nazir və Tacir Allahverdiyevlər eyni gündə doğulduqları kimi, 20 ildən sonra-eyni gündə də Şəhid olublar.

Şəhid qardaşlar Ağdamın Çullu kəndində dəfn olunublar.

Hər ikisi də subay idi.

Əkiz qardaşların heç vaxt bir-birlərindən ayrılmadıqlarını deyən Şəhidlərimizin anası Mailə Allahverdiyeva isə mətbuata açıqlamasında bildirib ki, oğlanlarının toylarını da bir yerdə etməyi arzulayıbmış.

“Bir yatıb, bir dururdular. Həmişə bir yerdə olurdular. Hərbi xidmətə də qoşa getdilər. Gözləyirdim ki, gəlsinlər evləndirim. Eyni gündə evləndirəcəkdim onları. Gözaltıları da var idi. İki bacı istəyirdilər”-deyə, Mailə Allahverdiyeva əlavə edib….

Allah Şəhidlərimizə rəhmət etsin, nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az


Read Previous

“Xudavəng monastır kompleksi talan edilib”- MƏDƏNİYYƏT NAZİRLİYİ BƏYANAT VERDİ…

Read Next

JALƏ ƏLİYEVANIN DA TƏŞKİLATÇISI OLDUĞU “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” KAMPANİYASI HESABAT VERDİ: “44 günlük əzmli döyüşlər birlikdə, həmrəy olmağın vətəndaşımız və dövlətimiz baxımından nə qədər möhtəşəm və əhəmiyyətli olduğunu bizlərə bir daha isbat etdi”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir