“Vətəndaşlara dəstək paketləri bundan sonra da davam etdiriləcək…Hazırda regionlara gediş-gəliş müzakirə olunur…”-PREZİDENTİN KÖMƏKÇİSİ – YENİ TƏDRİS İLİNDƏ MƏKTƏBLƏR AÇILACAQMI? – YENİLƏNİB – (6)

“Dövlət tərəfindən koronavirus pandemiyası başlayandan vətəndaşlara dəstək paketləri davam etdirilir və bundan sonra da davam etdiriləcək”.

Etikxeber.az məlumat verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, bildirib ki, işçi saylarında azalmaya yol verilməməsi xüsusi diqqətdədir.

H. Hacıyev dünya üzrə 60 milyondan çox insanın yoxsulluğun ən aşağı həddinə düşəcəyini bildirib:

“Dünyada 100-dən artıq ölkəyə yardımlar edilib. Dünya ölkələri borclanmaya gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmiz borclanmaya getmir. Əksinə, vətəndaşlarımızın iqtisadi baxımdan dəstəklənməsi üçün xüsusi paketlər verilməkdədir”.

***

“Hazırda regionlara gediş-gəliş müzakirə olunur”-deyən PA rəsmisi bildirib ki, epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilərək bu məsələyə yenidən baxılacaq:

“Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər”.

***

Sonra “Dünyada vaksinlərlə bağlı hansı irəliləyişlər əldə edilməsi Azərbaycan hökuməti tərəfindən araşdırılır”-deyən H. Hacıyev bildirib ki, vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır:

“Tam özünü effektiv şəkildə doğrultmuş və alt nəticələrə yol verilməyən vaksinlərlə bağlı araşdırmalar aparılır. Xarici ölkələrlə də bu məsələ müzakirə edilir”.

***

“BMT Baş Assambleyasının xüsusi sessiyası 1 günlük tədbir deyil. Bu sessiya 1 il də davam edə bilər”-deyən H. Hacıyevin bildirdiyinə görə, bu sessiyanın gündəliyi artıq müəyyənləşib:

“Xüsusi sessiyanın gündəliyi bilavasitə COVİD-19-a həsr olunub. Artıq BMT Baş Assambleyasının prezidenti tərəfindən aidiyyəti işlər aparılmaqdadır”.

17:32

***

“Monitorinqin nəticələri tam avtomatlaşdırılmış şəkildə təhlil olunub. Aparılmış təhlil nəticəsində Bakı şəhəri ərazisində 101, Sumqayıt şəhərində isə 19 çimərlik istifadə üçün yararlı müəyyən edilib”.

Bunu isə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O, bildirib ki, çimərlik ərazilərində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla istirahətin təşkili üçün xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb:

“Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Həmin məlumatlar cimerlik.az xüsusi internet səhifəsində əks etdirilir. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri  və s. məlumatları əldə edəcəklər. Eyni zamanda yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürüləcəkdir. Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib”.

Sonra “Çimərliklərin açılmasına mövcud vəziyyət imkan verir. Bununla bağlı ölkə rəhbərliyinin tapşırığı var. Müəyyən edilmiş monitorinq qrupu pandemiyaya uyğun tələblərə riayət edilməsinə uyğun olan çimərliklər müəyyən edilib”-deyən Ü. Mehdiyev həmçinin bildirib ki, avqustun 5-dən fəaliyyətə başlayacaq “cimerlik.az” saytı bu sahədə informativ sayt olacaq:

“Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib”.

“Azərbaycan vətəndaşlarına zəruri hallar istisna olmaqla xarici səfərlərdən çəkinmələri tövsiyə olunur”.

Bunu da öz növbəsində H.Hacıyev bildirib.

PA rəsmisi qeyd edib ki, dünya ölkələrində pandemiyanın ikinci, üçüncü alovlanmadı baş verməkdədir:

“Hər zaman dövlətlər arasında yenidən uçuşların, sərhədlərin bağlanması və təkrar gücləndirici tədbirlər, təkrar digər dövlətlər tərəfdən birtərəfli şəkildə addımların atılması halları baş verə bilər ki, bu halda Azərbaycan vətəndaşları ölkə xaricində qala bilərlər. Hazırda xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsi ilə bağlı xüsusi məsələ və açıq mövzu demək olar ki, yoxdur. Məntəqələr üzrə təşkil olunan çarter reysləri də demək olar ki, dayandırılıb. O mənadakı artıq İstanbul reysi vasitəsilə digər ölkələrdə olan vətəndaşlar da tranzit yolla AZAL və Türk Hava Yollarının reysləri ilə ölkəyə gələ bilirlər. Quru sərhədə gəlincə, Gürcüstan və Rusiya istiqamətində müəyyən olunmuş qaydalara uyğun, qrafik çərçivəsində vətəndaşlarımızın ölkəmizə gətirilməsi təmin olunub”.

17:45

***

“May ayında yumşalmalardan sonra xəstə sayında artım olmuşdu. Ümid edirik ki, bu dəfə bu, baş verməyəcək. Ancaq bununla belə biz hazırlıqlı olmalıyıq”.

Bu fikri də TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O, işlərin eyni qaydada davam etdirildiyini bildirib:

“Çarpayı sayında artımlar olub. Yeni modul tipli xəstəxanalar açılıb. Yeni laboratoriyaların açılması da nəzərdə tutulur. Biz bütün qüvvəmizlə pandemiya ilə mübarizəyə hazır olmalıyıq”.

17:52

***

H. Hacıyev həmçinin deyib ki, ictimai nəqliyyatla bağlı məsələlərdə digər dövlətlərin təcrübəsinə baxılıb.

PA bildirib ki, ölkəyə gələn xarici ekspertlərlə də bu məsələ müzakirə edilir:

“Burada metronun ventilyasiya sistemi ilə bağlı məqamlar var. Yeraltı yerlərdə virusun yayılması daha da sürətlənə bilər. Ona görə də Bakı Nəqliyyat Agentliyinin qarşısında bununla bağlı müəyyən tələblər qoyulub”.

Daha sonra “İri ticarət mərkəzləri açıldığı təqdirdə bu və ya digər formada vətəndaşların orada cəmləşməsi baş verir”-deyən Prezidentin köməkçisi bildirib ki, əsas məqsəd bunun qarşısını almaqdır:

“Çimərliklər məsələsində bununla bağlı müəyyən portal yaradılıb ki, insanlar sıx toplaşmasın”.

Y. Qarayeva isə bildirib ki, kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir:

“Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər”.

***

H. Hacıyev daha sonra bildirib ki, iqtisadi paketlə əlaqədar yeni təkliflər təqdim edilib.

O, qeyd edib ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi, aidiyyəti strukturlar tərəfindən vergi ödəyicilərinə və muzdlu işçilərini ixtisara salmamış və dövlət tərəfindən müəyyən olunmuş qanun çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bu şərtlər tətbiq olunacaq. 

Məktəblərin yeni tədris ilində açılmasına gəlincə PA rəsmi deyib ki, Təhsil Nazirliyi qarşısında artıq bu tapşırıq qoyulub”.

O, qeyd edib ki, ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir:

“Onlar tərəfindən təkliflər, qeydlər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq. Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq”.

Etikxeber.az

Read Previous

Qafarova ilə Şentop arasında-NÖVBƏTİ TELEFON DANIŞIĞI…

Read Next

“Haranı açıb, haranı bağlayırsınız, öz işinizdir…Amma kitab satışı yerləri və kitabxanalar açıq olmalıdır”-FAZİL MUSTAFADAN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir