“Vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi yenidən – MÜZAKİRƏLƏRDƏ

Oktyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.

Etikxeber.az-ın xəbərinə görə, gündəliyə 9 məsələ daxil edilmişdi.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışdı.

ali-huseynli-1

Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir. Sənəddəki bir sıra müddəalara dair beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycan üçün uyğun olan model seçilib.

İclasda Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid məlumat verdi ki, iyul ayında bu sənədin ictimai müzakirəsi təşkil olunub. Müzakirədə xeyli təklif səsləndirilib. Birinci oxunuşdan sonra qanun layihəsində 30 dəyişiklik edilib.

Sonra komitəyə dəvət olunmuş hüquqşünasların rəyləri dinlənildi. Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə fikirlərini bildirdilər.

Deputatlar Elşən Musayev, Fəzail Ağamalı, Çingiz Qənizadə, komitə sədrinin müavini Məlahət İbrahimqızı rəy və təkliflərini diqqətə çatdırdılar. Komitənin sədri Əli Hüseynli bildirdi ki, deputatların və vətəndaş cəmiyyəti təmsilçilərinin irəli sürdükləri təkliflər nəzərə alınacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

İclasda “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş), “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Miqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (üçüncü oxunuş) qanun layihələrinə də baxıldı. Qərara alındı ki, bu qanunların beşi də plenar iclasa təqdim edilsin.

Deputatlar ikinci oxunuşa çıxarılmış qanun layihələrinə də müsbət münasibət bildirdilər.

Qərara alındı ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələlər də parlamentin müzakirəsinə təqdim olunsun.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qaçqınlıq faciəsi Avropada və dünyada getdikcə daha iri miqyaslar almaqdadır” – RAFAEL HÜSEYNOV

Read Next

Fernandez bir neçə ay yaşıl meydanlardan uzaqda qalacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir