“Valideynlər övladlarını var-dövlətə qurban verməməlidir” – DEPUTAT QƏZƏBLƏNDİ

Rəsmi-Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, bu ilin geridə qalan 5 ayı ərzində Azərbaycanda 7082 boşanma halı qeydə alınıb. Bu, çox narahatedici və düşündürücü bir rəqəmdir. Bu, hər birimizi, bütövlükdə cəmiyyətimizi düşündürməli, silkələməli, oyatmalıdır.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, şair Tahir Rzayev deyib.

O, qeyd edib ki, bu, bəlkə də başqa ölkədə olsaydı, narahatlıq doğurmaya bilərdi, bəlkə də adi, normal hal sayılardı, amma Azərbaycan kimi bir ölkədə belə halların yaşanması yolverilməz və qəbuledilməzdir.

Millət vəkilinin sözlərinə görə, yarandığı gündən gözəl, müsbət, nümunə, örnək sayıla biləcək ailə ənənələrinə malik olan Azərbaycanda ailə institutunun yavaş-yavaş aradan çıxmasına və ya çıxarılmasına yol vermək, dözmək olmaz.

“Bizim  illərin, əsrlərin süzgəcindən keçib gələn adət-ənənələrimiz, ailə dəyərlərimiz, gözəl ailə institutmuz var. Bu, bizim bir xalq, bir millət, bir dövlət olaraq, hər zaman uğurumuz, qürurumuz sayılıb. Fəxr etmişik, qürur hissi keçirmişik ki, bu cür ailə institutumuz, ailə dəyərlərimiz var. Amma çox təəssüflər olsun ki, bu dəyərlərimiz getdikcə deqradasiyaya uğrayır, ailə institutumuz sıradan çıxır.

Bəzən bunların səbəbini, boşanmaların sayının sürətlə artmasını sosial durumla, maddiyyatla əlaqələndirirlər. Mən bunlarla heç də razı deyiləm. Bəzən elə ailələr dağılır, məhv olub gedir ki, baxıb görürsən ki, səbəbi heç də sosial durum, maddiyyat deyilmiş. İmkanları, dolanışıqları yetərincədir. Amma anlaşa, uzlaşa bilmirlər, sonda da boşanmaya qərar verirlər. Bu məsələdə gənclərdən, boşanan cütlüklərdən daha çox valideynlər, ailələr, onları zorla, məcburən evliliyə, ailə qurmağa vadar edən, itələyən ata-analardır.

tahir_rzayev_C00134

“Mənim oğlum  yalnız filan vəzifəlinin qızını almalıdır, mənim qızım filankəsin imkanlı oğluna ərə getməlidir” və sair deyib, övladlarını bədbəxt edən valideynlərdir günahkar…Övladları, oğul, qız, fərqi yoxdur, şəxsi, maddi maraqlara, var-dövlətə qurban etmək olmaz. Bu, bağışlanılmaz bir günahdır, qəbahətdir.

Valideynlər övladlarını evləndirərkən öz böyükləri, ağsaqqalları, ağbirçəkləri, örnək ailələlərin insanları ilə məsləhətləşməlidirlər, sonra qərar verməlidirlər. Bu məsələdə “mən hamıdan ağıllıyam, nəyimə lazım filankəsin fikri?!”-demək, ədalanmaq, yekəxanalıq etmək olmaz. Olanda da, axırı belə olur-faciəli, üzüntülü, kədərli.

Eyni zamanda, gənclər özləri bu məsələdə olduqca diqqətli, məsuliyyətli olmalıdılar. Ətraflarında yaşananlardan ibrət, dərs almalıdırlar, sevgi adı ilə ani qərar verib öz həyatlarını, eləcə də, başqalarını həyatlarını qaraltmamalıdırlar. Söz, məsləhət dinləməlidirlər.

Həmçinin, ziyaılılarımız, örənək insanlarımız bu məsələdə önə düşməli, insanları səhv yoldan geri döndürməlidirlər, təbliğat, maarifləndirmə aparmalıdırlar. Yoxsa, bir millət və xalq olaraq, geriyə dönüşü mümkün olmayan yola çıxa,  daha  ağır və sağalmaz mənəvi yaralar ala bilərik. Artıq “dur” deməliyik, “dur” demək zamanıdır”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mərdəkan və Pirallahıda qaz olmayacaq – BU GÜN

Read Next

“Bu məsələlərlə İlham Əliyev və Mehriban Əliyeva məşğul olmalıdır?” – DEPUTAT NAZİRƏ “İSTEFA” ÇAĞIRIŞI ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir