“Varujan Qarabedyan, Monte Melkonyan, Vazgen Sislyan kimi terrorçulara Ermənistanın xüsusi qayğı göstərməsinə AŞ göz yumur…” – RAFAEL HÜSEYNOV

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın AŞPA-nın payız sessiyasının ikinci iş günündə deputatların suallarını cavablandırmasına həsr olunmuş parlament saatı bir sıra aktual məsələlərə diqqət yönəldilməsi ilə yadda qalıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əslində bütün Avropa Şurasına ünvanlanın sualını səsləndirib. Suala keçməzdən əvvəl o, müasir dünyanın üzləşdiyi ən müdhiş bəlalardan olan terrorizmə qarşı mübarizədə bütün ölkələrin həmrəylik ifadə etdiyi bir vaxtda erməni terrorizminin əleyhinə kəskin reaksiya verilməməsinin anlaşılmaz bir yanaşma olduğunu bildirib.

O, Ermənistanın beynəlxalq aləmdə mənfur əməlləri ilə məşhur olan “Asala” kimi terror təşkilatının üzvü olaraq saysız terror əməlləri törətmiş cinayətkarlara nəvaziş göstərməsini, onlara Yerevanda heykəl qoyulmasını, xatirələrinin əbədiləşdirilməsini, canilərin milyonlar qazanmasından ötrü onlara geniş biznes imkanları yaradılmasını assambleya üzvlərinə konkret faktlarla bəyan edərək T.Yaqlanda belə bir sual ünvanlayıb:

“Terrorizm bu gün bütün dünyanı narahat edən bəladır. Bütün beynəlxalq təşkilatlar və ölkələr terrorizmə qarşı mübarizədə həmrəyliklərini bəyan edirlər. Amma təəccüblüdür ki, Avropada, dünyanın müxtəlif ölkələrində, Cənubi Qafqazda böyük insan itkiləri ilə nəticələnən qanlı terror aktları törətmiş Varujan Qarabedyan, Monte Melkonyan, Vazgen Sislyan kimi terrorçulara Ermənistan dövlətinin xüsusi qayğı göstərməsinə Avropa Şurası göz yumur. Ermənistan dünyada məşhur olan belə terrorçuların ölənlərini rəsmən milli qəhrəman edir, adlarına küçə verir, dirilərinə Ermənistanda geniş biznes imkanları yaradır, terrorizmə dövlət səviyyəsində dəstək göstərir. Avropa Şurasından bütün belə hərəkətlərə etirazı ifadə edən hansısa sərt bəyanatı nə zaman eşidəcəyik?”

R. Hüseynovun birbaşa cavab tələb edən bu sualının qarşısında T.Yaqland əsas mətləbdən yayınıb, bu problemin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olduğunu, iki üzv ölkə arasındakı qarşıdurmanın təfərrüatları ilə məşğul olmağın ATƏT-in Minsk qrupuna həvalə edildiyini bildirib. Amma Avropa Şurasının da bu münaqişənin diplomatik vasitələrlə həllinə daim töhfə verməyə hazır olduğunu vurğulayıb.

“İstənilən halda, harada olmasından asılı olmayaraq bütün terrorizm aktlarını pisləyirik” – deyə, T. Yaqland vurğulayıb.

Etikxeber.az

Read Previous

Beyl “Real Madrid” futbol klubundan ayrıla bilər?!

Read Next

“Orta Şərq coğrafiyasında insanlıq tarixinin ən böyük dramı yaşanmaqdadır” – QƏNİRƏ PAŞAYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir