“Vatikan başçıları əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfər etmir, amma…”- POLİTOLOQ

“Roma Papası Fransisk Azərbaycana birgünlük səfərə Gürcüstandan gəldi, 24 iyunda isə o Ermənistanda səfərdə olmuşdu. Roma Papası Ermənistana səfəri zamanı İrəvandakı “soyqırım” abidəsini ziyarət etməklə yanaşı “erməni soyqırımı olub” ifadəsini işlətmişdi. Bu açıqlama Türkiyədə narazılıqla qarşılandı. Vatikan “erməni soyqırımını” əvvəlki illərdə tanıyıb”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Roma Papasının İrəvandakı çıxışı zamanı işlətdiyi bir ifadə isə Azərbaycanda narazılıqla qarşılanmışdı. Vatikan başçısı bu cümləni işlətmişdi: “Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur”.

Onun sözlərinə görə, Roma Papası ermənilərə verdiyi vədi yerinə yetirmədi. Çünki, o Bakıdakı çıxışların heç birində “kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” ifadəsini işlətmədi. Əskinə Roma Papası Bakıdakı çıxışlarında iman, sülh və ədalətdən danışdı.

Bu baxımdan, politoloq hesab edir ki, Roma Papasının Bakıda Heydər Əliyev Mərkəzindəki çıxışını iki hissəyə bölmək olar:

“Birinci hissədəki mesajı: “Azərbaycan təkkonfesiyalı ölkə deyil. Azərbaycanda dini azadlıqlar tam təmin edilib”.

İkinci hissədəki mesajı: “Azərbaycanda ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Qərbin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun”.

Birinci mesaj Azərbaycan prezidentinin yürütdüyü siyasətin Vatikan tərəfindən dəstəyini tərənnüm etdirir. İlham Əliyevin multikulturalizmə söykənən – dini dözümlülük siyasəti Roma Papasının da diqqətini çəkib.

İkinci mesajda isə Roma papası Dağlıq Qarabağ münaqişəsindən ümumi sözlərlə danışır. Ondan əvvəl danışan İlham Əliyev diqqəti Azərbaycan torpaqlarının işğalı faktına yönəldir. Ancaq Roma papası çıxışında “Dağlıq Qarabağ” və “ərazi bütövlüyü” ifadələrini işlətmir. Bununla Vatikan başçısı Azərbaycanla Ermənistan arasındakı qarşıdurmada kimsənin tərəfini tutmaq istəmədiyini göstərir və fikrini ümumi sözlərlə ifadə edir. Bu isə Azərbaycan ictimaiyyətində müsbət qarşılana bilməz.

Buna baxmayaraq, rəsmi Bakı Vatikanla münasibətlərə əhəmiyyət verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Birinci səfər 2002-ci ildə reallaşmışdı. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan istisnadır.

Azərbaycanda katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papasının müsəlman Azərbaycana səfəri Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu Vatikanın bəzi muzeylərinin təmirinə maliyyə ayırır. Bu isə Roma Papası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycandan başqa hansısa digər müsəlman ölkəsinin Vatikanın müzeylərinin təmirinə maliyyə yardımı ayırması nümunəsi yoxdur.

Bu dəstəkdə rəsmi Bakının siyasi məqsədi də var. Bu yardımla rəsmi Bakı həm Azərbaycanın dini tolerant ölkə olduğunu nümayiş etdirir, həm də dünyada böyük nüfuza malik olan Vatikanın ərazi bütövlüyü prinsipinə diqqət ayırmasına çalışır. Birinci məsələdə müsbət nəticə var, ikincidə yoxdur”.

Etikxeber.az

Read Previous

“Qəbələ” komandası “Qarabağ”a qalib gəldi-dövrəni birinci pillədə başa vurdu

Read Next

Bakıda VII Avropa film festivalı olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir