Vergi sisteminin təkmilləşdirilməsilə bağlı layihə ölkə başçısına təqdim ediləcək

“Xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün sistemli, təşkilati- iqtisadi tədbirlər görülür”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisinin (MM) növbəti plenar iclasında Azərbaycanın 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, xarici risklərin ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün büdcənin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülür:
“Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycanın inkişafında büdcənin rolu artıb, irimiqyaslı , dünya əhəmiyyətli sosil-iqtisadi proqramlar həyata keçirilib. Azərbaycanın apardığı büdcə siyasəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır”.
Z.Səmədzadə qeyd edib ki, 2016-cı ildə büdcə proqnozlarının icrası, vergi ödəyicilərinə göstəriləcək xidmətlər və vergi inzibatçılığının təkmilləşdirilməsi, sadələşdirilməsi istiqamətində işlər, müasir texnologiyaların tətbiqi, eləcə də şəffaflıq, partnyorluq prinsiplərinə riayət edilərək strateji məqsədlərin yerinə yetirilməsi istiqamətində aparılan funksional və struktur islahatlar 2017-ci ildə də davam etdiriləcək:
“Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılıb və proqnoz göstəricilərinin ÜDM-in 11,7% qismində nəzər alınması təklif edilir. Eyni zamanda, büdcə gəlirlərinin 45%-nin Vergilər Nazirliyi xətti ilə daxilolmaların payına düşməsi nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur. Neft-qaz sektorunun payına düşən gəlirlərin azaldılması istiqamətində işlər davam etdiriəcək. Gələn il qeyri-neft sektorunun hesabına 75,5% gəlirlər nəzərdə tutulur ki, bu da çox yüksək rəqəmdir”.
Komitə sədri onu da deyib ki, vergi sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan layihə yaxın zamanlarda ölkə başçısına təqdim ediləcək və bu sənəd əsasında islahatlar davam etdiriləcək:
“Vergi sistemində şəffaflığın təmin olunmasına nail olmaqla, büdcədə vergidən daxilolmaları artırmaq mümkün olacaq”.
Z.Səmədzadə bildirib ki, eyni müsbət fikirləri Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar: 
“Həmin proqnozlar da artımla müşahidə olunur. Aparılan islahatlar və şəffaflıq nəticəsində gömrük xətti ilə daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaq. Bütövlükdə Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çəkisi artacaq”.
Etikxeber.az

Read Previous

İnkişafa ciddi mane olan amil bank sektorundakı vəziyyətdir – SƏMƏDZADƏ

Read Next

Dövlət büdcəsinin gəlir və xərcləri 300 milyon manat artırlır- NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir