Cümhuriyyətin qurucuları ilə fəxr edirik – PREZİDENT – YENİLƏNİB – (1)

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

***

“Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik”.

Bunu isə Azərbaycan prezidenti açılış mərasimində deyib.

Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi Oyunlarından söz açan İ. Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: “2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib”.

Ölkədəki tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir.

Dövlət başçısı VI Qlobal Bakı Forumunun həmsədrlərinə və iştirakçılarına təşəkkür edib.

***

“Bu gün Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək”.
 
Bunu da Azərbaycan prezidenti çıxışında deyib.

O, bildirib ki, gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək:

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır”.

Prezident xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək:

“İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik”.

Etikxeber.az

Read Previous

RUSİYADA DÜNYA ÇEMPİONATI TƏXİRƏ DÜŞSƏ… Deputat yazdı

Read Next

Dördtərəfli görüş növbəti dəfə Gürcüstanda olacaq – FOTO – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir