Xəbər verildiyi kimi, bir neçə gün öncə ölkə prezidentinin sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov vəzifəsindən azad edilərək, daxili işlər naziri təyin olunub.
Həmin vaxtdan bu günə kimi isə onun yerinə, daxili işlər nazirinin birinci müavini postuna təyinat olmayıb.
Etikxeber.az xəbər verir ki, daxili işlər nazirinin birinci müavini postuna bir neçə tanınmış şəxsin adı çəkilir.
Bunlar arasında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri Səhlab Bağırov və digərləri var.
Lakin adının çəkilməsinin istəməyən mənbənin saytımıza verdiyi məlumata görə, adları çəkilən şəxslərdən heç biri bu posta təyin olunmayacaq.
“Təbii ki, bu, prezidentin verəcəyi qərardır. Onun qərarının necə olacağını tam dəqiqliyi ilə demək olmaz. Son anda da dəyişiklik ola bilər. Adları çəkilən şəxslər kifayət qədər tanınmış və sınanmış şəxslər olsalar da, onların bu posta təyin olunmaları bir qədər mümkün görünmür. Daxili işlər nazirinin birinci müavini vəzifəsinə həm sürpriz sayılacaq, həm də bir o qədər sürpriz sayılmayacaq bir şəxs təyin olunacaq. O, nazirliyin özündə yüksək vəzifə daşıyır, general rütbəsindədir. Ancaq yenə də qeyd edirəm ki, son anda da qərar, seçim dəyişikliyi ola bilər. Cənab prezident kimi uyğun biləcək, onu da təyin edəcək”-deyə, adının çəkilməsini istəməyən mənbə bildirib.
Etikxeber.az