Vitse-prezidentlər kimlər olacaq: Əli Əhmədov, Əli Həsənov, Əli Hüseynli, yoxsa?..

Saytımızda da xəbər verildiyi kimi, sonuncu referendumdan, yəni, ötən ilin sentyabr ayının 26-da ümumxalq səsverməsilə sonuclanan Konstitusiya dəyişikliklərindən sonra Azərbaycanda vitse-prezidentlik istitutunun yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə də  konkret addımların atılması, vitse-prezidentlərin müəyyənləşdirilməsi və təytinatı yönündə hazırlıq prosesinə start verilib. Yaxın günlərdə ölkə başçısının bu məsələ ilə bağlı müvafiq sərəncamlar (fərmanlar) verəcəyi, yəni, birinci vitse-prezident və vitse-prezidentin təyin olunacağı ehtimal edilir və ya gözlənilir. 

Etikxeber.az-ın Gununsesi.info-ya istinadən məlumatına görə, birinci vitse-prezident və vitse-prezident postlarına konkret namizədlərin adları da artıq çəkilməkdədir: bunlar baş nazirin müavinləri-Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavinləri-icra katibi Əli Əhmədovla, “Dölətqaçqınkom”un sədri Əli Həsənovdur. Daha çox bu iki şəxsin  məlum postlara təyinatı təxmin edilir və ya gözlənilir. Bunlar da səbəsiz deyil-hər iki şəxs istər hakimiyyətə sədaqətinə, istərsə də təşkilatçılıq və idarəçilik qabiliyyətinə görə etimadı doğrultmuş şəxslərdir. Hər ikisi də hakimiyyətdə və hakim partiyada güclü dayaqlara malikdirlər, həmçinin, yüksək natiqlik qabiliyyəti ilə seçilmiş və hakimiyyətdaxili intriqalardan kənarda , iqtidardaxili qrupların hamısı ilə eyni məsafədə dayanmağı bacarmış kadrlardır.

Ancaq fakt və reallıq odur ki, Azərbaycandakı  bır sıra mühüm postlar daxili faktorlarla yanaşı, xarici faktorlar nəzərə alımmaqla, öz sahiblərini tapır. Eyni zamanda, Azərbaycanda  Anadolu türkləri demişkən,  “dəngə”lərin bir anın içində dəyişməsi də heç kimə artıq sirr və yeni məsələ deyil. Necə ki, 2005-ci ilin parlament seçkiləri ərəfəsində və seçkilərdən  sonra “dəngə”lərin bir andaca dəyişməsi baş vermişdi. Belə ki, seçkilərdən sonra hakim partiyadakı ikinci şəxsin-Əli Əhmədovun  mərhum Murtuz Ələsgərovun yerinə parlamentin yeni sədri seçilməsi hər kəs tərəfindən reallıq və həllini tapmış məsələ kimi görünürdü.  O zaman hətta, bu yöndə ilkin müzakirələr-ilkin razılıqlar da ortadaydı.  Həmin vaxt Əli Əhmədovun spiker,  yüksək intellektual keyfiyyəti və təşkilatçılıq qabiliyyəti ilə  ilə həm hakimiyyətdə, həm  cəmiyyətdə rəğbət qazanmış parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin birinci vitse-spiker seçilməsi, Ziyafət Əsgərovla  Göhvər Baxşəliyevanın da vitse-spikerlər kimi öz postlarında qalmaları razılaşdırılmışdı.  Amma sonradan bir anın içində hər şey dəyişmiş, gözlənilmədən “Azərsu”nun  şefi, sıravi millət vəkili Oqtay Əsədovun spiker, Ziyafət Əsgərovun birinci vitse-spiker, YAP icra katibinin keçmiş müavini Bahar Muradova ilə ARDNŞ-in vitse-prezidenti  Valeh Ələsgərovun isə vitse-spikerliyi ilə bağlı qərar verilmişdi. Bu da həm iqtidarda, həm  hakim partiyada, həm iqtidaryönlü deputatlar arasında çaşqınlıq və təəccüb yaratmışdı.

Xüsusilə də, spikerliyə hazırlaşan Əli Əhmədovla spikerliyinə qərar verilən Oqtay Əsədov, birinci vitse-spikerlikdən komitə (Regional məsələlər komitəsinin sədri vəzifəsinə) sədrliyinə endirilən Arif Rəhimzadə ilə Ziyafət Əsgərov arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdı. Həri iki şəxs məlum təyinatlara açıq şəkildə etirazlarını bildirmiş, hətta, o zaman Arif Rəhimzadə YAP İdarə Heyətinin iclasını əsəbi şəkildə və sərt ittihamlarla tərk etmişdi. Əli Əhmədovla Oqtay Əsədov arasında münasibətlər isə həmin vaxtdan elə  bugünədək gərgin olaraq qalmaqdadır. Əli Əhmədovun “qəlbini” almaqdan ötrü isə onun 3-cü müddətə deputatlığına yarımçıq xitam verilərək ( həmçinin, post-Rasizadə dövrünə hazırlıq üçün),  baş nazirin müavini vəzifəsinə təyinatı gerçəkləşdiril(miş)di.

Onu da qeyd edək ki, O. Əsədovun spikerliyi uzun müddət hakim partiyanın parlamentdəki iriçəkili fiqurları (bir neçə komitə sədri tərəfindən) tərəfindən də  qəbul olunmamışdı. Ancaq sonradan yuxarıların tapşırığı və təsiri ilə tərəflər arasında “barışıq” əldə edilməsinə nail olunmuşdu. Eyni zamanda, baş prokurorluq və birinci vitse-spikerlik  gözləntiləri baş tutmamış Əli Hüseynlinin incikliyi də onun uzun müddət susmağa, hətta, mediadan (eləcə də hakimiyyətyönümlü KİV-lərdən) uzaq dayanmağa üstünlük verməsi ilə özünü biruzə vermişdi…

 Odur ki, saytımızı bilgiləndirən mənbə  və  bəzi məlumatlı ekspertlər vitse-prezidentliklə də  bağlı ani qərar dəyişikliyinin olmasını, “sürpriz”lərin baş verməsini (ehtimalını) istisna etmir. Bu yerdə qeyd edək ki, vitse-prezidentliyə namizədlər arasında  artıq Əli Hüseynlinin də adı çəkilir. Onun da şansı yüksək qiymətləndirilir. Ancaq hər şey ölkə Prezidentinin verəcəyi qərardan, həmçinin,  ölkədaxili və ölkəxarici önəmli  faktorların, reallıqların nəzərə alnmasından asılı olacaq…

ali-huseynli-1

ali-hasanov-bas

Etikxeber.az

Read Previous

Fevralın 7-də keçiriləcək hərraca 95 dövlət əmlakı çıxarılıb

Read Next

O, bir Allah vergisi, fitri istedad idi… – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir