“Xəbər saytlarının evdən işləməsi mümkündür, televiziyalara isə tövsiyə edilib ki…”-RAMİN BAYRAMLI – YENİLƏNİB – (1)

Uzunmüddətli qapanmalar epidemioloji baxımdan daha çox müsbət nəticə verə bilər. Ancaq təhlil edilməmiş heç bir qərar qəbul edilmir. 

Etikxeber.az məlumat verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, həftə sonu, bayram günləri qapanma barədə qərar verən ölkələrin nəticələri məlumdur:

“Bu sahədə müsbət nəticələr var. 7-10 gün sonra hansı nailiyyətin əldə olunduğu barədə məlumat verə biləcəyik. Təhlillər müsbət təsirin olacağını göstərir. İnsanlar həftə ərzində də qaydalara mütləq riayət etməlidir”.

“Beynəlxalq uçuşlarla bağlı bir sıra qurumları, xarici hava nəqliyyatı qurumları öz məlumatlarını veriblər”-deyən R. Bayramlı bildirib ki, ölkəmizdə bu istiqamətdə müzakirələr əvvəldən də anons etdiyimiz kimi hələ davam etdirilir: “Bir sıra qaydaların qəbul olunması məsələsinə baxılır. Güman edirik ki, biz bu məsələni 1 iyula qədər gecikdirə bilərik”.

Sonra “Daxili uçuşların yaxın günlərdə bərpa olunması gündəmdədir”-R. Bayramlının sözlərinə görə, hava nəqliyyatında uçuşları tənzimləyən metodiki göstərişlər tərəfdən hazırlanıb təqdim olunub və təsdiqlənib:

“Təbii ki, bu, Operativ Qərargahla, o cümlədən hava nəqliyyatı sahəsindəki qurumlarla birlikdə hazırlanıb. Burada istər hava gəmisinin içərisində xüsusi yoxlama rejiminin tətbiqi, sərnişinlərin say məhdudiyyəti, o cümlədən daxili uçuşlar zamanı gəliş və gedişlərdə – xüsusilə Gəncə və Naxçıvan nəzərdə tutulur – laborator analizlərin keçirilməsi ilə bağlı məsələlər var. Burada bəzi müzakirə tamamlanmamış məqamlar qalmaqdadır. Bunlar da tamamlanmaq üzrədir. Yəqin ki, bu barədə çox qısa müddət ərzində məlumat veriləcək”.

***

“Fərdi avtomobillərin hərəkətinə icazə verilmir. İmkanı olan qurumlar öz avtomobilləri ilə əməkdaşlarını işə gətirə bilərlər. İmkanı olmayanlar isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər”.  

Bunu da R. Bayramlı bildirib. R. Bayramlının dediyinə görə, fəaliyyəti fasiləsiz davam etdirilən sahələrdə iş prosesi dayanmayacaq: “Tütün istehsalı kimi müəssisələr həftə sonlarında çalışmırdı. Ona görə də onların fəaliyyətinə həftə sonu icazə verilməyəcək”.

R. Bayramlı eyni zamanda bildirib ki, çarpayı sayımız kifayət qədərdir, modul xəstəxanalar da açılır. Ona görə də məktəblərdən xəstəxana kimi istifadə edilməsinə heç bir ehtiyac yoxdur. R. Bayramlı deyib ki, xəstəxanalar süni nəfəs aparatları ilə tam təchiz olunub.

Daha sonra “Xəbər saytlarının evdən işləməsi mümkündür”-deyən R. Bayramlı söyləyib ki, fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarının məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur:

“Televiziyalara tövsiyə edilib ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarına bu barədə məlumat verilib”.

***

Mətbuat konfransı zamanı TƏBİB rəhbəri qeyd edib ki, xüsusi rejimli xəstəxanalar üçün 5 min, modul tipli xəstəxanalar üçün isə 2 min yataq nəzərdə tutulur.

O, qeyd edib ki, bu gün ölkədə 2700 civarında aktiv koronavirus xəstəsi var:

“Xəstələrin böyük əksəriyyəti Bakıdadır. Ona görə də bu ərazidəki xəstələrin üzərinə düşən yük artır. Hazırda resurslarımız kifayət qədərdir. Sadəcə epidemioloji gedişat bizi narahat edir”.

Etikxeber.az

Read Previous

“Özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın”-SAHİBƏ QAFAROVADAN NÖVBƏTİ ÇAĞIRIŞ

Read Next

Sərnişindaşıma iyunun 6-sı 00:00-dan iyunun 8-i 06:00-dək dayandırılacaq-METRODA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir