Xəstə övladı ilə taleyin amansız axarına buraxılan, tərk edilən, daxmada yaşayan, Şəhid qardaşının Haqqını arayan Nailə Əmiraslanovanın-ACI HƏYAT HEKAYƏSİ – ŞƏHİD BACISI ÖLKƏ PREZİDENTİ VƏ BİRİNCİ XANIMDAN KÖMƏK İSTƏDİ… – FOTOLAR

Məsəl var: Dərd batmanla gələr, amma misqalla çıxar…

Bu məsəl, bu deyim sanki Nailə xanım üçün deyilibmiş, onun alnına, taleyinə, qismətinə yazılıbmış…

Ömrünün 6-cı onilliyini baş vurmağa hazırlaşan, 23-24 yaşlarından həyatı əzablar, acılar içində keçən Nailə Səftər qızı Əmiraslanova üçün…

Nailə xanım 1961-ci ildə Kürdəmirin Şahsevən kəndində sadə, zəhmətkeş bir ailədə anadan olub…

Ailədə 3 uşaq, iki qardaş, bir bacı olublar, Nailə həm də ailənin tək-yeganə qızı olub…

1984-cü ildə, 23 yaşında Bərdəli bir oğlanla ailə həyatı qurub və bundan sonra həyatının, ömrünün ən çətin, ən acılı anları yaşanmağa, yaranmağa başlayıb…

Bir neçə il övlad sahibi ola bilməyən Nailənin 1990-cı ilin avqust ayının 10-unda Elvin adlı bir oğlan övladı gəlib…Və bununla da Nailə özünü dünyanın ən xoşbəxti sayıb…

Amma sən saydığını say, gör… amansız, acımasız həyat, tale nə sayır…Cəmi bir yaşından sonra balaca, körpə Elvinin (peyvənd vurulandan sonra) səhhətində ciddi problemlər yaranmağa başlayıb, o, iflic, ömürlük yataq xəstəliyinə məhkum olub…

“Ata” adlanan varlıq, məxluq isə övladına sahiblənmək, həyat yoldaşı ilə acını bölüşmək əvəzinə Nailənin qarşısında şərt qoyub: Ya uşaq, ya da mən, yoxsa, boşanırıq, mən xəstə uşağa baxan deyiləm…

Təbii ki, Nailə xanım da bir ANA kimi övladını-Elvini üstün tutub və övladına bərk-bərk sarılıb, sahiblənib…

Və həyat yoldaşından ayrılıb, minbir əzab-əziyyətlərlə də olsa, övladına baxmağa, onu böyütməyə, boya-başa çatdırmağa çalışıb, Elvinin yolunda saçlarını süpürgə edib sözün əsl mənasında…

Bunun üstündən az keçməmiş Nailə xanım həyatının daha bir açısını yaşayıb…Canından çox sevdiyi, sirr ortağı, həmdərdi ola qardaşını, evin-ailənin kiçik oğlu Sərdarı itirib…

1970-ci ilin aprelin 9-unda anadan olan Sərdar 1992-ci ilin Xocalı soyqırımından sonra sakit dayana bilməyib, cəmi iki gün sonra könüllü şəkildə Orduya yazılıb, fevral ayının 28-indən iyun ayının 18-inəcən Birinci Qarabağ Savaşında, cəbhənin ən müxtəlif istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

1992-ci ilin iyunun 17-sindən 18-inə keçən gecə ömür yolu yarıda qırılıb qalıb…

Boylu-buxunlu, cüssəli İgidimiz Tərtər-Ağdərə istiqamətində,”Cəhənnəm dərəsi” (“Tülkü dərəsi”) deyilən yerdə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib…

22 yaşlı idmançı, güləşçi, respbulika çempionu, neçə-neçə yarışların qalibi olan Sərdarın nəşi ayın 18-ində Kürdəmirə, Şahsevənə gətirilərək, torpağa tapşırılıb…

Canından çox sevdiyi qardaşının Şəhidliyi ilə Nailə xanım amansız və qəddar həyatın daha bir acısını dadmalı, yaşamalı olub…Və qardaşının Şəhidliyindən sonra Bakıdan-kirayə yaşadığı evdən ayrılıb, övladı ilə yenidən kəndlərinə, Şahsevənə, ata-anasının yanına qayıtmaq qərarı verib…

“Qardaşım elə-belə döyüşçü olmayıb, 28 il sonra onun döyüş yoldaşları gəlmişdi…Hamısı bir ağızdan deyirdilər ki, Sərdar ayrı oğul idi, əsl Milli Qəhrəmanlığa layiq idi…Bəli, bir Şəhid bacısı kimi istəyirəm ki, gec də olsa, qardaşımın xatirəsi, adı əbədiləşdirilsin, onun adına yarışlar, turnirlər keçirilsin, adına küçə verilsin, medallarla təltif olunsun…”

Nailə xanımın dediklərindən:

“Biz ailədə üç uşaq olmuşuq: iki qardaş-Madər, Sərdar və bir bacı-mən. Mən evin böyüyü, Madər ortancılı, Sərdar isə kiçiyi idi. Amma Sərdarla münasibətlərimiz tamam ayrı çür idi. Tək bacı-qardaş deyildik, həm də dost, sirdaş idik…Onu canımdan çox, övladım kimi sevirdim…Sərdarın Şəhidliyi məni yenidən yıxdı…Övladımın dərdi, təkbaşına övlad böyütmək dərdi və qardaş dərdi, qardaş acısı…Vallah, sözlə ifadə ediləsi deyil…Onu da deyim ki, Birinci Qarabağ Savaşında bizim nəsil cəmi bir neçə ayın içərisində-1992-ci ilin iyunundan 1993-cü ilin yanvarına kimi 5 Şəhid verib…Əvvəlcə, yəni, 1992-ci ilin iyunun 16-sında dayımın iki nəvəsini, 15 və 16 yaşlarında olan Seyranla Teymuru itirdik…Təsəvvür edirsiniz-15 və 16 yaşlarında…Sərdar onların nəşini döyüş bölgəsindən birtəhər çıxara bilmişdi…Özü isə ondan cəmi bir gün sonra, 17-sindən 18-nə keçən gecə Şəhadətinə qovuşdu (Gözləri dolur, səsi titrəyir)…

Bundan cəmi bir az sonra, iyulun 12-sində atamın əmisi nəvəsi Vahid Əhmədovu, 1993-cü ilin qarlı qışında, yanvar ayında isə anamın bibisi nəvəsi Nazim Kərimovu itirdik…Cəmi 6-7 ay ərzində bir nəsil 5 Şəhid verdi…Qardaşım həm Şahsevənin, həm də Kürdəmirin üçüncü Şəhidi oldu…Bu gün bu Şəhidlərdən yalnız birinin xatirəsi əbədiləşdirilib, Topalhəsənli kənd orta məktəbi Vahidin adını daşıyır…Qalan Birinci Qarabağ Şəhidlərimizdən, qardaşımdan və digər qohumlarımızdan heç birinin adı əbədiləşdirilməyib bu günə kimi…Bu, Şəhid bacısı kimi məni çox üzür, çox incidir…Mənim qardaşım elə-belə döyüşçü olmayıb, 28 il sonra onun döyüş yoldaşları gəlmişdi…Hamısı bir ağızdan deyirdilər ki, Sərdar ayrı oğul idi, əsl Milli Qəhrəmanlığa layiq idi…Bəli, mən də bir Şəhid bacısı kimi istəyirəm ki, gec də olsa, qardaşımın xatirəsi, adı əbədiləşdirilsin, onun adına yarışlar, turnirlər keçirilsin, adına küçə verilsin, medallarla təltif olunsun…Bu, həm Şəhidimizin Haqqıdır, həm də bir Şəhid bacısı olaraq, mənim arzum, xahişim, Haqqımdır”.

“Niyə bu Haqqımı, qardaşımın, Şəhidimin Haqqını aldılar, nə haqla, hansı ixtiyarla? Ən azı mənim vəziyyətimi, yaşayışmı, övladımın durumunu görmürdülərmi?”

Nailə xanım onu da deyir ki, 10 il öncəyə kimi ailəsi Şəhid ailəsi kimi ev-mənzil növbəsində, qeydiyyatında olub, ancaq sonradan heç bir əsas olmadan, ev-mənzil növbəsindən çıxarılıblar:

“Anamı daha tez itirdim, atamın da vəfatından 10 il keçir… Mən də xəstə, əlil övladımla onlarla yaşayırdım… Ancaq atam dünyasını dəyişəndən sonra Şəhid ailəsi kimi adımız ev-mənzil növbəsindən çıxarıldı…Dəfələrlə maraqlansam da, soruşsam da, mənə düz-əməlli, qaneedici bir cavab verilmədi, verilməyib bu günə qədər…Kimsənin belə bir addım atmağa haqqı yoxdur…Həmin mənzil-ev Şəhid bacısı, həm də bir xəstə, əlil övlad anası kimi mənim Haqqım idi…Niyə bu Haqqımı, qardaşımın, Şəhidimin Haqqını aldılar, nə haqla, hansı ixtiyarla? Ən azı mənim vəziyyətimi, yaşayışmı, övladımın durumunu görmürdülərmi? Atam rəhmətə gedəndən bir müddət sonra məcbur olub, övladıma baxmaq üçün yenidən Bakıya döndüm, kirayədə yaşamağa məcbur oldum, özəl müəssisələrdən birində gecələri işləməyə, gündüzləri övladıma baxmağa başladım… Yeməyini yedizdirib, yatızdırıb işə gedir, səhər tezdən evə dönürdüm… Görürdüm ki, Elvin hələ də oyanmayıb, yatır..

Başqa çarəm, yolum yoxuydu… 250 manatla nə etmək olar(dı)?! Ancaq bəxtim yenə gətirmədi, şikayətlənməyi heç sevmirəm, pandemiya ilə əlaqədar işimiz dayandı, qazancımız kəsildi və ötən ilin avqustundan yenidən Şahsevənə, ata yurduna, bir otaqdan (ona da otaq demək mümkünsə) ibarət evə, daxmaya döndüm…İndi qalmışıq cəmi 250 manatın umuduna… Qardaş, Siz deyin: bu pulla necə, nə cür dolanmaq olar? Şikayətlənmək xasiyyətim deyil, amma mən bununla nə edim? Bu evdə, bu daxmada nə vaxta qədər yaşamaq olar? Biz hansı zəmanədə yaşayırıq? Niyə adımız ev-mənzil növbəsindən silindi? Nə haqla? Kimsə də bizə əl tutmur, kömək etmir…Dərdimi kimə deyim, kimə söyləyim?”

Şəhid bacı eyni zamanda istəyir ki, qardaşının, Şəhidinin Haqqı olan mənzil ona verilsin, adı yenidən mənzil növbəsinə salınsın və bu məsələ tezliklə həll olunsun:

“Ən çox o mənzili, o evi ona görə istəyirəm ki, onu qardaşımın adına muzey kimi düzəldim. İstəyirəm ki, qardaşımın ev-muzeyi olsun, hamı görsün ki, Sərdar necə oğul, necə İgid olub…İstər güləşçi, istərsə də döyüşçü kimi…İstəyirəm ki, həmin evi qardaşımın güləşçi kimi qazandığı medallarla, fəxri fərman və diplomlarla, ondan xatirə qalan fotoları, şəkilləri ilə bəzəyim…Heç olmasa, onunla ovunum, təsəlli tapım…Həm də istəyirəm ki, qardaşımın adını daşıyan “Şəhid bulağı” olsun…Amma nə mənim, nə də digər qardaşımın buna maddi imkanı yetir…Bunu demək məmim üçün nə qədər ağır gəlsə də, istəyirəm ki, bu arzumun reallaşmasına kömək olunsun, Şəhidimizin ruhu az da olsa, sevindirilsin…Bəli, övladımın başına gələnlərə görə, heç zaman taleyimdən şikayətlənmədim, Allahıma üsyan etmədim, nə həddimdir ki?! 31 ildir ona baxıram və ömrümün sonuna qədər də baxacağam, o taleyin, qismətin mənə bir hədiyyəsidir, mənim də hədiyyəm budur…

Ancaq istəyirəm ki, övladımın durumu, mənim vəziyyətim nəzərə alınsın, evlə, mənzillə, işlə təmin olunum…Eyni zamanda, qardaşımın Haqqı tanınsın, adı, xatirəsi əbədiləşdirilsin…Buradan ölkə Prezidenti, çox hörmətli cənab İlham Əliyevə, Azərbaycanın və dünyanın mərhəmət, şəfqət simvolu olan, əzizimiz, dəyərlimiz, Birinci xanımımız, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya üz tuturam, səslənirəm: mənə, övladıma kömək edin, qardaşımın xatirəsinin əbədiləşdirilməsi üçün əlinizdən gələni əsirgəməyin, aidiyyatı orqanlara və səlahiyyətlilərə tapşırıq və göstərişlər verin…Bizə-övladıma, mənə kömək əli uzatsınlar…Hər ikinizə də güvənirəm, inanıram…İnanıram ki, səsim eşidiləcək, arzularım çin olacaq…Alllah Sizləri, Azərbaycanımızı qorusun!”

Nailə xanımla söhbətimiz çox çəkdi çox…

Ancaq elə bilirəm ki, onun, Şəhid bacısının, xəstə, əlil övlad anasının dedikləri məzərini, durumu anlamağa, təsəvvür etməyə bəs edər, kifayət edir…

İndi söz, qərar səlahiyyət sahiblərinin, aidiyyatı qurumlarındır…

Şəhid bacına, 31 ildir xəstə, əlil övladına baxmaq üçün həyatın hər cür əzablarına qatlaşan Dik duruşlu, Qürurlu Nailə xanıma əl tutmaq, kömək etmək, ona sahiblənmək, arzularını çin etmək məqamı, zamanıdır…

Köməyinizi, yardımınızı, dəstəyinizi əsirgəməyin, könül sındıranlardan deyil, könül sevindirənlərdən olun-cənablar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Kürdəmir-Bakı, 5 və 9 iyul 2021-ci il

Etikxeber.az

Read Previous

Evin-ailənin tək oğlanları…3 övlad atası Nofəl və nişanlı Fəxri…BU GÜN NOFƏL NURİYEV VƏ FƏXRİ QƏRİBZADƏNİN ŞƏHİDLİYİNDƏN, TORPAĞA TAPŞIRILMASINDAN 9 AY KEÇİR – FOTOLAR

Read Next

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir