“Xəyanət” – QƏRƏNFİL MANSUROVA YAZIR

Bu hekayəni  2005-ci ildə  ondan da əvvəl baş vermiş reallıq əsasında yazmışdım. Sadəcə adları dəyişdirilmişdim.  Hadisəni  başı çəkmiş keçmiş  iş yoldaşımla bu yaxınlarda  rastlaşdım.  Söz vermişdin, amma yazmadın – dedi. “Yazdım, həm də o zamankı “Körpü” qəzetinin 7 mart 2005-ci il  sayında  çap olundu” – desəm də,  inandıra bilmədim.  Odur ki, onun istəyi ilə təkrar   vermək istədim… Dostların yardımı ilə…

Artıq  yata  bilməyəcəyini  görüb  tənbəl-tənbəl  yatağından  qalxdı. “Həmişə  beləyəm də… Elə ki, iş  günü  olur, nə  qədər  çalışıram  qalxa bilmirəm, indi  də istirahət  günüdür, yata  bilmirəm. Gülarə  xanımın sözünü  xatırladı: “Zakon podlosti…” Özünün ağıryana  hərəkətlərinə  təəccüb  qaldı.  Qanındakı  tələskənlikdən, təltələkilikdən əsər  yox idi… Bu necə işdir? Məni belə görsə  yəqin ki, Tahir  də təəccüb edər. Həmişə danlayırdı ki, tələsmə. Qaçan yerin-zadın yoxdur ki? Nə olub bəyəm?  Yatağı  yığışdırıb vanna  otağına  keçdi. Dişlərini, əl-üzünü  yuyub özünü  səliqəyə  saldı.  Mətbəxə keçib  qazı  yandırdı.  Çayniki “ixtira  balonu”na  süzülmüş  sudan  doldurub, mavi alovun  üstünə qoydu.  İşdə  Gülarə  xanımda görmüşdü  bu  metodu.  Zarafatla  deyirdi  ki,  Gülarə  xanım “Bulaq”  aparatı kəşf  edib.  3 litrlik  balonun  üstünə  dibdən kəsilmiş “Fanta” qabını  keçirib ağzını  təmiz  pambıq və tənziflə  sarıyırdı.  Su  həmin  qabdan süzülüb balona axır, təmizlənirdi, lap göz yaşı kimi…

Telefonun cingiltili səsi evi başına götürdü. “Tahirdir!”  Ayaqlarını soyuq parketin  üstündə şappıldada-şappıldada gəlib dəstəyi götürdü. O, idi.  Hal-əhval tutdular:

– Nə vaxt gəlirsən?

– Bir iki-günə. Salamatçılıqdı?

– Hə. Arvad necədir?

– Hələ gedib dəyməmişəm, işlərim çoxdu… Öpürəm.

…Vəssalam. Bu dəfə lap soyuq  idi səsi.  “Mən də lap vasvası olmuşam. Tahirin soyuq  səsi birinci dəfə deyil ki…” Hələ onsuz da keçən dəfəki gülüş səsindən sonrakı qalmaqaldan sonra təzəcə düzəlib.  Fikir  edirdi.  İstər-istəməz o gülüş səsini yenə yadına saldı.  Çox tanış gülüş idi… 15 günün söhbəti idi. Tahir mobil telefonundan evə zəng  vurub gecəni evə  gələ bilməyəcəyini  dedi. Şəfa  səbəbini soruşanda çox vacib bir məsələ  ilə əlaqədar  olduğunu  bildirdi.  Bu zaman telefonun dəstəyinə tanış  qadın qəhqəhəsi doldu. Hiss olundu ki, gülə-gülə də əlini ağzına tutub səsini qısdı.

Bu 10 ildə Tahir nə bir  dəfə onun xətrinə dəymişdi, nə evdə səsini qaldırmışdı, nə də Şəfanı təhqir  edən, alçaldan kiçicik  bir  hərəkətə  yol  vermişdi.  Amma o zəngin  səhərisi  ilk dəfə  aralarında  sevimsiz bir  qalmaqal baş verdi. Tahir əsib-coşdu:

– Sən də hər ilan-qurbağanı ürəyinə doldurursan. O qədər  evdə  tək qalırsan ki, bilmirsən nə danışırsan? Mən onda mağazadan zəng vurudum. Kimsə yox idi dükanda. Bəlkə səs qulağına qeybdən gəlib? Bəlkə  sənə vergi veriblər?

Şəfa  titrədi. Tahir açıq-aşkar onu dolayırdı.  “Necə  yəni evdə  tək qalırsan? Kiminlə qalmalıyam ki? Dinmədi, bir həftə soyuq-soyuq  dolandılar. İndiyənəcən də bu soyuqluq sanki evin divarlarına,  əşyalarına, pal-paltarlarına, hər şeyə, hər şeyə  çökmüşdü. Bu  soyuqluğu yuyub aparmağa  gücləri  çatacaqdımı?  Amma deyəsən bunu  heç biri yumaq istəmirdi. Şəfaya qüruru əngəl olmuşdu, Tahirə nə mane  olurdu? Onu bilmirdi…

Bu evi Şəfaya işdən  növbə əsasında  vermişdilər.  İki otaqlı mənzil üzü  dənizə baxırdı.  Əvvəllər  Tahirlə bir  yerdə işləyirdilər.  Hər ikisi maaşa  baxırdı.  Sonra Tahir özü  ilə birlikdə Sankt-Peterburqda  bir  yerdə oxuyan  tələbə  yoldaşı ilə təsadüfən şəhərdə rastlaşmışdı. Dostu Bakıda  kommersiya  işlərinə başlamaq  niyyəti ilə gəlibmiş. Əlində  mayası da vardı. Tahirə  onunla  şərik olmağı təklif  etmişdi. Amma bir  az pul gərək olacaqdı.  Bu barədə Tahir utana-utan evdə söhbət  açanda Şəfa düşünmədən  nənəsindən ona  yadigar  qalan  brilyant  qaşlı qolbağı  stolun üstünə qoydu. Tahir  səhərisi  həmin  qolbağı dostu ilə birlikdə zərgərin yanına  aparıb 1700 dollara  satdı. Bununla  da  hər  şey  yaxşılığa  doğru  dəyişməyə  başladı, Tahirin işləri yavaş-yavaş yoluna  düşdü… Son vaxtlar  əli lap yaxşı  gətirirdi.  Evlərini  təmir  elətdirdilər.  İndi də  təzədən bəzi xırda-para  işlər  gördürüb santexnika  sistemini təzələmişdi.  Özünə yeni xarici  markalı maşın aldı.  Bağ  tikdirməyə  hazırlaşırdı. Torpaq almış, bunun üçün bütün lazımi  sənədləri qaydaya  salmışdı… Şəfa  hər gün Allaha  şükür  edirdi.  Dolanışıq  üçün zəruri olan hər  şeyləri vardı. Sözsüz ki, daha  maaş tabelinə qol çəkəcəkləri günü intizarla  gözləmirdilər.

…Uşaqları olmurdu. Professor  hələ keçən ilə qədər  acı bağırsaq kimi uzanan analizlərdən, üzücü  müayinələrdən  sonra Şəfanı kənara  çəkib demişdi ki, özünüzü  yormayın.  Havayı işdir… Hətta  xəstəxanadan evə  qayıtdıqları  gün  aralarında  olan söhbəti  də Şəfa  sonradan  heç kəsə  demədi.

-Şəfa, bəlkə mən  çıxım, gedim, sən özünə yenidən ailə qurasan, ana  olasan. Bəlkə…

Əlini Tahirin şişkin  dodaqlarının üstünə qoydu:

– Ssss. Elə şey danışma. Hara  gedəcəksən ki. Mənim uşağım da sənsən, böyüyüm də. Kimimiz var ki…

Tahirin gözlərində işıq  yandı:

– Sağ ol, Şef! Sənə qurban olum…

Həmin gündən Şəfa əlindən gələni  ikiqat  artırdı ki, Tahir taleyin bu qəddar  xəsisliyini özünə dərd  eləməsin. Baxmayaraq ki, nəvə  arzusu  ilə alışıb-yanan  qaynanası  hələ də bu məsələdə Şəfanı günahkar  bilirdi…

Çaynikin zavod fitinə bənzəyən səsi onu  xəyaldan  ayırdı. Gedib çay dəmlədi, bir  stəkan süzdü özünə. Heç  axıracan içməyə də hövsələsi çatmadı. Otaqlara yenidən göz  gəzdirdi. Tozsoranı işə saldı. Uğultunun içindən telefonun səsi sanki quyudan gəldi. Rəfiqə idi:

– Salam Şef!

– Sabahın xeyir!

– Ayrı vaxt  yuxudan nazla durursan. İstirahət günü nə tez  durmusan?

– Nə bilim yata  bilmədim… Neynirsən, haralardasan? 3-4 gündü  səsin çıxmır.

– Evdəyəm – dedi Rəfiqə.  Duruxdu və durğun səslə Tahiri soruşdu.

– Yaxşıdı. Rayona gedib?

– Xeyir ola?

– Həm anasına  baş çəkəcək, həm də bəzi işləri vardı. Bir-iki günə gələr…

Rəfiqə Şəfanın səsindəki  kədərli ovqatı  hiss elədi və istehzalı bir  səslə :

– Şəfa,  nəsə birtəhər  danışırsan, nə olub?

– Heç… Dur gəl bizə… Bir az dərdləşək… Özümü  narahat hiss edirəm.

– Yox, bir  az işlərim var…

Bu dəfə Şəfa duruxdu:

– Nə iş? Sən ki, daha işə çıxmırsan. Bütün günü evdəsən, bazar gününə niyə saxlamısan işlərini?

– Şəhərə çıxacam. Bir az  alacaqlarım var.

Sakitcə sağollaşdılar…

Bakıya  gəlişini xatırladı… İnstitutdakı qızlarla  elə də qaynayıb qarışmazdı. Nənəsi demişkən hamısı “fasonlu” idi… Rəfiqə ilə  ilk iş yeri olan poliqrafiya  sexində tanış oldu. Elə birinci  gündən  dostluqları başladı. Sadəliyi, şirinliyi xoşuna gəldi. Toylarında da bir-birinin yanında  oturdular.  Şəlalənin, Zamiqin  doğum evində çıxarılmasında belə  Tahirlə yaxından iştirak etdilər.  Yedikləri-içdikləri ayrı getməzdi…  Beş il qabaq Murtuzun  avtomobil qəzasında  həlak olmasından  sonra  isə Şəfa bir  an belə Rəfiqəni tək buraxmazdı. Tez-tez Tahiri  də özünə qoşub  aparırdı Rəfiqəgilə.  Yolda  əllərinə düşəni alırdılar.  Tahir də “yazıqdı, iki uşağı təkbaşına böyüdür” – deyirdi. Şəfa  daha çox Zamiqi istəyirdi.  Elə ifadəli  gözləri  vardı ki… Murtuz  öləndə iki yaşı yenicə tamam olmuşdu. O. məktəbə gedəndə Şəfa söz verdiyi kimi məktəb çantasından tutmuş, dəftər-qələminə, geyiminə qədər hamısını almışdı. Rəfiqənin anasının  sonsuz  təşəkkürlərinə isə Şəfanın əvəzinə Rəfiqə özü  cavab verdi: “Heç mən də  elə-belə Rəfiqə  deyiləm  eeee, onun üçün,  həm özüm rəfiqəyəm, həm adım Rəfiqədi. Mən “padruqaların kvadratıyam!”

Birdən-birə  5 ay  qabaq  ərizə yazıb işdən çıxmasının səbəbini isə bu “padruqaların kvadratı” niyəsə heç Şəfaya da  açıqlamamışdı… Hamı Şəfadan  soruşurdu  səbəbini.  Necə olsa  həm də Şəfa onun kiçik müdiri sayılırdı… Birgə işlədikləri sexin baş mühəndisi  Şəfaydı.  Axı niyə birdən-birə?  Rəfiqə bunu sex rəisi ilə arasında olan kiçik insidentlə bağladı. Şəfa nə qədər  elədi, onu fikrindən daşındıra  bilmədi:

-Nə olsun, Vahid  müəllim  hamımızı danlayır. Amma bir iş olanda  da o dəqiqə hamını başına yığır.  Dərdinə şərik olur. Xeyrə-şərə qatılır.  Özü  dəfələrlə deyir ki, mənə fikir verməyin, qoca kişiyəm. Hirslənsəm də, sonra bunun altını özüm çəkirəm….

Rəfiqənin cavabı isə  Şəfanı daha da  yandırıb-yaxdı:

-Elə şeylər  var ki, gərək onu deyib  heç kəsi incitməyəsən.  Mən dərdimi təkbaşına çəkməyə öyrəşmişəm…

Ürəyində onu asıb-kəssə də, daha üzünə bir söz demirdi. “İki balan var. İkisi də məktəbli. Nəylə saxlayacaqsan? Qardaş-bacı, dost-tanış da adama bir gün kömək edər, iki gün kömək edər.  Hə isə. Onsuz da son vaxtlar özünü birtəhər  aparır.”

Hər  gün zəngləşirdilər, iki-gündən bir görüşdülər. O gün mənim gözlənilməz gedişimdən özünü lap itirdi.  Hələ konfeti soruşanda lap qızardı. Bəlkə kimisə var…  Nə bilim vallah, imanımı da yandırmayım, müqəddəs aydı… Heç həmişəki havada deyil… Dərd-çəkənə, filana da bənzəmir… Gözlərinin içi gülür.”

İşdən çıxıb birbaşa onlara getmişdi. Mətbəx stolunun üstünə qalaqlanmış  şirə və pivə butulkalarını,  toyuqları, seçmə pendir  və yağ çeşidlərini  görüb sevinclə  dedi:

– Kefə baxırsız ha… Ooo, bizim konfetimiz, hardan almısan?

– Supermarketdən!

– Hansından?

– Yeri yadımda qalmadı.

– Hm…

Şəfa xeyli tutuldu. Axı Rəfiqə heç vaxt  supermarketə gedən deyil. Həmişə deyirdi ki, orda hər şey ikiqat qiymətə olur.  Bazarlığını həmişə yolüstü  ucuzvari  mağazalardan edərdi.  Özü də işləmir… Bu konfetləri Tahir  həmişə  hardansa  alıb gətirirdi.  Üstündə gözəl bir qız-oğlan  şəkli olan tünd yaşıl kağızlı konfetləri öz  araalrında “Leyli-Məcnun”  qoymuşdular.  Çox bahalı idi.  Tahir  nə vaxt ondan alsa, Şəfa onu tən ortadan ikiyə ayırar, “onun balaları var” – deyə Rəfiqəyə aparardı. “Uşaqların payıdır.”

Şəfa  daha  dinmədi. Rəfiqə ikisinə də çay süzüb  kresloya oturdu.  Şəfaya  elə gəldi ki, çayını içənə qədər “rəfiqələrin kvadratı”  bir neçə dəfə stəkana  sarı boylandı… “Nə gec  qurtardı.” Daha ondan sonra ora getməmişdi.  Bir-iki dəfə qaçaraq  Rəfiqə özü  gəlmişdi.

Artıq  bütün işlərini qurtardı. Dünən yuyub asdığı paltarlara  ütü çəkdi, qabları yudu.  Bir az yır-yığış etdi. Lap darıxdı.   “Bəlkə Tahirə zəng edim. Deyim mən gedirəm Rəfiqəgilə. O gün də kefi yox idi… İşdən çıxandan lap təklənib. Bütün çətin günlərimiz bir yerdə olub. Yenə o məni  yada saldı. Zəng vurmuşdu, səni də soruşdu, salam dedi.  Həm də Zamiq  üçün lap darıxmışam.” Zamiqi düşünən kimi gülümsündü. “Mənim gözləri  göyçək oğlum.  Bu ifadəni  deyəndə  lap atılıb-düşürdü Zamiq. Tahirin əl telefonu sönülü idi… Hazırlaşmağa  başladı. Eybi yox. Yəqin özü  zəng vurar. “Otvetçik”ə qoyaram bilər…

Mərtəbələri  qaranəfəs qalxdı. Zəngi  basan kimi qapını Zamiq  açdı:

– Aaaa, Şafa xala!     Qucağına atıldı.

-Salam, mənim balam! Darıxmışdım sənin üçün… Hələ yuxudan indi durursuz?  Maman getdi?

– Hə.

– Bəs  səni tək qoyub evdə?

– Yox, Şəlalə yatır. Nənəm də axşamlar gəlib bizdə qalır.

– Niyə? Maman bəyəm axşam gəlməyəcək?

– Yox, mamam iki gündən sonra  gələcək.

– Niyə? Hardadı ki?

-Tahir əmi ilə gedib  rayona… Onun anasına baş çəkməyə… Xəstəymiş…

Zamiqdən iki yaş böyük Şəlalə qəfildən qapının önünə atıldı. Yuxudan indi dursa da, arxadan  Zamiqə bir dümsük ilişdirdi:

– Nə danışırsan? Mama sənə nə tapşırmışdı?

Zamiq  çaşqınlıqla  dodağını  dişlədi, nəsə xatırlayıb doluxsundu:

-Vay, mama məni öldürəcək… Demişdi nənədən başqa kimsəyə qapını açmayaq…

Pillələri ölü kimi düşdü. Qulaqları güyüldəyirdi. Cəmi iki saat  qabaq Rəfiqənin  istehzalı səsi  sanki  beyninin içində uğuldayırdı: “Tahir necədir?”

Qərənfil Mansurova,

Etikxeber.az

Read Previous

“Gör vəziyyət hara gəlib çıxıb ki…” – MİLLƏT VƏKİLİ

Read Next

Namiq Dəlidağlının yeni kitabı çap olunub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir