“Xəqani hərbçi olmaq istəyirdi, hər dəfə Onun bu istəyinə qarşı çıxırdım, amma…”-AİLƏNİN TƏK OĞLU, İKİ QIZ ATASI-ŞƏHİD XƏQANİ ƏSKƏROVUN ANASI LALƏ ƏSKƏROVA – FOTOLAR

Xəqani Səfa oğlu Əskərov…

Xaçmazın, Qusarçayın İkinci Vətən Müharibəsi Şəhidlərindən biri…

Daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir Vətən sevdalımız, daha bir Nur üzlümüz…

Xəqani ailənin 3 övladından biri, iki bacının tək qardaşı olub…

1995-ci ilin avqust ayının 27-də Xudatda, sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb…

Arzusu peşəkar, ali təhsilli hərbçi olmaq olub…

Ancaq hər dəfə anası Lalə xanım bu istəyinə qarşı olub, tək oğul olduğu üçün övladının hərbçi, onlardan uzaq olmasını istəməyib…

Bununla belə, Xəqani də inadından dönməyib…

2017-ci ildə Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərməyə başlayıb…

2016-cı ilin avqustun 29-da, 21 yaşının tamamından iki gün sonra isə sevdiyi qızla ailə qurub, iki övladı-Ahu və Aylin adlı qızları dünyaya gəlib…

Qızlarının hazırda birinin 5, birinin isə 3 yaşı var…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub…

Və müharibənin 3-cü günündə, sentyabrın 29-da Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, sentyabr ayının 30-da torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Və Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

***

Bugünlərdə, digər Xaçmazlı, Xudatlı Şəhidimiz Elvin Məlikməmmədovun Cənnətdəki ikinci doğum günü mərasimində Şəhidimizin anası, Dərdli və Qürurlu Lalə xanımla daha yaxından tanış oldum…

Söhbətləşdim, dərdləşdim…

Bir daha başsağlığı verdim, bir daha ona və ailəsinə Allahdan səbr, dözüm arzuladım, bir daha “Məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Bir daha Şəhidimizin, Xəqani Əskərovun keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna nəzər saldıq, ekskurs etdik…

Şəhidimizin anası danışdıqca həm kövrəlir, göz yaşlarını saxlaya bilmir, həm də belə bir oğulun anası olduğu üçün Qürurlanırdı…

Lalə xanımın dediklərindən:

“Xəqani uşaqlıqdan hərbçi, Naxçıvanski adına məktəbdə, sonra isə ali təhsilli hərbçi olmaq istəyirdi. Amma hər dəfə Onun bu istəyinə qarşı çıxırdım. Çətin sənət olduğu, həm də tək oğul olduğu üçün onun hərbçi olmasını istəmirdim. Bir müddət buna nail olsam da, oğlum axırda yenə də hərbçi oldu. 2017-ci ildə Orduda fəaliyyət göstərməyə başladı. Oğlum, övladım olduğu üçün demirəm, amma çox gözəl balaydı, çox rəhmli, çox mərhəmətli, çox ürəyiyumşaq idi. Hər kəsə əlindən gələn köməyi etməyə çalışırdı…Hələ də Onun yoxluğunu qəbul edə bilmirəm, O, mənim üçün yaşayır və həmişə də yaşayacaq (gözləri dolur)…Oğlumla, övladımla çox Fəxr edirəm, çox Qürur duyuram!”

Bəli, Xəqani kimi Oğullarla Fəxr etməmək, Qürur duymamaq mümkün deyil.

Fəxrimiz, Qürurumuz, Baş tacımızdırlar!

Bir ömür boyu Xəqaniyə və cəmi Xəqanilərə borcluyuq!

Nur içində uyusun, Nur içində uyusunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bayramovla Lavrov Ermənistanla sərhədin delimitasiyasını-MÜZAKİRƏ ETDİ

Read Next

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir