Xalası oğlu ilə eyni gündə və eyni istiqamətdə-Şuşada Şəhid olan-TƏBRİZ CÜMƏZADƏNİN TORPAĞA TAPŞIRILMASININ İKİNCİ İLDİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İldırım oğlu Cüməzadənin Anım Günüdür.

Təbriz Cüməzadənin torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından iki il keçir.

Düz iki il öncə-bu gün, 26 noyabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az-ın xəbərinə görə, əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb.

Ailədə iki uşaq, iki qardaş olublar.

Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə, Mingəçevirinə dönüb.

Bir müddət işsiz qalıb.

2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə, cəbhə, döyüş bölgəsinə göndərilib.

Döyüş yolu isə uzun, Füzuli, Cəbrayıl, Xocavənd  Şuşa istiqamətlərində olub.

Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına həlak-Şəhid olub.

Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, Təbriz Cüməzadənin atasını illər öncə itirmiş xalası oğlu, ailənin iki övladından biri, subay, ali təhsilli Orxan Rəhimli də onunla eyni gündə Şuşa istiqamətində döyüşlərdə Şəhid olub.

Onun nəşi isə 8 gün sonra Oğuzun Xaçmaz kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Təbriz Cüməzadə 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təbriz də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Həmçinin, çıxışlar olunub, çıxışlarda Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan, İgidlik və Qəhrəmanlığından bəhs olunub, ailəsinə başsağlığı verilib, səbr arzulanıb.

Millət vəkili Aydın Mirzəzadə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, Azərbaycan oğullarının 44 günlük tarixi İkinci Vətən Müharibəsində Zəfər dastanı yazdığını bildirib.

Qeyd edib ki, hər bir kəs Qələbə və Zəfər Şəhidlərinə, onları yetişdirən ailələrə borcludur.

“Hər birimiz Şəhidlərimizin ruhları, Şəhid ailələri qarşısında baş əyirik, şəxsən mən özüm ilk növbədə baş əyirəm”-deyə, o, əlavə edib.

Sonra Şəhidin Əbədiyyətə uğurlanmasının ikinci ili ilə bağlı “Sevgi” şadlıq sarayında Anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar olunub.

Ziyatər və Anım mərasimində Şəhidin ailə üzvləri, Mingəçevir, Oğuz, Gəncə, Sumqayıt, Qəbələ, Goranboy və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Oğuz rayon və Mingəçevir şəhər İcra Hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

12:44

***

FOTOLAR:

18:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 25 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Əslən Ağdamdan olan, Bərdədə dünyaya gələn, ailənin tək və subay oğlu-ŞƏHİD SÜLEYMAN ETİBAR OĞLU ALLAHVERDİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir