Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun İrs Siyahısında – ƏLİYEVLƏRDƏN AZƏRBAYCAN XALQINA TƏBRİK

Ölkə prezidenti İlham Əliyev Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

Əziz həmvətənlər,

Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Qeyd edək ki, birinci vitse-prezident Mehriban Əliyeva da Azərbaycan xalqını təbrik edib.

Bunu birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”dakı akkauntunda yazıb:

“Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik”.

M. Əliyeva bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edib.

Etikxeber.az

Read Previous

II və III ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı başa çatdı – DİM

Read Next

Gimnastımız Ümumdünya Yay Universiadasında ölkəmizin aktivinə ilk qızıl medalı yazdırdı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir