“Xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunsunlar” – AQİL ABBAS – FOTO- YENİLƏNİB

İnternetdə informasiyanın yayılması ilə bağlı tələbləri pozanlara qarşı yeni cəzalar müəyyənləşdirilir

Ölkədə internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı cəzalar müəyyənləşdirilir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsinin əlavə edilməsi Milli Məclisin (MM)  Mədəniyyət komitəsinin noyabrın 16-da  keçirilən iclasında müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, sözügedən komitənin sədri, akademik Rafael Hüseynov bildirib ki, buna görə, fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcəklər:”Maddəyə görə yuxarıdakı cərimələr eyni qaydada həmçinin internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməyə görə də tətbiq ediləcək”. O, deyib ki, bundan başqa, internet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimlənəcəklər.

Yeni maddənin “Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər edilir.

***

Müzakirələr zamanı isə Rusiyada xaricdən maliyyələşən KİV-lərin casus hesab olunmasını nəzərdə tutan qanunun Azərbaycanda da qəbul edilməsi təklif olunub.

Millət vəkili Aqil Abbas  bildirib ki, Rusiyada qəbul edilən yeni qanuna əsasən, xarici ölkələrdən maliyyələşən KİV-lər casus hesab olunacaqlar:

“Bizim də belə bir qanuna ehtiyacımız var. Bir qəzet redaktoru kimi bilirəm ki, bizdə də belə hallar çoxdur. Məncə, bu məsələnin qaldırılmasına ehtiyac var”.

R. Hüseynov isə deyib ki, bunu ayrıca qanun kimi də, qanunlara əlavələr kimi də qəbul etmək mümkündür.

Müzakirələrdən sonra  layihə MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Məqsəd beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir” – MURADOVA – FOTO- YENİLƏNİB (1)

Read Next

“Silahlı Qüvvələr haqqında” qanunda nələr var? – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir