“Xilaskarlıq missiyasını yerinə yetirən Azərbaycan qlobal oyunçuya çevrilir…”-ƏMİNƏ AĞAZADƏ

İki ilə yaxın müddətdə dünyanı cənginə alan pandemiya dünyanın inkişaf etmiş ölkələrinin də iqtisadiyyatları ilə yanaşı ictimai həyatına ağır zərbələr endirdi. Pandemiyaya qarşı mübarizədə cəmiyyətin bütün sahələri çətin sınaq qarşısında qaldı. Qısa zaman ərzində bu mübarizədə hər bir ölkənin öz metod və vasitələrini görmək mümkün oldu. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub:

“Dövlətimizin təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərdik.

Son illər ölkəmizdə müasir səhiyyə infrastrukturu yaradılıb ki, bu da pandemiya dövründə səhiyyənin daha az yüklənməsinə öz töhfəsini verir. İki ilə yaxındır davam edən pandemiya şəraitində əksər ölkələrin səhiyyə sistemi gözlənilməz bəlanın fəsadlarının qarşısında duruş gətirə bilmədi. Azərbaycan isə ölkə başçısının qeyd etdiyi kimi COVID-19 pandemiyası ilə uğurlu mübarizə nümunəsi göstərdi. Azərbaycan ilk vaxtlardan koronavirus infeksiyasına qarşı ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri oldu”.

Deputat qeyd edib ki, virusun ölkəmizdə qeydə alındığı ilk gündən həyata keçirilən qabaqlayıcı tədbirlər bir daha sübut etdi ki, ölkəmizdə insan amili, Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin əsas istiqamətlərindəndir:

“Cənab İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət pandemiya ilə mübarizədə öz sözünü deyə bildi. Düşünülmüş və qabaqlayıcı tədbirlər Azərbaycanda insan ölümü, virusa yoluxma və maddi ziyan baxımından itkilərin az olması ilə nəticələndi. 2021-ci ilin yanvar ayından ölkəmizdə vaksinasiya prosesinə başlanılmışdır. “Sinovak”, “ AstraZeneca” və “Sputnik” vaksinləri ölkəmizə gətirilmiş və əhalinin sağlamlığının maksimum şəkildə qorunması üçün peyvəndləmə prosesi uğurla davam etdirilir. Qeyd etməliyik ki, hazırda dünyada virusdan xilas olmağın yeganə yolu sayılan peyvəndlənmə prosesləri ilə əlaqədar ədalətsiz yanaşmaların da şahidi oluruq. Bu, özünü əsasən vaksin alışı və satışı məsələlərində göstərir. Təbii ki, ədalətsiz yanaşma Azərbaycanı da ciddi narahat edir.

Bu mənada ölkə rəhbərliyi peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması mövzusunu dəfələrlə gündəmə gətirməklə imkansız ölkələrin müdafiəsinə qalxıb, onların problemlərini beynəlxalq tribunalarda qaldırıb. Azərbaycan Prezidenti, eyni zamanda ayrı-ayrı çıxışlarında dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunarkən dəfələrlə peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini nəzərə çatdırıb, həmçinin peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyi ciddi şəkildə qınayıb”.

Ə.Ağazadə onu da bildirib ki, vaxtında düzgün strategiyanın seçilməsi nəticəsində Azərbaycan ötən il olduğu kimi 2021-ci ildə də pandemiya ilə mübarizədə, eksepidemik tədbirlərin görülməsində uğurları ilə seçilir. Ölkə başçısının vaxtında atdığı qabaqlayıcı addımlar, düşünülmüş gedişlər və vacib çağırışları qlobal müstivədə yüksək qiymətləndirilir:

“Bu gün humanitar və maliyyə yardımları, ədalətsiz vaksin bölgüsünə son qoyulması istiqamətində irəli sürülən təşəbbüslər də ilk olaraq rəsmi Bakı tərəfindən dünyaya təqdim olunur. Bu, həm də onu göstərir ki, xilaskarlıq missiyasını yerinə yetirən Azərbaycan qlobal oyunçuya çevrilir”.

Etikxeber.az

Read Previous

Şəffaf şüşədən bulanıq baxışlar… – RAQİF ALLAHVERDİ YAZDI

Read Next

Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində-DƏRC OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir