Xocalı soyqırımı ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir- BAŞ PROKURORLUQ

Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınıb, 800-dən çox müxtəlif ekspertiza keçirilib.

Nəticədə 39 nəfərin (onlardan 18-i 366-cı alayın hərbi qulluqçusu, 8-i Xankəndi və Əskəran daxili işlər şöbələrinin əməkdaşı, 5-i digər vəzifəli şəxs) və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib. Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü maddəsi, habelə sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan 113-cü (işgəncə), 107-ci (deportasiya), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb.

366-cı alayın hərbi qulluqçularının və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsində soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü, habelə 107-ci (əhalini deportasiya etmə və ya köçürmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılıb.

Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid olub, 50 min nəfərdən çox vətəndaşımız yaralanıb və əlil olub, minlərlə yaşayış məntəqəsi və yaşayış binası, təhsil və tibb müəssisəsi, iqtisadi obyektlər dağıdılıb, ərazilərimizin 20 faizinin işğalı nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilərək, onların bir qismi öldürülüb və şikəst edilib.

Bildirilib ki, sülh və insanlıq əleyhinə törədilmiş həmin ağır və xüsusilə ağır cinayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası baş prokurorunun 2009-cu il 30 mart tarixli əmri ilə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsi yaradılıb.

Xocalı faciəsi nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manat və ya 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Etikxeber.az

Read Previous

İrandan gələn vətəndaşın daxili orqanında heroin aşkar edilib

Read Next

Qusarda şəhid Çingiz Qurbanovun dəfn mərasimi keçirilir – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir