Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-20 aprel 2024-cü il tarixində, günorta saatlarında daha iki Şəhid ailəsini ziyarət etdik…
Daha iki İkinci Vətən Müharibəsi Şəhidinin, Nur üzlü Şəhidlərimizin ocağında, ailəsində olduq…
Növbəti dəfə Ağdamlı Şəhid qardaşlar-Tacir və Nazir Allahverdiyev qardaşlarının və Tərtərli Şəhid qardaşlar-Xaliq və Elşən Abbasov qardaşlarının ailə üzvləri, valideynləri ilə bir araya gəldik…
Qeyd edim ki, ziyarətdə mənimlə birlikdə əslən Qubadlılı, özü Ağdam doğumlu olan və hazırda Tərtər rayonunun Mamırlı kəndində məcburi köçkün həyatı yaşayan keçmiş Xüsusi Təyinatlı, birinci qrup müharibə əlili, Qazi, Vətən sevdalısı Sadiq Məhərrəmov da iştirak edirdi…
Öncə bu gün həm də Cənnətdəki dördüncü doğum günləri, 23 yaşları tamam olan Ağdam rayonunun Çullu kəndindən olan Şəhid qardaşlar-Tacir və Nazir qardaşlarının ocağında olduq…
On övladından ikisini itiriən-Vətən yolunda Şəhid verən Mailə Anaya, Mailə Allahverdiyevaya və Şəhidlərin qardaşlarına, doğmalarına bir daha Allahdan səbr və dözüm arzuladıq…
Bir daha “Şəhidlərimizin məkanları cənnətlik, ruhları şad olsun!”-dedik…
Həm Şəhidlərimizin-Şəhid qardaşların ruhları, həm də iki oğul, iki övlad itkisi yaşayan Mailə Ananın qarşısında baş əydiyimizi bildirdik…
Şəhid qardaşlarının anası və qardaşları ilə söhbətləşdik, dərdləşdik, onlara bir daha təskinlik, təsəlli verməyə çalışdıq, xatirə fotoları çəkdirdik…
Və sonda Şəhidlərimizin, Şəhid qardaşların məzarlarını ziyarət, ruhlarına dualar etdik.
Onu da qeyd edim ki, Şəhid qardaşlar 2001-ci ilin aprel ayının 20-də Ağdamın Çullu kəndində sadə, kasıb bir ailədə dünyaya gəliblər.
Hər ikisi də orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıblar.
Hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun əsgərləri kimi döyüşlərdə iştirak ediblər.
Şərəfli döyüş yolları bir aya yaxın çəkib.
Hər iki qardaş 2020-ci ilin oktyabr ayında, eyni gündə və Füzuli istiqamətində Şəhid olublar.
Şəhid qardaşlar oktyabrın 24-də Çullu kənd qəbiristanlığında torpağa tapşırılıblar.
Şəhid qardaşlar həm də subay olublar.
Atalarını da illər öncə itiriblər.
Eyni zamanda, Şəhidliklərindən sonra orden və medallarla təltif olunublar.
***
Ağdamlı Şəhid qardaşların ocağını və məzarlarını ziyarət etdikdən sonra Tərtərli Şəhid qardaşların ocağına üz tutduq…
Şəhid qardaşların Dərdli, Yaralı, həm də Qəhrəman valideynlərinə-Aybəniz Anaya və Asif kişiyə bir daha Allahdan səbr dilədik…
Həm Vətən yolunda canlarını fəda edən Şəhid qardaşlara-Xaliq və Elşən Abbasovlara, həm də Şəhid valideynləri olaraq, onlara bir ömür boyu borclu olduğumuzu və daim borclu qalacağımızı bildirdik…
İstər Şəhidlərimizi, istərsə də onları bu Vətən üçün yetişdirən Qəhrəman ata-anları, Qəhrəman valideynləri unutmağa haqqımız olmadığını söylədik…
“Unutsaq-unudularıq!”-dedik…
Bu yerdə qeyd edim ki, ailənin dörd övladından, dörd qardaşdan ikisi olan Xaliq və Elşən Abbasovlar İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabr ayının 28-də Tərtərin Şıxarx qəsəbəsində Şəhidlik məqamına ucalıblar.
Hər iki qardaş Şıxarx qəsəbəsinin artilleriya atəşinə tutması nəticəsində Şəhid olublar.
Hər ikisinin də nəşi bir gün sonra, 29 oktyabr tarixində Poladlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Hər iki qardaş ailəli, iki övlad atası olublar.
1981-ci il təvəllüdlü olan Xaliq iki qız, 1987-ci təvəllüdlü-evin sonbeşiyi Elşən isə iki oğlan atası idi.
Hər ikisinin də övladları hazırda orta məktəbdə oxuyurlar.
Hər dörd Şəhidimizin də məqamı Uca, dərgahı mübarək olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az