XV Avropa Gənclər Yay Olimpiya Festival – İLK GÜNDƏ 2 QIZIL MEDAL – YENİLƏNİB – (4)

Bu gün -21 iyul tarixində Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır.

Etikxeber.az xəbər verir ki, yeddi gün davam edəcək yarışda 48 ölkənin gənc idmançıları qüvvəsini sınayacaq.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmayacaq. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır.

 Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarışın iştirakçısı olacaq. Onların çoxu artıq Bakıdadır və yarışın startını gözləyirlər.

14-18 yaşlı atletlər idmanın on növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Festivalda 135 dəst medal sahibini tapacaq. Bu məqsədlə ümumilikdə 946 mükafat hazırlanıb. Onlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı bürüncdür.

Festivalın açılış mərasimi bu gün keçiriləcək. Saat 20:00-da start götürəcək tədbir “Crystal Hall”da təşkil ediləcək. İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq. İyulun 27-dəki bağlanış mərasimi də eyni məkana, eyni saata təsadüf edəcək.

1991-ci ildən keçirilən yarışı ilk dəfə qəbul edən Azərbaycan Bakı-2019-a ən böyük heyətlə qatılan yığmadır. Ölkəmizi 10 növdə 122 idmançı təmsil edəcək. Gimnastikada 4, atletikada 18, basketbolda 12, velosiped idmanında 6, həndbolda 30, cüdo 12, üzgüçülükdə 6, tennisdə 4, voleybolda 12 və güləşdə 18 idmançımız mübarizə aparacaq.

Bunlar arasında həmişəki kimi əsas medal ümidlərimiz güləş və cüdo olacaq. Gimnastikada da təmsilçilərimiz favoritlər sırasında yer alıblar. Üzgüçülük və atletikaya gəlincə, ən çox medalın sahibini tapacağı bu iki növ Azərbaycan üçün heç də ənənəvi sayılmır. Amma doğma divarlar arasında mükafat qazansaq, bu, sensasiya kimi qəbul olunmayacaq. Eyni sözləri tennis və velosiped idmanına da aid etmək olar.

Əsas gərgin mübarizə isə komanda idman növlərində gedəcək. Təbii ki, burada Azərbaycan yığmalarının nəticə qazanmaları böyük uğur sayılacaq. Çünki basketbol, voleybol və həndbolda qitənin ən güclü yeddi komandası da mükafatlara iddia edəcək.

Bu üç növdə ölkəmiz 4 yığma ilə təmsil olunacaq. Həndbolda həm oğlanlar, həm qızlar mübarizəyə qoşulacaqsa, basketbol və voleybolda zərif cins nümayəndələrimiz kənarda qalacaqlar.

Ev sahibi olduğumuzu nəzərə alsaq, yığmamız medal sıralamasında əsas favoritlərlərdəndir. Ən azı ilk “üçlük”də qərarlaşacağı gözlənilən millimizin əsas rəqibi Rusiya olacaq.

Qeyd edək ki, festivala güləş və tennis yarışları ilə başlayacaq.

***

İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində mübarizə baş tutacaq.

Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyev (45 kq) Eldar Asakayev (Rusiya), səkkizdəbir finalda Əbülfəz Nəsirov (55 kq) Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparacaqlar. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) gücünü sınayacaq.

***

 Festival ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib.

İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədilə daxili işlər orqanlarının əməkdaşları yarışın keçirildiyi müddətdə gücləndirilmiş iş rejimində çalışacaqlar.

Təhlükəsizliyin təmini məqsədilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yarada bilən cihazlar, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, videoçəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır.

***

 XV Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində üç güləşçimiz finala yüksəlib.

Murad Haqverdiyev, Əbülfəz Nəsirov, Fərid Sadıxlı bütün rəqiblərindən üstün olaraq final mərhələsinə yüksəliblər.

Nihat Məmmədli isə bürünc medal üçün təsəlliverici görüşə çıxacaq.

***

Festivalın ilk qızıl medalını Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıqlı qazanıb.

45 kiloqram çəki dərəcəsində yarışın finalında türkiyəli Umut Çobana böyük hesabla qalib gələn gənc pəhləvanımız XV Avropa Gənclər Yay Olimpiya Festivalının çempionu olub.

Xatırladaq ki, güləşçimiz səkkizdəbir finalda İtaliya idmançısı Andrea Martinonu, dörddəbir finalda gürcü Davit Qvasalianı, yarımfinalda rusiyalı Maksim Qurovu məğlub edib.

Sərbəst güləşçi Murad Haqverdiyev (45 kq) XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.

Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarının finalında Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni 11:4 hesabı ilə məğlub edən pəhləvanımız ölkəmizə ikinci qızıl medalı qazandırıb.

İdmançımız finala gedən yolda rusiyalı Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edib.

***

Güləş yarışlarının birinci günündə sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) Azərbaycan milli komandasının dördüncü medalını qazanıb.

Finalda italiyalı Simone Vinçenzo Piroddu ilə qarşılaşan pəhləvanımız 5:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bu çəki dərəcəsində bürünc medalları macarıstanlı Benedek Kiss və rusiyalı Maqomedemi Eltemirov qazanıblar.

Qeyd edək ki, Ə.Nəsirov finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb.

Beləliklə, güləşçilərimiz Festivalın birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

fest-1

fest-3

Etikxeber.az

Read Previous

Havanın temperaturu 41 dərəcəyə yüksələcək – SABAH

Read Next

MƏLİKASLANOV KÜÇƏSİNDƏ RAMİZ MƏLİKASLANOVLA – Akademik yazdı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir