“Yad təsirlər sevgini, hörməti, etibarı, ümumi mənafeni qısqanclığa, ikiüzlülüyə, xəyanətə, eqoizmə çevirir…”-DÖVLƏT KOMİTƏSİNİN SƏDR MÜAVİNİ

Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir.

Etikxeber.az-ın xəbərinə görə, bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dilə gətirib.

Onun sözlərinə görə, bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi olaraq yeni elementlər daxil olur.

“Son dövrlərdə qloballaşma şəraitində baş verən bir sıra proseslər, o cümlədən,mədəni dəyərlərin inteqrasiyasının güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı nəticə etibarı ilə cəmiyyətdə bir sıra ənənəvi dəyərlərin itirilməsinə, klassik ailə modelinin aşınmasına və ailələrin cəmiyyətdəki sosial statusunun zəifləməsinə səbəb olur. Bu isə ailəyə, ailədaxili münasibətlər sisteminə yeni baxış, mövcud müsbət ailə təcrübəsinin yeni formatda təqdim edilməsinə zəmin yaradır.

Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi yeniliklər və təhlükələrlə üz-üzədir. Milli və mənəvi dəyərlərimizi qurban verməməliyik. Yad təsirlər sevgini, hörməti, etibarı, ümumi mənafeni qısqanclığa, ikiüzlülüyə, xəyanətə, eqoizmə çevirir. Sədaqət, ədalət, məhəbbət və mərhəmət hissləri azaldıqca, insanların bir yerdə sakit, sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da problemə çevrilir.

Bu isə boşanmaların sayının artmasına, ailə daxilində məişət və gender əsaslı zorakılığın artmasına, təkvalideynli ailələrin artmasına və digər ağır fəsadlara gətirib çıxarır. Bütün bunların fonunda Azərbaycanda da ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin tənzimlənməsi, daha da inkişaf etdirilməsi, qorunub saxlanılması gündəmdə dayanan əsas məsələlərdəndir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 121 yoluxma-QEYDƏ ALINDI…

Read Next

Toğrul Piriyev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru-TƏYİN OLUNDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir