“Yalama qəhrəmanları, Murad Gəray Tlexas və başqa istiqlal şəhidlərimizin xatirəsi əbədiləşdirilsin”-FAZİL MUSTAFANIN PARTİYASI 28 APREL İŞĞALI İLƏ BAĞLI BƏYANAT YAYDI

Millət vəkili Fazil Mustafanın sədrlik etdiyi Böyük Quruluş Partiyası (BQP) Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsinin 100-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Etikxeber.az bəyanatı olduğu kimi təqdim edir:

“Aprelin 27-də bolşevik Rusiyası tərəfindən Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi yolu ilə ölkəmizin işğal edilməsinin 100-cü ildönümü tamam olur. 1920-ci ilin aprel ayının 27-də baş verən qanlı işğal günü ölkəmizin tarixində ən faciəvi və ən kədərli günlərindən biri kimi qalmaqdadır.1918-ci il may ayının 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni məhdud imkanlar çərçivəsində şərəflə yerinə yetirdi. Azərbaycanın ilk demokratik Parlamenti və hökümətləri, dövlət idarə orqanları təşkil edildi, ölkənin sərhədləri müəyyən edildi, bayrağı, himni, gerbi yaradıldı və türk dili dövlət dili elan edildi.

Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, təhsilin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu və s. Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərdi. Xalq Cümhuriyyəti rəhbərlərinin fəaliyyəti sayəsində dünya birliyi Azərbaycanı beynəlxalq hüququn tam hüquqlu subyekti kimi tanınmışdı. 100 il bundan əvvəl, 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə bolşevik Rusiyası beynəlxalq hüquq normalarırını ayaqlar altına alaraq, 100 min nəfərlik təpədən-dırnağa silahlanmış XI Qırmızı Ordunun silahlı birləşmələri ilə Azərbaycanın sərhəddini pozaraq, beynəlxalq birliyin suveren hüquqlu üzvü olan Azərbaycanın ərazisini işğal etdi və qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi.

Beləliklə, xalqımızın çoxəsrlik arzuları və çoxsaylı qurbanları bahasına qazandığı müstəqilliyinə son qoyuldu, müstəqil dövlətin bütün atributları ləğv olundu və Azərbaycanın ərazisi qanlı bolşevik ideologiyasına dayanan sovet imperiyasına birləşdirildi. Azərbaycan xalqı bu işğala qarşı uzun müddət müqavimət göstərmişdir. Hələ aprel ayının 26-da Azərbaycan ordusunun 300-ə yaxın əsgəri Yalama stansiyası yaxınlarında sərhədlərimizi pozaraq irəliləyən XI Qırmızı Ordunun zirehli qataraının qarşısını kəsərək düşmənə silahlı müqavimət göstərmiş və qeyri-bərabər döyüşdə bu adsız qəhrəmanlarımızın hamısı şəhid olmuşdur. Qırmızı terrorun ilk qurbanı Bakının general-qubernatoru Murad Gəray Tlexas başqalarına ibrət olsun deyə qəfəsin içində Bakının küçələrini gəzdirilərək qondarma hərbi bolşevik trubunalının qərarı ilə güllənlənmişdir.

Ardınca muzdlu qatillər tərəfindən milli hökumətin baş nazirləri olmuş Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev və başqa yüzlərlə dəyərli soydaşımız qətlə yetirilmişdir. Bolşeviklərə qarşı Gəncədə, Zaqatalada Şəkidə Naxçıvanda və digər bölgələrdə 150-ə yaxın baş vermiş üsyanlar da bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmamış və müstəqillik uğrunda mübarizəsini davam etdirmişdir. Sənədlərdən məlum olur ki, təkcə, 1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu. Sonrakı illərdə də xalqımıza qarşı zorakılıqlar davam etdirildi. Azərbaycan ziyalılarının ən layiqli nümayəndələri- demokratik düşüncəyə sahib elm, ədəbiyyat, incəsənət xadimləri həbsə atıldı, sürgünlərə göndərildi, edamlara məhkum edildi. Bütöv bir xalqa qarşı zaman-zaman ağır repressiyalar törədildi.

1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqilliyinə qovuşanda, yenidən 27 aprel hüznünü 28 may sevinci ilə əvəz edə bildik və müstəqil dövlətimizin adını və bayrağını təkrar ucaltmağa nail olduq. Bu gün əbədi və dönməz hesab etdiyimiz müstəqilliyin dəyərini məhz yüz il öncə baş vermiş işğal nəticəsində itirdirdiklərimiz üzərindən daha dərindən idrak edə bilirik. Böyük Quruluş Partiyası ölkəmizə qarşı törədilən işğal hadisəsinin yaddaşlarda yaşadılması, milli faciədən ibrət götürülməsi, istiqlalımızın qorunmasına sayıqlığın artırılması baxımından aprel ayının 27-ni süquta uğradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasında baş vermiş hər bir hadisənin öz adı ilə adlandırılması və tarixə obyektiv yanaşmanın təmin edilməsi baxımından əhəmiyyətli hesab edir.

Böyük Quruluş Partiyası bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövlətinin müvafiq qurumlarını istiqlalımız üçün son damla qanına qədər döyüşərək şəhid olmuş Yalama qəhrəmanlarının, Murad Gəray Tlexas və başqa istiqlal şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün zəruri addımları atmağa, eləcə də müstəqilliyimizin simvolu olan, mühacirətdə Azərbaycan Milli Davasını şərəf və ləyaqətlə yürüdən böyük şəhidimiz Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində son illərdə yaşadığı mənzildə ev muzeyinin yaradılması istiqamətində təcili tədbirlər görməyə çağırır”.

Etikxeber.az

Read Previous

“Beşiktaş” Edvin Qiasini transfer-EDƏCƏK…

Read Next

Milli Məclisin Gənclər və idman komitəsi-FUAD MURADOV, ÜLVİ QULİYEV, ŞAHİN İSMAYILOV, KOMİTƏYƏ SƏDR QAYIDAN VİTSE-SPİKER ADİL ƏLİYEV VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir