Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Çox təəssüflər olsun ki, Ermənistanın baş naziri Nikol Paşinyan populist siyasətçilər cərgəsində, sırasındadır. Populizm isə ilk növbədə məsuliyyətdən qaçmaq və məsuliyyəti heç bir halda çiyinləri üzərinə götürməməkdir. Sadəcə, hansısa populist fikirləri cəmiyyətə, xalqa çatdırmaq və bunun ətrafında reytinqini yüksəltməkdir. Biz də Paşinyanın timsalında məhz bunun birbaşa şahidi oluruq və bu populist siyasət, öz xalqını aldatmaq, boş, reallıqdan uzaq olan vədlər vermək indi onu rəqs etməyə,atılıb-düşməyə vadar edir.
Bunu Etikxeber.az-a özəl açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov qeyd edib, Paşinyanın populistliyi onu həm də bir siyasətçi kimi oturub-düşünüb, xalqın taleyini fikirləşməkdən qaçmağa məcbur edir.
Onun sözlərinə görə, Paşinyan özü üçün yalnız bir məqsəd, hədəf seçib, o da Azərbaycanı mümkün qədər provakasiyaya çəkməkdir.
“Çünki Paşinyan çox gözəl başa düşür ki, Dağlıq Qarabağ məsələsi elə bir böyük məsuliyyətdir, elə bir ağır yükdür ki, onun kimi cılız siyasətçilər bu problemi öz çiyinlərində daşıya bilməyəcək, o problem öz ağırlığı ilə onları tapdalayıb keçəcək.
Ona görə o məsuliyyəti boynundan atmaq üçün provakasiya yolunu seçib. Özü də provakasiya yolunu hiyləgər formada seçib. Bildiyiniz kimi, bir neçə müddət bundan əvvəl sərhəddə, təmas xəttində təxribat xarakterli atışmalar baş verdi, atəşkəs pozuldu, biz bir neçə əsgərimizi-zabitimizi şəhid verdik.
Ondan sonra Azərbaycan xalqının hissləri ilə oynamaq, rəqs etmək, oxumaq, hoppanıb-düşmək, daha sonra hansısa bəyanatlar verib, dərhal da həmin bəyanatlardan qaçmaq, onlardan imtina etmək yolunu tutdu.
Çünki Paşinyan özü də çox yaxşı başa düşür ki, bu bəyanatlar tamamilə ciddi siyasət və ciddi siyasətçi üçün qəbul olunmaz bəyanatlardır.
Burada məqsəd yalnız bir dənədir-Azərbaycanı provakasiyalara çəkmək, təxribatlara sürükləmək, Azərbaycanı hansısa ciddi addımlar astmağa sövq etmək və bununla da dünyaya yenə özlərini məzlum, zavallı xalq kimi göstərmək, “görün, baxın bizi qırırlar-çatırlar, bizi sıxırlar, biz təzyiq altındayıq” mesajlarını çatdırmaqdır.
Onun məqsədi, niyyəti budur. Budur onun düşündüyü, fikirləşdiyi, qurduğu tələ. Bu, tələdir və mən bir neçə dəfə də bunu demişəm.
Bu, gücsüzlüyün əlamətidir. Çünki arxasında real güc dayandığını hesab edən siyasətçi dərhal danışıqlara-özü də ciddi danışıqlara başlayar. Biz də o danışıqları substantiv danışıqlar adlandırırıq və bu danışıqların nəticəsində xalqı üçün hansısa bir müsbət nəticə əldə etməyə çalışar.
Ancaq Paşinyanın niyyəti, məqsədi danışıqlar formatından qaçaraq, bu formatı kənara qoyaraq, danışıqları pozmaq xəttini gündəmə gətirərək, əks tərəfi hansısa bir addıma sövq etmək, qıcıqlandırmaq, onun hissləri ilə oynamaq, sərhədlərdə provakasiyalar törətmək və bununla da “mən məsuliyyət daşımıram, məsuliyyəti başqaları -əks tərəf daşıyır” mesajını dünyaya çatdırmaqdır. Bu da güclü yox, zəif, bəsit siyasətçilərin işidir…”-deyə, S. Seyidov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az