YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyilə yaranmayıb – Əli Əhmədov

“YAP Azərbaycanda yeganə partiyadır ki, xalqın istəyi ilə yaranıb. Bu partiyadan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.

Etikxeber.az məlumat verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiyanın yaranmasının 24 illiyi münasibəti ilə Binəqədi rayon təşkilatında keçirilən tədbirdə bildirib.

YAP rəsmisi qeyd edib ki, buna səbəb ötən əsrin 90-cı illərinin əvvəlində xalqın düşdüyü bəladan çıxış yolu axtarması, tez-tez dəyişən iqtidardan nizamlı bir quruluşa keçid etmək cəhdi olub:

“Xalqa xilaskar lazım idi və bu da ulu öndər Heydər Əliyev idi. Xalqa onu irəliyə apara biləcək siyasi təşkilat lazım idi ki, bu da ulu öndərin yaratdığı YAP oldu. Burada şəxsiyyət amili də əsas rol oynayırdı. Məhz bu partiyanın yaranması üçün xalq Heydər Əliyevə müraciət etdi. YAP yarandığı dövrdə xalqın ona göstərdiyi etimadı doğrulda bildi. 92-93-cü illərdəki vəziyyəti bugünkü yüksəklikdən baxıb təsəvvür etmək çətindir. O dövrdə hərc-mərcliyə son qoyulacağını, iqtisadiyyatda baş verən tənəzzülün qarşısını alıb islahatlara başlamağı, ermənilərin işğalının qarşısını alacağını, ayrı-ayrı silahlı dəstələrin fəaliyyətinə son qoyulacağını xalq məhz Heydər Əliyevin şəxsiyyəti ətrafında görürdü və seçimini də düz etdi. Xalq öz gücünü Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdirərək Azərbaycanın o zaman düşdüyü çətinlikdən çıxarmağı düzgün yol hesab edirdi”.

Ə. Əhmədov bildirib ki, YAP-ı güclü partiyaya xalqın gücü və Heydər Əliyevin böyük şəxsiyyəti çevirib:

“YAP yeganə partiya idi ki, yaranandan 6 ay sonra onun rəhbəri hakimiyyətə gəldi. Bu, xalqın istəyi idi. Məhz buna görə bir daha deyirəm ki, Azərbaycanda YAP-dan başqa heç bir siyasi təşkilat xalqın istəyi ilə yaranmayıb”.

Ə.Əhmədov vurğulayıb ki, YAP Azərbaycanın tarixində bu günə qədər heç bir siyasi təşkilata müyəssər olmamış yüksəkliyə, ictimai nüfuza sahibdir:

“YAP-ın üzvlərinin sayı bir neçə aydan sonra 700 minə çatacaq. Azərbaycan tarixində heç zaman, hətta bir partiyalılıq dövründə belə, bu sayda üzvü özündə birləşdirən siyasi təşkilat olmayıb. Güman edirəm ki, YAP-ın keçdiyi yol şərəfli bir tarix olduğu kimi, onun bundan sonrakı taleyi də kifayət qədər uğurlu olacaq. Bütövlükdə YAP-ı uğurlu bir taleyi olan siyasi təşkilat hesab edirəm. Çünki dediyim kimi, YAP təsis olunmasından 6 ay keçdikdən sonra onun yaradıcısı ümummilli lider Heydər Əliyev Azərbaycan Prezidenti olub. YAP 24 ildir iqtidardadır. İnanıram ki, malik olduğumuz ictimai nüfuz, həyata keçirilən strateji islahatlar, Azərbaycanın uğurlu inkişafı bundan sonra uzun illər YAP-ın iqtidar statusunun saxlanması üçün çox ciddi bir etibar, əsas olacaq”.

Etikxeber.az

Read Previous

Çovdarovun məhkəməsində ittiham aktı oxundu

Read Next

Baş nazirin müavini: “İslahatların yeni mərhələsi başlanıb…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir