YAP hökuməti hərəkətə keçməyə çağırdı – YENİLƏNİB – (3)

Ziyad Səmədzadə: Vergi Məcəlləsinə ciddi dəyişikliklər gözlənilir 

Parlamentin yaz sessiyasının mayın 31-də keçirilən son plenar iclasında “2017- ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

1488451229_ziyad-s-str-7-8

O, qeyd edib ki, Milli Məclis (MM) dövlət büdcəsinə və bütövlükdə büdcə zərfinə daxil olan qanunların icrasına nəzarət edən bir qurumdur:

“Parlament hər zaman mütəmadi olaraq dövlət büdcəsinin icrası ilə bağlı məsələləri müzakirələrə çıxarır. Bu gün  dünyada qlobal risklər artır, konfliktlərin sayı azalmaq əvəzinə, çoxalır. Amma bunların müqabilində Azərbaycan dinamik və sürətli inkişaf yolu ilə irəliləyir. 2017- ci ildə dövlət büdcəsinin icrası zamanı kəsir müşahidə olunub. Ancaq bu da obyektiv səbəblərlə bağlıdır.Yəni kəsir də fiziki şəxslərin gəlir vergilərindən yaranıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlərin həcmində azalma var”.

Z.Səmədzadə həmçinin qeyd edib ki, bir sıra müəssisələrin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı araşdırımalar aparılmalıdır: “Bilinməlidir ki, bu azad olunmalar iqtisadi artıma necə təsir edib. Onların obyektiv qiymətləndirilməsini aparmalıyıq. Çünki yalnız bundan sonra Milli Məclis hökumət qarşısında müəyyən problemlərin həlli ilə bağlı məsələ qaldıra bilər”.

Komitə sədri onu da diqqətə çatdırıb ki, Vergilər Nazirliyi Vergi Məcəlləsinə müəyyən ciddi dəyişikliklərin olunması ilə bağlı təkliflər hazırlayıb:

“Hesab edirəm ki, bu dəyişikliklər də dövlət büdcəsinin maliyyə təminatının güclənməsinə öz töhvəsini verəcək”.

O, çıxışında ölkədə sosialyönümlü siyasət həyata keçirildiyini xatırladıb və bildirib ki, bu istiqamətdə nəzərdə tutulan bütün layihələrin icrasına nail olunub.

“Bu sahədə heç bir dayandırılma olmayıb. Bununla yanaşı, hesab edirəm ki, təhsil xərclərinin strukturunda dəyişikliklər aparılmalıdır. Yəni, texniki peşə təhsilinin inkişafı üçün büdcədən daha çox vəsat ayrılmalıdır”.

Z.Səmədzadə xarici borclanma ilə də bağlı ciddi narahatçılığa ehtiyac olmadığını sözlərinə əlavə edib.

***

meclis-5

Deputat hökumətin bank siyasətindən narazıdır

Millət vəkili Vahid Əhmədov müzakirələr zamanı  banklardakı problemi yenidən gündəmə gətirib.

O, çıxışında qeyd edib ki, büdcənin icrasına nəzarət yetirdikdə görürük ki, Ümumi Daxili Məhsulda (ÜDM) 0,1 faiz artıma nail olunub:

VAHİD-2

“ Ancaq artımın əsaslı olmamasının səbəbi bankların kredit qoyuluşlarının azalması ilə bağlıdır. Bu gün Azərbaycanda 30 bank var.  Onlardan yalnız 4-5 bank iqtisadiyyatda kapitallaşma həyata keçirir.  Qalan banklar isə kapitallaşma həyata keçirmir.   Ona görə də bankların sağlamlaşdırılması prosesinə start verməliyik ki, ÜDM-nin həcmində artıma nail olaq. Yalnız Beynəlxalq Bankın dövlət büdcəsinin hesabına sağlamlaşdırılması həyata keçirildi.  Bunun üçün 10 milyarda yaxın  pul sərf olundu.  Bu, digər banklara da şamil olunmalıdır. Həmçinin dövlət büdcəsində vergi güzəştlərindən azad olunma məsələsi var.  Hesab edirəm ki, dövlət büdcəsində vergi güzəştlərinin məbləği açıq göstərilməlidir”.

Deputat Əli Məsimli çıxışında bankların sağlamlaşdırılmasını vacib hesab edib.

O, qeyd edib ki, bunun üçün onların real iqtisadiyyata yaxınlaşdırılmasını təmin etmək lazımdır:

“Əslində bununla ölkədə qeyri-neft sektorunun inkişafına, ondan gələn gəlirlərin artırılmasına nail olmaq mümkündür. Yoxsa banklarla bağlı problem elə öz yerində qalacaq”.

***

YAP-çı deputat hökuməti hərəkətə keçməyə çağırdı

Deputat Siyavuş Novruzov hökumətin apardığı siyasətin vətəndaşlara anlaşılan şəkildə  çatdırılmasının vacibliyini dilə gətirib.

Millət vəkili  qeyd edib ki, prezident seçkilərindən sonra ölkədə ciddi struktur və kadr islahatları həyata keçirildi:

“Bəzi  yeni qurumlar yarandı, bəziləri ləğv olundu. Ancaq hələ də onların düzgün, anlaşılan izahı yoxdur. Düzdür,  struktur dəyişikləri prezidentin səlahiyyətinə aid məsələdir, dövlət başçısı bu qədər böyük işlərə imza atıb. Amma onların izahatı  normal şəkildə verilmir. Xüsusilə də bu siyasətlə  bağlı sosial şəbəkələrdə müzakirələr gedir. Bunların izahatı verilməlidir ki, həqiqətdir, böhtandır, yoxsa nədir? Əgər böhtandırsa, həmin şəxslərin cəzası verilməlidir”.

Deputat həmçinin çıxışında Azərbaycanda kredit faizlərinin yüksək olmasından narazılığını qeyd edib. Onun sözlərinə görə, vətəndaşlarımız bu səbəblə yeni işləri aça bilmirlər. Beləliklə də, dövlət büdcəsinə vergilərin həcmi azalır. İndi biz bilmək istərdik ki, 2018- ci ildə bu yüksək kredit faizləri ilə bağlı  hansı işlər görülür?”.

***

Fəzail İbrahimli: 10 ildir  utandığımdan seçicilərimlə görüşə bilmirəm 

Millət vəkili Fazil Mustafa deyib ki, fiziki şəxslər tərəfindən  vergilərin kəsirlə icra edilməsi sahibkarın vəziyyəti ilə bağlıdır.

O, bildirib ki, bu problemin həlli üçün sahibkara dəstək edilməlidir, yalnız bundan sonra istənilən səviyyədə vergi toplana bilər.

Millət vəkili qeyd edib ki, bütün bunlar olmayanda sahibkarların vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur:

“Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə islahatlar vətəndaşı nəzərə alınaraq edilməlidir. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşı fonda ödəniş etməkdə maraq yaratmır. Tikinti materiallarının qiyməti 100 fazi qalxdı. Bu isə o deməkdir, sahibkarın fəaliyyətinə təsir edəcək. Onun eyni zamanda tikdiyi binanın keyfiyyəti aşağı düşəcək. Biz sahibkarlar üçün stimullaşdırıcı addımlar atmalıyıq. Məsələn, tələbələr universitetdə ilin sonunda imtahan verirlər. Sahibkarlara da öz fəaliyyətini canlandırmaq üçün stimulllaşdırıcı addımlar nəzərdə tutulmalıdır ki onlardan nəsə tələb olunsun. Heç nə edilmədyi halda onlardan təlabat yüksəkdir”.

Deputat Tahir Kərimli çalışanların iş saatının çoxluğuna etiraz edib:

“İnsanlar nə vaxta qədər səkkiz saat əvəzinə 12-14 saat işlədiləcək? On minlərlə insan kənddən şəhərə işləməyə gəlir. Hamısının da əməyi istismar edilir. Hətta Cümhuriyyət bayramı günü özüm şahidi oldum ki, fəhlələr tikintidə işlədilir”.

Deputat Qənirə Paşayeva 2017- ci ildə Tovuzda başa çatdırılmayan layihələrin icrasına diqqət yönəldib.

Həmçinin bildirib ki, müəllim olan, lakin əlillik dərəcəsi  daşıyan insanlarla bağlı problem hələ də mövcud olaraq qalmaqdadır:

“Müəllimliyi bitirdiyinə görə təbii ki, müəllim işləməlidir. Amma onların problemləri yerində sayır. Ona görə də bu məsələnin həlli yönündə Təhsil Nazirliyi ilə birgə müzakirələr keçirilsin”.

Deputat Fəzail İbrahimli öz növbəsində hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, “gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çıxarıb:

“Dünyanı biz qazla təmin edirik . Məsələn, seçildiyim Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır.  Hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir ki, iki küçə qazsız qalıb.  Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı nəhayət ki qazla təmin etmək lazımdır. Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”.

***

samir_sarifov_03

Samir Şərifov iclası yarımçıq tərk etdi 

Bu yerdə qeyd edək ki, maliyyə naziri Samir Şərifov iclası yarımçıq tərk edib.

Belə ki,deputatların qaldırdığı suallara nazir S. Şərifovun cavab verəcəyi gözlənilirdi.

Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib.

Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.

A.Bayramov qeyd edib ki, deputatlar tərəfindən elmdə, təhsil sahələrində büdcənin tam icra edilməməsi ilə bağlı narahatlıqlar bildirildi:

“Ancaq bildirim ki, büdcənin yüz faiz icra olunması da praktik cəhətdən mümkün deyil. Burada müəyyən vakansiyalar, dəyişikliklər olur. Ona görə də təhsillə, elmlə bağlı icranın 93-94 faiz yerinə yetirilməsi normaldır. Müəyyən təkliflər isə 2018- ci ilin büdcəsinə nəzərdə tutulan dəyişiklikdə nəzərə alınacaq”.

Müzakirələrə qatılan vergilər naziri Mikayıl Cabbarov qeyd edib ki,  ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib:

“2018-ci ildə əsas hədəfimiz qanunvercilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir. Mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz. Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlığın artırılmasını təminedən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızadakı əsas çağırışlar dövriyyələrin azaldılması, 2018-ci ilin əvvəlinə böyük həcmdə artıq ödəmələrin mövcudluğu, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.

Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

O zaman nədən düşmən olaraq addımbaşı xristianı, yəhudini və ya buddisti göstəririk? – DEPUTAT

Read Next

“Niyə insanlar normal tərcümeyi- hallarını korlayaraq əlil olmaq istəyirlər?” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir