YAP-ın 27 illiyi təntənəli şəkildə – QEYD OLUNUR – YENİLƏNİB – (2)

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranma, təsis günüdür.

Etikxeber.az-ın xəbərinə görə,  bu gün YAP-ın yaranmasından 27 il keçir.

Qeyd edək ki, YAP dövlət başçısı, mahir siyasət ustası mərhum Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 1992-ci ilin noyabr ayın 21-də Naxçıvan Muxtar Respublikasında-Naxçıvan şəhərində təsis edilib.

YAP-ın təsis edilməsində o zaman ölkənin tanınmış simalarının, “91-lər”in H. Əliyevə  məşhur müraciəti də böyük rol oynayıb.

YAP yaranandan cəmi bir neçə ay, 1993-cü ilin məlum iyin hadisələrindən sonra hakimiyyətə gəlib və 26 ildir ki, hakim partiya funksiyasını yerinə yetirir.

Hazırda YAP üzvlərinin sayı 700 mini keçib.

Partiyanın sədri ölkə Prezidenti İlham Əliyevdir.

Həmçinin, qeyd edək ki, bu gün saat 12:00-da  YAP-ın qərargahında pariyanın yaradılmasının 27 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Mərasimdə YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri,  hakim partiyadan olan millət vəkilləri və digərləri iştirak edəcəklər.

***

YAP-ın qərargahında partiyanın 27 illiyi ilə bağlı təntənəli mərasim başlayıb.

***

“Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Partiyanın yaranması və fəaliyyəti kifayət qədər uğurlu olub”. 

Bunu YAP sədrinin müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Ə. Əhmədov xatırladıb ki, YAP yarandıqdan təxminən 6 ay sonra onun lideri Heydər Əliyev Azərbaycanın Prezidenti seçilib: “Beləliklə də YAP Azərbaycanın iqtidar partiyasına çevrildi. 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir. Azərbaycanın müasir dünyanın ən uğurlu və sürətlə inkişaf edən dövlətinə çevrilməsinə böyük töhfələr verib. Bu illər ərzində YAP-ın özü də kifayət qədər qüdrətlənib, sıraları genişlənib”.  Ə. Əhmədov bildirib ki, indi YAP ümumxalq partiyası statusunu ləyaqətlə daşımaqdadır: “Onun sıralarında 750 minə qədər Azərbaycan vətəndaşı var”.  Baş Nazirin müavini inandığını bildirib ki, YAP iqtidarının ömrü Azərbaycanın siyasi həyatında kifayət qədər uzun olacaq: “Azərbaycan vətəndaşları YAP iqtidarının faydalarını bundan sonra da görəcəklər”.

***

YAP-ın yaranma tarixindən bəhs edən  YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı partiyanın yaranma tarixi, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar.

Partiyanın qarşısında duran vəzifələrdən söz açan M. İbrahimqızı onu da qeyd edib ki, ermənipərəst qüvvələrlə əməkdaşlıq edən bir qrup küyə düşmüş müxalif qüvvələrdən gənclərimizi qorumalıyıq.

Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.

Etikxeber.az 

 

Read Previous

“YAP ÜZVÜ OLMAQ ŞƏRƏFDİR, ÇÜNKİ…” – YAP-çı deputat

Read Next

“Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub…” – DİN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir