YAP-ın “Gəncə dördlüyü”-NÖVBƏTİ BİRGƏ GÖRÜŞÜNÜ KEÇİRDİ -FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Gəncənin 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə namizədlikləri irəli sürülmüş Naqif Həmzəyevin, Pərvin Kərimzadənin, Musa Quliyevin və Müşfiq Cəfərovun seçicilərlə görüşləri uğurlu şəkildə davam edir.

Etikxeber.az-ın xəbərinə görə, növbəti birgə görüşü giriş sözü ilə açan hakim partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Naqif Həmzəyev fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qaldığını bildirib.

Deputatlığa namizəd qeyd edib ki, ölkəmizdə seçki qanunvericiliyinin daim təkmilləşdirilməsi, dünyada qəbul edilmiş modelə uyğun seçkinin keçirilməsi çağdaş dövrün tələbi olmaqla yanaşı, həm də Azərbaycanda demokratik mühitin formalaşmasına işarədir. Seçkilərin məsuliyyət, aşkarlıq, şəffaflıq, obyektivlik meyarları əsasında keçirilməsi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb.

Naqif Həmzəyev seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.

YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyev çıxışında Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığını və bu amilin ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldildiyini, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl mühüm addımların atıldığını diqqətə çatdırıb.

Gəncə Tibb Kollecinin direktoru, YAP Mərkəzi Seçki Qərargahının Gəncə şöbəsinin Təbliğat qrupunun üzvü Mehman Rzayev çıxışında hakim partiyanın Gəncədən olan 4 namizədin fəaliyyəti haqqında ətraflı məlumat verib.

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Pərvin Kərimzadə YAP-ın 9 fevralda keçiriləcək növbəti parlament seçkilərinə də böyük qələbə əzmi ilə qatıldığından, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün şəhər və rayon təşkilatları da bu məsul kampaniyada çox fəal iştirak etdiyindən danışıb.

39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov YAP-ın ötən illər ərzində keçirilən prezident, parlament, bələdiyyə seçkilərində qalibi olması hakim partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı yüksək mövqeyi, şəffaf, obyektiv şəkildə apardığı seçki kampaniyasının nəticəsində reallaşdığını vurğulayıb.

Gülər İsmayılova, Üzeyir Balakişiyev, Vüsalə Hüseynova və digər seçicilər çıxış edərək, bildiriblər ki, seçkilərdə xeyli sayda siyasi partiya təmsilçilərinin iştirak etməsinə baxmayaraq, hər zaman olduğu kimi, bu dəfə də seçkilərin favoriti YAP olacaq.

Etikxeber.az

Read Previous

Prezidentdən 100 yaşlı Universitetlə bağlı-SƏRƏNCAM

Read Next

“Bu gün Azərbaycan heç bir ölkədən asılı deyil…” -SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir