YAP-ın təşəbbüsü, kadr dəyişiklikləri, TANAP VƏ YA HƏFTƏNİN 3 ÖNƏMLİ HADİSƏSİ – BAXIŞ

Xalqımız, dövlətimiz, cəmiyyətimiz son günlər yenə tarixi anlar, tarixi hadisələr yaşayır. Uğurlarımızın, zəfərlərimizin üzərinə növbəti uğurlar, zəfərlər gəlir. Belə ki, Azərbaycanın uğurlu neft strategiyası, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi siyasəti nəticəsində dünən daha bir uğura imza atıldı. Bölgənin, Avropanın, ümumilikdə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinin əsas aktorlarından birinə çevrilən ölkəmiz Türkiyə ilə qardaşlığımızın, dostluğumuzun, həmrəyliyimizin birgə məhsulu olan TANAP-ın Avropa ilə birləşən hissəsini işə saldı, bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində yüksək səviyyəli və təntənəli açılış mərasimi reallaşdırıldı. Dörd il bundan əvvəl  iki qardaş ölkənin iştirakı ilə birlikdə təməli qoyulan TANAP Avropa sərhədinə çatdı. Bu, tarixi və çox şərəfli bir hadisədir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, əslində TANAP-a aparan yol 2012-ci ildən  başlansa da, tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı:

“Tarixi İstanbul anlaşması isə  məhz  Türkiyə və  Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdu. Belə ki, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci ilin dekabrında, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş isə  2012-ci ilin  iyununda İstanbulda imzalanmışdı. Eyni zamanda, məlum saziş hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənmişdi.

Bununla yanaşı, layihə üzrə yekun investisiya qərarı 2013-cü ildə qəbul edilmiş, 2015-ci ildə isə  Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılmışdı. Onu da qeyd edim ki, Cənub Qaz Dəhlizinin (CDQ) əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq.

Həmçinin, qeyd edim ki, TANAP Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru kəməridir. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir.

Bir daha qeyd etmək istərdim ki, TANAP CDQ-nin bir hissəsidir.  Ötən il  təntənəli açılış mərasimi keçirilən CDQ də öz növbəsində nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü – “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, dünən isə TANAP tam istifadəyə verildi. Dördüncü layihə olan TAP-ın icrası  da artıq 90 faizi keçib və heç şübhəsiz ki, TAP da vaxtında istismara veriləcək. 

Açılış mərasimində də Azərbaycan Prezidenti cənab İlham Əliyevin  bəyan etdiyi kimi, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcək. 

Eyni zamanda, bundan sonra  iki qardaş və dost ölkənin birgə həyata keçirəcəyi  bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq. Buna kimsənin şübhəsi olmasın. Bu günə kimi belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi hələ çox xarüqələr yaradacaq”.

Millət vəkili bildirib ki, başa çatan həftənin ən önəmli hadisələrindən biri isə yarandığı gündən Azərbaycan dövlətinin və dövlətçiliyinin inkişafında böyük və əvəzedilməz xidmətləri olmuş, bu gün də öz xidmətlərini, töhfələrini verən  Yeni Azərbaycan Partiyasının (YAP), onun əsas seçkili orqanı olan Siyasi Şuranın irəli sürdüyü və hakim partiyanı parlamentdə təmsil edən millət vəkillərinin dəstəklədiyi təşəbbüsdür.

“Bildiyiniz kimi, son günlərin əsas hadisələrindən birinə çevrilən, ölkədə həyata keçirilən islahatlar prosesinə daha çevik və daha fəal dəstək verilməsini nəzərdə tutan təşəbbüs-yeni parlament seçkilərinin keçirilməsi təşəbbüsü hər kəs tərəfindən müsbət qarşılanan və təqdiredilən bir təşəbbüsdür. Bu günə kimi öz fəaliyyəti ilə hər zaman Azərbaycan dövləti və dövlətçliyinin, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin yanında olan, ona dəstək verən ali qanunverici orqanın-Milli Məclisin  dövrün və zamanın tələblərinə uyğun olaraq yeni ruhda, yeni tərkibdə fəaliyyətinə ehtiyac var. Ölkədəki yenilik, dəyişiklik ruhu, ab-havası parlamentdə daha çox hiss olunmalıdır.

Bu baxımdan, hesab edirəm və inanıram ki, belə də olacaq, yeni ruhlu, dəyişikliklər, yeniliklər ah-havasına tam cavab verən 6-cı cağırış parlament islahatlar prosesinin daha tez və daha sürətli şəkildə hədəflərinə çatmasında öz rolunu oynayacaq, öz töhfəsini verəcək. Eyni zamanda, ölkəmizin demokratik imicinin artırılmasında, dünyadakı yerinin, nüfuzunun möhkmələndirilməsində öz sözünü deyəcək”-deyən millət vəkili həmçinin bildirib ki,  həftənin ən önəmli hadisələrindən biri  də son 26 ildə həyata keçirilən, geridönməz xarakter daşıyan kadr və struktur dəyişikliklərinin növbəti mərhələsinin yaşanması idi.

“Ölkə Prezidentinin imzaladığı müvafiq sərəncamlarla bir neçə kadr dəyişikliyi, yeni kadr təyinatları və struktur dəyişiklikləri edildi. İstər vəzifəsindən gedən, istərsə də yenidən etimada layiq görülən, yeni təyinat alan insanlar hər biri Azərbaycan dövlətinin inkişafında xidmətlərə malik olmuş insanlardır. Hər biri öz işinin əsl peşəkarı, peşəkar kadrlardır.

Təbii ki, kadr məsələləri birbaşa ölkə Prezidentinin müstəsna səlahiyyətidir və  müzakirə edilə bilməz. Cənab Prezident kiminlə istəyər işləyər, kiminlə  istəməz işləməz, bu, onun hüququ, səlahiyyətidir.  Ancaq bununla  belə,  hesab edirəm ki, yeni kadr təyinatları, kadr və strukrur dəyişiklikləri Azərbaycan dövlətinin inkişafına, tərəqqisinə öz töhfəsini verəcək, etimada layiq görülən insanlar bu dəfə də onlara göstərilən etimadı tam doğruldacaqlar”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Şura seçkilərə gedəcək, yoxsa yenə – BOYKOT YOLUNU TUTACAQ? – BƏYANAT

Read Next

MM-in xüsusi iclası – YENİ SEÇKİLƏRLƏ BAĞLI MÜRACİƏT QƏBUL OLUNACAQ – BU GÜN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir