“YAP-ın yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir: Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşandı…”-ELDAR İBRAHİMOV

Sabah, 21 noyabr 2020-ci il tarixində hakim Yeni Azərbaycan Partiyasının təsis edilməsinin-yaranmasının 28 ili taman olur.

Etikxeber.az hakim partiyanın tanınmış simalarından və məşhur “91-lər”-dən olan professor, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvü, Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini Eldar İbrahimovun “Yeni Azərbaycan Partiyası ötən 28 ildə” adlı yazısını-məruzəsini təqdim edir:

Çox hörmətli Əli müəllim!

Hörmətli siyasi həmfikirlər!

Əvvəla Sizin hər birinizi, Yeni Azərbaycan Partiyasının bütün üzvlərini şanlı tariximizin ən parlaq səhifəsi olan YAP-ın yaradılmasının 28-ci ildönümü münasibətilə təbrik edirəm, günü-gündən qüdrətlənən doğma Azərbaycanımızın daha yüksək zirvələr fəth etməsi naminə hər birinizə uğurlar arzu edirəm.

Bildiyiniz kimi Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır.

YAP sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə daxil olmuşdur. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı.

Bu gün ilk dəfə biz YAP-ın ildönümünü torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyünün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtik ki, bu fərəhli anları yaşayırıq. Bu şanlı tarixi yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın sədri qəhrəman İlham Əliyev cənablarına borcluyuq və ona dərin təşəkkürümüzü bildiririk.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının  yaranması və təşəkkül tapması  milli tariximizdə görkəmli yer tutan Ulu öndər Heydər Əliyevin  şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası  elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri  ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə belə əl atırdılar.

Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanması istiqamətində aparılan işlərin daha geniş vüsət alması və həyata keçirilməsinin zəruriliyi Heydər Əliyevin ətrafında birləşən böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsi ilə Ulu öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”,  – deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi:

“Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində  aparılan ictimai rəy  sörğularının nəticələrinə və bizim təşkilat komitəsinə  daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq  belə bir  qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına  bu gün rəhbərlik etməyə  qadir olan yeganə mütləq lider  Siz ola bilərsiniz və yalnız  bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan xalq  kütləsini  öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud  olan boşluğu  dolduracaq,  dövlət  quruculuğu işlərində  öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız  Heydər Əliyevin ətrafında birləşərək  dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir.”

Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan cavab verdi. Heydər Əliyev “91-lər”in müraciətinə cavabında  Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Onun ölkədəki ictimai-siyasi vəziyyəti hərtərəfli əks etdirən və AXC-Müsavat hakimiyyətinin əsl  mahiyyətini açıb göstərən cavab məktubu Azərbaycanda böyük əks-səda doğurdu. Heydər Əliyevin bu cavabından  o dövrkü iqtidar təşvişə düşdü və oktyabrın 24-də Naxçıvanda  dövlət çevrilişinə cəhd göstərildi. Belə bir vaxtda Heydər Əliyevi sevən insanlar ayağa qalxıb,  hamı bir nəfər kimi onu müdafiə etdi. O dövrkü hadisələr barədə Heydər Əliyev belə demişdir:

“Biz Naxçıvanda ağır şəraitdə  yaşadığımız zaman –  bəziləri bunu da bizə çox gördülər, – Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi  Daxili İşlər Nazirliyini  zəbt etdi. Onların bəzi nümayəndələri  televiziya ilə xalqa müraciət edib  bizi devirmək çağırışları ilə şıxış  etdilər.  Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi.”

Bütün təzyiqlərə baxmayaraq,  tez bir zamanda ölkənin hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. Əfsuslar olsun ki, həmin dövrdə Bakıda  Yeni Azərbaycan Partiyasının  təsis konfransını keçirmək mümkün olmadı. Çünki, AXC-Müsavat hakimiyyəti  Heydər Əliyevin rəhbərliyi ilə yaradılacaq partiyadan qorxur və onun təsis olunmasına çox böyük maneələr törədirdi. Buna görə də partiyanın təsis konfransı  1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi.

Konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən artıq nümayəndəsi iştirak  edirdi. Tədbir şaxtalı bir gündə Naxçıvan Dram Teatrının binasında keçirildi. 4 saat davam edən konfransda partiyanın  Proqram və Nizamnaməsi qəbul olundu və Heydər Əlirza oğlu Əliyev  partiyanın sədri seçildi. Yeni yaranmış partiyanın proqramında bu siyasi qurumun əsas məqsədləri barədə belə deyilirdi:

“Yeni Azərbaycan Partiyası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı hüquqi demokratik dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq  şəxsiyyətin hüquq və azadlıqlarının  hərtərəfli inkişafı və etibarlı müdafiəsini təmin etmək məqsədilə geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış edən  parlament tipli siyasi partiyadır.”

Heydər Əliyev YAP-ın yarandığı dövrü belə xarakterizə edirdi:

“Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək  üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən  yaranmış bir partiyadır.”

Mövcud olduğu dövrdə YAP qəbul etdiyi Proqram və Nizamnaməyə uyğun olaraq dövlətçiliyimizin  və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Ötən 28 il ərzində Yeni Azərbaycan Partiyası sıralarında  siyasətçilərin yeni nəsli yetişmişdir. Bu nəslin ən parlaq nümayəndəsi, dərin fəlsəfi və milli  köklərə malik Heydər Əliyev siyasi məktəbinin  yetirməsi cənab İlham Əliyev öz çoxşaxəli fəaliyyəti sayəsində geniş xalq kütləsinin dərin rəğbətini qazanmışdır. 2000-ci il parlament seçkilərində İlham Əliyev YAP-ın seçki kampaniyasına uğurla rəhbərlik etdi və bu partiya parlamentdə yerlərin böyük əksəriyyətini qazandı. Partiyanın II qurultayının qətnaməsində bu barədə belə deyilirdi:

“Parlament seçkiləri kampaniyası gedişində yüz minlərlə seçici qarşısında İlham Əliyevin qətiyyətli, məntiqi, praqmatik çıxışları xalqa onu Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi daha yaxından tanıtmışdır.”

Partiyanın II qurultayında İlham Əliyev partiya sədrinin I müavini seçildi. 2003-cü il prezident seçkiləri ərəfəsində isə Ulu öndər Heydər Əliyev xalqa müraciətində cənab İlham Əliyevi  yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi  gördüyünü bildirmişdir:

“Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək  Azərbaycan dövlətinin inkişafı  və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki,  mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və  gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü il prezident seçkilərində Yeni Azərbaycan Partiyası çox mühüm bir siyasi qələbə qazandı. Bu seçkilərdə partiya Heydər Əliyev ideyalarına sarsılmaz sədaqət nümunəsi, ən başlıcası isə qələbəyə haqqı olduğunu bütün dünyaya nümayiş etdirdi. Partiyanın namizədi cənab İlham Əliyev ölkə başçısı seçildi. 

2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin  dövlətçilik irsinə  sədaqət andı içərək demişdir:

“Azərbaycanı qüdrətli dövlətə  çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına   söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan  dönməyəcəyəm.”

Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin  ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı  səhifələri yazılır. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ prezident seçilməmişdən əvvəl  də Ulu öndərimizin  müəllifi olduğu yeni neft strategiyasının  həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı  nümayəndə heyətinin rəhbəri  kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin inkişafına, Azərbaycan idmanının yüksəlişinə  verdiyi  töhfələrlə sübuta yetirmişdir. 

Əlbəttə, bu uğurlar heç də asan əldə olunmamış, çox böyük səylər və uzaqgörən siyasət nəticəsində qazanılmışdır. Belə ki, AXC-Müsavat cütlüyünün ölkəyə rəhbərlik etdiyi qısa müddət ərzində respublikamızı siyasi, iqtisadi və sosial baxımdan çox acınacaqlı vəziyyətə qoymuşdu. Bu barədə 2005-ci ildə keçirilən partiyamızın III qurultayında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev belə demişdi:

“Yeni Azərbaycan Partiyası 1992-ci ildə çətin şəraitdə …. müxalifət partiyası kimi  yaranmışdır. Ancaq indiki bəzi müxalifət nümayəndələrindən fərqli olaraq, Yeni Azərbaycan Partiyası müxalifətdə olan dövrdə  heç vaxt Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli maraqlarına müxalifətdə olmamışdır. O vaxtkı iqtidara müxalifətdə olmuşdur və təkcə biz yox, bütün Azərbaycan xalqı o vaxtkı iqtidara müxalifətdə idi.  Çünki onların yarıtmaz fəaliyyəti nəticəsində ölkədə anarxiya, hərc-mərclik, total böharn hökm sürürdü. Demək olar ki, ölkəni uçurum kənarına gətirib çıxarmışdılar. Ölkədə gedən proseslər Azərbaycanın gələcəyini sual altında qoymuşdu və ölkə parçalanma ərəfəsində idi. Azərbaycan xalqının müdrikliyi və xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, cəsarəti nəticəsində ölkəmiz o çətin şəraitdən şərəflə çıxdı, Azərbaycan özünü bütün təhlükələrdən qoruya bildi.”

Bunun nəticəsidir ki, ötən illər ərzində partiyanın keçdiyi şərəfli yol, bu gün sağlam  qüvvələrin partiyaya axını belə deməyə əsas verir ki, Heydər Əliyev ideyalarından güc alan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə, xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyadır. Partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin təbirincə desək:

“Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır.”

Biz fəxr edirik ki, Ümummilli liderimizin dediyi bu fikir öz təsdiqini real həyatda əyani surətdə tapır.

Bu günlərdə Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının parlaq zəkalı lideri, ölkəmizin Prezidenti və Ali Baş Komandanı İlham Əliyev cənablarının möhtəşəm rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun Qarabağın 30 ildən çox müddətdə mənfur qonşumuz Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi buna sübutdur.

30 ildən çox idi ki, Azərbaycan xalqı bu günü gözləyirdi və həmin gün gəldi.

Bu şanlı qələbəni bizə bəxş edən isə partiyamızın lideri cənab İlham Əliyevdir. Məhz buna görə bütün Azərbaycan xalqı kimi, partiyamızın üzvləri də böyük fəxrlə deyirik:

Zəfər bayramınız mübarək, cənab Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!”

17:13, 20 noyabr

Etikxeber.az

Read Previous

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov 84 yaşında-VƏFAT ETDİ

Read Next

Ölkə ərazisində həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində-XİDMƏTLƏR DAYANDIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir