YAP niyə yarandı, kimlər Bakıda təsis konfransına imkan vermədi? – ELDAR İBRAHİMOV AYDINLIQ GƏTİRDİ

27 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası  ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub. Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmayıb.

Etikxeber.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının ilk təşəbbüsçülərindən və məşhur “91-lər”dən olan millət vəkili, professor Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə – 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi. Ancaq onlar kifayət qədər sosial bazaya malik deyildirlər, aralarında konstruktiv münasibət yox idi.

“Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin.

Ölkə ziyalıları xalqın düçar olduğu bəlalardan qurtuluşunu Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. İctimai-siyasi həyatda xaos və anarxiyadan cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvini tələb edir, bu məqsədlə respublikanın müxtəlif bölgələrində mitinqlər keçirirdilər. Bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikmişdilər.

Hamı Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıdışını arzulayırdı. Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri, ziyalılar və sadə əmək adamları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın yaradılmasını günün tələbi hesab edirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, – deyə müraciət etdi.

Bu tarixi müraciətdə ölkədəki ağır siyasi, sosial-iqtisadi, mənəvi durumun getdikcə dərinləşməsi, təbii sərvətlərin talan edilməsi və digər həyati məsələlər ziyalı yanğısı ilə önə çəkilir, vəziyyətdən xilas üçün xalqın Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu ifadə olunurdu. Ölkənin gələcəyini düşünən insanlar yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri Heydər Əliyevin bu məsələdə məsuliyyəti Öz üzərinə götürməsini istəyirdilər.

Bu müraciət “Səs” qəzetində dərc edildikdən sonra bütün Azərbaycan xalqı böyük ümidlə öz böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi. Ulu Öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşərək yaranmış vəziyyəti təhlil etdi, AXC-”Müsavat” hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi.

Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr – müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir.

Heydər Əliyevin ətrafında sağlam qüvvələrin birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə İdarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib Muxtar Respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Lakin Heydər Əliyevi sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi Onu müdafiə etdi.

Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən çox adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi dəstə Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı.

Bu hadisə əsl dövlət çevrilişinə cəhd idi. Lakin xalq öz böyük oğlunu qorudu. Sonralar, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Ulu Öndərə qarşı silahlı müxalifət tərəfindən belə uğursuz cəhdlər olacaqdı. Ancaq xalq yenə də öz müdrik rəhbəri ilə birlikdə olduğunu nümayiş etdirəcəkdi.

Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu Öndərin o zamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.

O dövrkü iqtidar – AXC-”Müsavat” hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi.

Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı:

“Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq… Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”…”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

E. İbrahimov həmçinin deyib ki, ötən 27 il ərzində YAP parlament tipli partiya kimi ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hüquqi bazasının yaradılması işinə öz layiqli töhfəsini verib:

“Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasının tərkib hissəsinə çevrilib. YAP bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi güc kimi qavranılır. Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır…”.

Etikxeber.az

Read Previous

Sofiyada növbəti erməni təxribatının qarşısı alındı: “ARTSAX” YOXDUR…”

Read Next

Nazirlər Kabineti ali təhsil üzrə Dövlət Proqramının İdarəetmə Qrupunun vəzifələrini müəyyənləşdirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir