YAP Siyasi Şurası və İdarə Heyətinin növbəti iclası-NAMİZƏDLƏRİN ELANI NƏ VAXT OLACAQ?

Ölkə, Azərbaycan cəmiyyəti  yeni parlament seçkilərinə hazırlaşır.

5-ci çağırış Milli Məclisin (MM) iki gün sonra, dekabrın 2-də keçiriləcək xüsusi iclasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının, hakim partiyanı və müstəqilləri (bitərəfləri) təmsil edən edən millət vəkillərinin ali qanunverici orqanın buraxılması və yeni-növbədənkənar 6-cı çağırış parlament seçkilərinin keçirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevə müraciəti müzakirə olunacaq.

Uzun çəkməyəcək müzakirələrin sonunda isə MM adından ölkə Prezidentinə müraciət qəbul ediləcək.

Müraciətə baxılması və nəzərə alınması, yeni seçkilərin elan olunması da çox güman ki, çox çəkməyəcək.

Bütün hallarda dekabr ayında yeni seçkilərin keçirilməsi ilə bağlı Sərəncam imzalanacaq.

Sərəncamın imzalanmasından iki gün sonra isə 60 günlük seçki prosesinə rəsmən start verilmiş olacaq.

Seçkilər də fevral ayından o yana keçməyəcək, çünki qanunvericilik buna imkan vermir.

60 günün 39 günü ərzində də müxtəlif kəsimlərdən namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi gerçəkləşəcək.

Namizədlərin müəyyənləşdirilməsi öz növbəsində seçkilərin ən önəmli mərhələsini təşkil edəcək, bütün diqqətlər namizədlərin müəyyənləşdirilməsinə və kimliyinə yönələcək.

Diqqətlər, nəzərlər xüsusilə və yenə də hakim partiya olaraq YAP-a, onun namizədlərinin müəyyənləşdirilməsinə və kimliyinə fokuslanacaq.

Ən maraqlı məqam isə hazırda YAP-ı parlamentdə təmsil edən 68 millət vəkilindən kimlərə yenidən etimad göstərilməsi məsələsi olacaq.

İlkin, lakin dəqiq olmayan məlumatlara görə, yaşlı, orta yaşlı, cavan və gənc olmasından asılı olmayaraq, 68 millət vəkilindən təxminən 30-38-i kənarda qalacaq.  Ancaq qeyd etdiyimiz kimi bunlar ilkin və tam dəqiq olmayan məlumatlardır.

Seçkilər (səsvermə günü) fevral ayında olacağı təqdirdə də, YAP-çı namizədlərin müəyyənləşdirilməsi və elan olunması  dekabrın  sonları,  ən gec halda yanvarın əvvəllərinə təsadüf edəcək.

Qeyd edək ki, sonuncu seçkilərdə də namizədlərini ən gec elan edən partiya məhz YAP olmuşdu.

Namizədlərlə bağlı son qərar isə YAP-ın  seçkili orqanı Siyasi Şurada və baş orqan (20 nəfərdən ibarət) İdarə Heyətində veriləcək.

İdarə Heyəti qərar verdikdən sonra YAP elə həmin gün namizədlərini elan edəcək.

Yenə də qeyd edirik ki, dekabrda seçkilərlə bağlı Sərəncamın imzalanacağı və müvafiq qanunvericiliklə seçkilərə strat veriləcəyi təqdirdə, bunlar baş verəcək…

Etikxeber.az

 

 

Read Previous

Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək – MSK SƏDRİ

Read Next

“İnsanlar son addımlarla bağlı prezidentə dəstəklərini ifadə edirdi…” – DEPUTAT NÖVBƏTİ GÖRÜŞ-QƏBULUNU KEÇİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir